Korrupsiyada təqsirli bilinən ermənipərəst ABŞ senatoru Robert Menendes ABŞ prezidenti Co Baydendən əfv istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.
Məlumatda qeyd olunur ki, Menendez uzunmüddətli həbs cəzasından azad olmaq variantlarını nəzərdən keçirir, onlardan biri də ABŞ prezidentinə müraciətdir.
Ermənipərəst mövqeyi ilə tanınan amerikalı senator avqustun 16-da müstəqil namizəd kimi seçkilərdə iştirakdan imtina etdiyini və bununla da siyasi karyerasına son qoyduğunu bəyan edib.
Bundan əvvəl, iyulun 23-də o, ABŞ Konqresinin yuxarı palatasında senator vəzifəsindən istefa verib. İyulun 16-da Nyu-York məhkəməsi Menendesi rüşvətxorluq, qəsb, fırıldaqçılıq və xarici agent fəaliyyəti göstərmək də daxil olmaqla, 16 korrupsiya faktında təqsirli bilib.
Hökm oktyabrın 29-na təyin edilib.
Menendez 20 ildən artıqdır ki, Konqresdə ən fəal ermənipərəst lobbiçilərdən biridir. Ötən il sentyabrın 23-də o, yuxarıda qeyd olunan ittihamlarla əlaqədar Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib.
Rəsmiyyə Şərifova
KONKRET.az