2019-cu il Nikol Paşinyanın rəhbərlik etdiyi “məxməri inqilab”ın qələbəsindən sonra onun Baş nazir kimi ölkə başçısı vəzifəsində ilk ili oldu. Ümumiyyətlə, il sarsıntılarsız keçdi: hakimiyyət strukturlarında “köhnələrin yenilərlə əvəz edilməsi prosesi” ölkədə daxili siyasi sabitlik şəraitində baş tutdu. KONKRET.az bu ölkədə baş verənlərin xronologoyasını qısa şərhlərlə oxucuların diqqətinə çatdırır:
Paşinyanın “maksimalist” siyasi proqramı
Ermənistanın gələn 30 illik siyasi kursu və inkişaf hədəfləri barədə Baş nazir Nikol Paşinyan avqustun 5-də Stepanakertdə (Xankəndidə) 7-ci Ümumerməni Yay İdman Oyunlarının açılış mərasimində çıxışı zamanı bəyan edib.
Bir çoxları Paşinyanın bu, 2050-ci ilə qədər müddətdə həyata keçiriləcəyi nəzərdə tutulan “meqa-proqramı”nı maksimalist hesab edirlər.
Ermənistan Baş nazirinin sözlərinə görə, bu müddət ərzində Ermənistan əhalisinin sayı 5 milyona çatmalı, 1,5 milyon iş yerləri yaradılmalı, 2,5 milyon işsizlərin məşğuliyyət problemi həll olunmalı və ölkədə yoxsulluq problemi ləğv edilməlidir.
Bundan başqa ÜDM həcmi 15 dəfə artırılması, 10 milyard dollardan yuxarı dəyərində və 10 min startup-ın fəaliyyət göstərdiyi ən azı 5 texnoloji şirkət yaradılması, ölkədə orta əmək haqqı 7 qat artırılması və Ermənistan ordusunun döyüş qabiliyyəti indeksinə görə dünya ölkələri arasında birinci iyirmiliyə daxil olması nəzərdə tutulur.
Yeni Hökumət strukturu
Dövlət sisteminin səmərəliliyi və idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə yeni Ermənistan Hökumətinin optimallaşdırılması qərarı qəbul edilib.
Ermənistan parlamenti səs üstünlüyü ilə hökumət strukturunun dəyişməsi haqqında qanun layihəsini qəbul edib. Qanuna görə, 5 nazirlik ixtisar edilərək nazirliklərin sayı 12-yə çatdırılır, baş nazirin birinci müavini vəzifəsi ləğv edilir və Hökumət kabinetində iki nazir müavini vəzifəsi saxlanır.
İxtisar olunan nazirliklərin funksiyası isə digər nazirliklərə həvalə edildi.
Serj Sarkisyana qarşı cinayət işi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan dekabrın 4-də Xüsusi İstintaq Xidmətinə dəvət olunub və ondan ölkəni tərk etməmək iltizamı alınıb. Serj Sarkisyan dövlət vəsaitlərinin xüsusilə böyük məbləğdə mənimsəmək və ya israf etmək maddələri ilə ittiham olunur.
İstintaq Xidmətinin məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə yerli fermerlərin dizel yanacağı ilə tədarük edilməsi tenderinə müdaxilə edib və büdcədən təxminən 1 milyon dollar məbləğində pul mənimsənilməsinə yol verib.
Məlumatda deyilir ki, tenderdə iştirak edən rəqiblərindən daha pis təkliflərinə baxmayaraq, Serj Sarkisyan Flash şirkətinin qalib kimi tanınmasını tapşırıb.
Şirkətin sahibi Barseğ Beqlaryana qarşı da eyni maddə üzrə ittiham irəli sürülüb.
Keçmiş prezidentin rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası Serj Sarkisyana qarşı cinayət işinin uydurma və absurd olduğunu bildirib və bunu qərəzli siyasi təqib adlandırır.
Serj Sarkisyan müstəqil Ermənistan Respublikası tarixində cinayət məsuliyyətinə cəlb edilən ikinci keçmiş dövlət başçısıdır.
2018-ci ildə Ermənistanın ikinci prezidenti Robert Koçəryan 1 mart 2008-ci il iğtişaşları ilə bağlı ölkədə konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunub. Sentyabrın 16-da Ermənistan Baş naziri Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefa vermək haqqında ərizə yazdığını bildirdikdən iki gün sonra Ermənistan polis rəhbərinin də vəzifəsindən azad edildiyini deyib.
Hər iki güc strukturunun rəhbəri “məxməri” inqilabın qələbəsindən sonra təyin edilib və iki ay bundan əvvəl hər ikisinə general-mayor rütbəsi verilib. Polis rəisinin istefasının səbəbləri haqda bir neçə ehtimal var. Yerli mətbuata və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Valeri Osipyanın istefasına onun Amulsar qızıl mədəninə gedən yolu bağlayan etirazçıları dağıtmaqdan imtina etməsi səbəb olub.
Ətraf mühiti müdafiə edən fəallar və mədənə yaxın yaşayan sakinlər mədənin istismarı nəticəsində ətraf mühit və yeraltı suların zəhərlənməsini iddia edib və ora gedən yolu bağlayıblar. Baş nazir Paşinyan bir neçə dəfə yolu açmağı xahiş edib. O deyib ki, mədən ərazisindəki tikinti işləri 2020-ci ilin aprelindən tez bərpa olunmayacaq və vəd edib ki, hər hansı pozuntular baş verərsə, mədən qapadıla bilər. Lakin mədənə gedən yol bu günədək bağlı saxlanılır.
Valeri Osipyan öz istefasını şərh etməyib.
Artur Vanetsyanın istefasının konkret səbəbləri də açıqlanmayıb.
Baş nazir Paşinyan deyib ki, “bu, ictimai şəkildə müzakirə oluna biləcək vəzifə deyil”.
Bəzi ehtimallara görə, MTX rəhbəri Artur Vanetsyanın vəzifədən azad edilməsinin səbəbləri onunla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryan arasında telefon danışığının dinlənilməsi ilə bağlı qalmaqal, Paşinyanın korrupsiya işlərinin açılması tempindən narazı olduğu haqda bəyanatı ilə bağlı ola bilər.
ABŞ Konqresi tərəfindən “erməni soyqırımının” tanınması
Ötən il tarixdə ilk dəfə ABŞ Konqresinin hər iki palatası “Osmanlı imperiyasında erməni soyqırımı” haqqında qətnamə qəbul etdi.
Sənəd oktyabrın 30-da Nümayəndələr Palatası tərəfindən təqdir edilib, dekabrın 12-də isə ABŞ Senatı yekdilliklə sənədin lehinə səs verib. Türkiyə hakimiyyəti qətnamənin heç bir hüquqi əsası olmadığını və Ankara ilə Vaşinqton arasında münasibətlərin korlanmasına yönəldiyini bildirir. “Bu qətnamələr tarixin yaddaşında bəzi ABŞ konqresi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz hərəkətləri kimi qalacaq”, – öz Tvitter hesabında Türkiyə Prezident Administrasiyasının rəsmisi Fahrettin Altun yazıb.
Rəsmi Ankara ABŞ Konqresinin qərarı ilə bağlı sərt cavab tədbirləri vəd edib. Ermənistan Baş naziri Nikol Paşinyan erməni soyqırımının tanınması haqqında qətnamənin qəbul olunmasını tarixi hadisə adlandırıb. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan isə Senatın qətnaməsini qəbul etməsini “ədalətə, həqiqətə, erməni soyqırımının tanınmasına gedən yolda həlledici addım” adlandırıb.
“Bu, qurbanların xatirəsinə və onların şərəfinə verilmiş bir töhfədir. Biz senatorlar Robert Menendez-ə, Ted Cruz-a və bütün ABŞ Senatının üzvlərinə minnətdarlığımızı bildiririk”, – Mnatsakanyan deyib.
Bu arada Trump hökuməti 1915 hadisələrini “soyqırım” adlandırmış ABŞ Konqresinin qərarı ilə razılaşmadığını, ABŞ Prezidenti Donald Trump-ın “böyük qırğın” qiymətləndirməsinin hələ də etibarlı olduğunu bildirib.
Konstitusiya Məhkəməsi böhranı
Ermənistan parlamentinin “Mənim addımım” iqtidar fraksiyası Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən azad etmək niyyətindədir.
Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan “məxməri” inqilabdan sonra hakimiyyətdə qalan keçmiş hakim Ermənistan Respublikaçılar Partiyasının son yüksək vəzifəli nümayədəsidir.
O, keçmiş hakimiyyət dövründə deputat olub və Serj Sarkisyanın məhdudiyyətsiz müddətə ölkə başçısı vəzifəsində qalmasını təmin etmək üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsində böyük rol oynayıb.
“Məxməri” inqilabdan sonra hakimiyyətə gələn siyasi qüvvə Hrayr Tovmasyanı keçmiş hakimiyyətlə əlaqələndirir və hazırkı reallıqda ədalətli, qanuni qərarlar verməyə qadir olmadığını düşünür.
Oktyabrın 4-də parlament səs çoxluğu ilə Tovmasyanın sədr səlahiyyətlərinə son qoyulması məsələsi üzrə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarı qəbul edib. Lakin Konstitusiya Məhkəməsi parlamentin vəsatətinə baxmaqdan imtina edib.
Bundan sonra Paşinyan hökuməti keçmiş hakimiyyət təmsilçilərindən başqa yolla azad olmaq təklifi irəli sürüb və parlament tərəfindən qəbul olunub.
Qanuna əsasən, 2020-ci il yanvarın 31-nə kimi könüllü şəkildə pensiyaya çıxmaq təklifini qəbul edən Konstitusiya Məhkəməsinin hakiminə hazırda aldığı əmək haqqı məbləğində ömürlük təqaüd verilir. Bu məqsədlə hökumət 630 milyon dram (təxminən 1,3 milyon dollar) ayırıb.
Konstitusiya Məhkəməsi hakimlərinin maaşı təxminən 1,2 milyon dram (2,5 min dollar) təşkil edir. Hazırda 9 hakimdən heç biri pensiya yaşı olam 70 yaşa çatmayıb və hələlik heç biri bu imkandan istifadə etmək niyyətində olduğunu bildirməyib.
Avrasiya İqtisadi Birliyin İrəvan sammiti
Oktyabrın 1-də Avrasiya İqtisadi Birliyində 2019-cu ildə sədrlik edən Ermənistan paytaxtı Yerevanda Avrasiya İqtisadi Birliyi Ali Şurasının (AİAŞ) iclası keçirilib.
İclasda Avrasiya İqtisadi Birliyinə üzv olan ölkə başçıları – Ermənistan Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooranbay Jeenbekov, Rusiya Prezidenti Vladimir Putin və Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Tiqran Sarkisyan iştirak ediblər.
Geniş tərkibdə AİAŞ iclasında, həmçinin Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu olan Moldova Respublikasının Prezidenti İqor Dodon və fəxri qonaq kimi dəvət olunmuş dövlət başçıları – İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Sinqapur Respublikasının Baş naziri Li Syan Lun iştirak ediblər.
İclas gündəliyində Birliyin ümumi maliyyə bazarının formalaşdırılması konsepsiyasının təsdiq edilməsi, 2020 il üçün AİB büdcəsi və nəqliyyat və energetika sahəsinə aid qanunvericilik üzrə qərarlara dair məsələlər olub.
Ali İqtisadi Şura üzvləri AİB cari fəaliyyətinə aid məsələləri, inteqrasiya prosesləri inkişafının perspektiv istiqamətləri, AİB vahid bazarının fəaliyyətinin təkmilləşdirilməsi və iqtisadiyyatın əsas sektorlarında əməkdaşlığın genişləndirilməsi yollarını, həmçinin üçüncü ölkə və birliklərlə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Avrasiya İqtisadi Birliyi və Sinqapur arasında azad ticarət zonası yaratmaq sazişi imzalanıb.
Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin canlanması
2019-cu ildə Ermənistan və Azərbaycan siyasi rəhbərləri arasında yüksək səviyyədə görüşlər keçirilməyə başlayıb.
Bir sıra qeyri-rəsmi görüşlərdən sonra martın 29-da ilk dəfə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Vyanada görüşüblər.
Ermənistan tərəfi bu görüş əsnasında iki ölkə liderlərinin atəşkəs rejiminin möhkəmləndirilməsi və birbaşa rabitə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımların zəruriliyini vurğuladıqlarını qeyd edir.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, iki ölkə liderləri “münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün münasib zəmin yaradılması məqsədilə bir sıra humanitar tədbirlərin keçirilməsinə dair razılıq əldə edildiyinin vacibliyini qeyd ediblər”.
Həmçinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin xüsusi fəallıq nümayiş etdirdiyi qeyd olunur.
2019-cu il ərzində Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov Vyana, Paris, Moskva, Vaşinqton, Nyu-York və Bratislavada görüşlər keçiriblər.
Nazirlərin son, Bratislava görüşündən sonra KİV-lər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun danışıqlar masasında “Lavrov planı” mövcud olduğu barədə bəyanatına diqqət yetirirlər.
Sözügedən plana görə, guya ilk mərhələdə Ermənistan silahlı qüvvələrinin nəzarət etdikləri 7 Azərbaycan rayonunun 5-dən (Laçın və Kəlbəcərdən başqa) çıxması və sülhməramlı qüvvələrin daxil olması nəzərdə tutulur.
Eyni zamanda rayon sakinlərinin yaşadıqları bölgələrə qaytarılması, kommunikasiyaların açılması və bundan sonra Qarabağın statusu üzrə, dəqiq tarixi göstərilmədən, referendum keçirilməsi nəzərdə tutulduğu bildirilir.
Akin Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan bu açıqlamaları təkzib edib və Bratislava görüşü zamanı heç bir konkret sənəd müzakirə edilmədiyini bildirib.
Məmurların səs-küylü cinayət işləri
Ötən il həm də çoxsaylı dövlət məmurlarının qeyri-qanuni hərəkətlərinin aşkar edilməsi ilə yadda qalacaq. Və get-gedə artmaqda olan bu siyahıya tək keçmiş iqtidar nümayəndələri deyil, “məxməri” inqilabdan sonra vəzifə sahibi olmuş Baş nazir Nikol Paşinyanın silahdaşlarının da adları düşüb.
Məsələn, “məxməri” inqilabın fəallarından biri David Sanasaryan hazırda müvəqqəti olaraq Dövlət Nəzarət Xidməti başçısı vəzifəsindən kənar edilib. O, Səhiyyə Nazirliyi müəssisələrindən biri üçün hemodializ aparatı alınması ilə bağlı xidməti səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. O, ittihamın böhtan olduğu və bunun məhkəmə zamanı təsdiqlənəcəyindən əmindir.
Keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Qaqik Xaçatryan səlahiyyətlərini aşmaqda və xüsusilə böyük məbləğdə vəsaitlərin israf edilməsi ittihamı ilə həbs olunub.
Sabiq parlament sədri Ara Babloyan dövlət hakimiyyətini qəsb etməkdə şübhəli qismində ölkədən kənara çıxmamaq haqqında iltizam verib. Parlament Aparatı rəisinin keçmiş müavini Arsen Babayan isə bu cinayətdə şərik olmaq və sənəd saxtalaşdırmaqda ittiham olunur.
Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryan xidməti saxtakarlıqda, xüsusilə böyük məbləğdə vəsait mənimsəməkdə və bir sıra başqa cinayətlər törətməkdə ittiham olunur. Onun barəsində axtarış elan edilib.
Sabiq baş prokuror və keçmiş iqtidar Respublikaçı Partiyası parlament fraksiyasının üzvü Gevorq Kostanyan 5 maddə üzrə ittiham olunur. Hazırda o, Rusiyaya sığınıb.
Xüsusilə böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunan sabiq hakim partiya fraksiyasının üzvü, sabiq Məhkəmə Qərarlarının İcbari İcraetmə Xidmətinin rəisi Mihran Poğosyan və xüsusilə ağır cinayət üzrə faktları saxtalaşdırmaqda ittiham olunan 2008-ci il 1 mart cinayət işi üzrə istintaq qrupunun rəhbəri Vahaqn Harutyunyan da Rusiyaya sığınıblar. Onların Ermənistana qaytarılması ilə bağlı Rusiya tərəfi ilə (hələ ki, uğursuz) danışıqlar aparılır.
Bu yaxınlarda “məxməri” inqilabdan sonra təyin olunmuş səhiyyə nazirinin müavini Arsen Davtyan və təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Gevorq Loretsyan rüşvətxorluqda ittiham olunublar.
Milli ədəbiyyat, tarix və mentalitet müdafiəsinə etiraz aksiyaları
Oktyabrın əvvəlindən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.
Əvvəlcə Yerevan Dövlət Universiteti və Pedaqoji Universiteti erməni filologiyası və tarix fakültələrinin bir qrup müəllim və tələbələri tətil elan edib, sonra isə daşnak gənclər birliyinin üzvləri nazirin istefası tələbi ilə kütləvi etiraz aksiyaları təşkil ediblər.
Buna nazirin erməni ədəbiyyatı, erməni tarixi və erməni kilsəsinin tarixi fənləri üzrə yeni tədris proqramına dair bəyanatı səbəb olub.
Nazir Harutyunyan hesab edir ki, Ermənistan ali məktəb proqramlarında erməni dili və erməni tarixi fənlərinin tədrisi, indiki kimi məcburi olmamalıdır. Proqramların həcmi üzrə hər fakültə özü qərara gəlməlidir.
Texniki və başqa qeyri-humanitar fakültələrdə isə bu fənlərin bir neçə semestr tədrisi, nazirin sözlərinə görə, vaxt itirməkdir. Nazir hesab edir ki, bu saatları ixtisasın daha dərindən öyrənilməsinə və təcrübə əldə edilməsinə sərf etmək olar.
Bundan başqa, ümumtəhsil məktəb proqramından “Erməni kilsəsinin tarixi” fənninin ləğv edilməsi nəzərdə tutulur.
Bu islahat planlarını baş nazir Paşinyan da dəstəkləyir.
Tələbələr və daşnak gənclər təşkilatı nümayəndələri mütəmadi olaraq Ermənistan Hökuməti və Təhsil Nazirliyi binaları önündə nazir Harutyunyanın istefası tələbi ilə oturaq tətil keçirirdi.
Onlar nazirliyin girəcəyini təcrid edir, polis əməkdaşlarının girişləri açmaq tələblərinə əməl etmirdi. Ara-sıra polis gəncləri güclə sıxışdıraraq çıxarmağa çalışırdı. Belə halların birində 24 etirazçı polis tərəfindən saxlanmışdı.
Dekabrın əvvəlində Baş nazir Paşinyan etirazçılarla görüşüb və Daşnaksutyun Partiyasının tələbi ilə nazir Harutyunyanı istefaya göndərmək niyyətində olmadığını deyib. Bundan sonra etiraz hərəkatı səngiməyə başlayıb.