Ermənistan “çəkisizliyə” düşüb – “Bizə niyə hörmət etmirlər” sualına cavabbackend

Ermənistan “çəkisizliyə” düşüb – “Bizə niyə hörmət etmirlər” sualına cavab

44 günlük Qarabağ savaşında aldığı yağlı və ağrılı şillə-təpikdən sonra Ermənistan hələ də özünə gələ bilmir. Emosiyalar isə bu bədbəxt ölkənin önündə gedənləri, yaxud önündə getmək iddiasında olanları yeganə doğru seçimi etməyə qoymur. Niyə?

Ona görə ki, həyəcan, emosiya, hiss-çılğınlıq siyasətdə əsla yaxşı məsləhətçilər sayılmır. Elə məişətdə, şəxsi həyatda da. Yalnızca soyuq məntiqin diktəsi, acı da olsa, gerçəyi olduğu kimi qəbullanmaq zərurəti. Qurtuluş üçün ayrı ağıllı köməkçi mövcud deyil.

Amma kimə deyirsən. On illər, hətta əsrlərdir beyni zəhərli ksenofobiya, toksik “ululuq”, “qədimlik” virusları ilə yoluxdurulan erməni toplumu kapitulyasiyadan sonra da normal inkişaf qanunları ilə yox, özünün anormal daxili qanunları ilə yaşayır, yenə öz aləmindədir, virtualdan qurtulub real həyata düşə, “çəkisizlik”dən çıxıb ayağını yerə basa bilmir.

Burada “çəkiszilik” həm də dəyər, çəki anlamında işlədilib…

“Danışıqlarda mövqelər, sizə hörmət qoyulması və sizə həmkar, tərəfdaş kimi baxılması – bunların hamısı sizə verilən dəyərdən asılıdır. Biz isə hazırkı alçaldılmış, zəifləmiş vəziyyətimizdə deyirik: bizə hörmət etmirsiniz. Sənə niyə hörmət edilməlidir?”

Bu sualı Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan dünən öz tərəfdarları ilə görüşdə verib və özü də cavablandırıb: “Hörməti, nüfuzu qaytarmağın yeganə yolu bölgədə güclü, inkişaf etmiş və mütəşəkkil dövlət olmaqdır. Güc yalnız tank sayına deyil, – hərçənd, bu da lazımdır – ilk növbədə modernləşmə səviyyəsinə, nə dərəcədə effektli dövlət olmağa, nə dərəcədə təşkilatlanmağa bağlıdır. Əgər Ermənistan regionun ən modern, ən müasir ölkəsi olmasa, “artsax” məsələsində uğur qazanmayacağıq”.

Məsələ də bax, elə bunda – Ermənistanın müasir, modern dövlətə çevrilməsindən gedir. Bəs necə, hansı yolla, hansı resurslarla?

Hara hərləsən, bu suala olumlu cavabın qayəsində Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq dayanacaq. Hər halda bu fitnəkar ölkə ötən 30 ildə qonşu İran, Gürcüstan və uzaq Rusiyanın sayəsində inkişaf tapa bilsəydi, tapardı və indiki acınacaqlı, Köçəryanın dili ilə desək, alçaldılmış duruma düşməzdi. Demək, xarici siyasət və inkişaf oriyentirlərini təcili Ankara və Bakıya doğru dəyişmək lazımdır – xoşa gəlsə də, gəlməsə də.

Ankara və Bakı ilə dostluq isə hələlik mümkün olmasa da, ən azı, normal qonşuluq münasibətləri qurula bilər. Bundan ötrü isə Türkə nifrəti, “artsax”-martsax və “soyqırımı” xülyalarını həmişəlik unutmaq gərəkdir. Yoxsa Xocalı canisinin dediyi kimi (bunu təkcə omu deyir?) Ermənistanı güclü, modern eləmək yalnız revanş üçün, yəni Azərbaycan torpaqlarını təzədən işğal eləmək, Şuşanı, Hadrutu geri “qaytarmaq” üçün, Türkiyəyə qarşı daha kəsərli maşa-vassal rolu oynamaq üçün lazım olacaqsa, o halda Ermənistan nəinki modern dövlət olmayacaq, ümumiyyətlə olmayacaq – dünyanın coğrafi xəritəsindən silinəcək. Çünki Azərbaycan və Türkiyə buna imkan verməyəcək. Necə ki, vermir!

Ən yaxşı halda elə kölə kimi, hazırkı rəzil və rüsvayçı durumda mövcudluqlarını davam etdirəcək ermənilər – içi Köçəryan qarışıq. Dalları ilə göyə çıxsalar da! Tayqulaq Andranikin nəvə-nəticələri bunu nə qədər tez başa düşüb qulaqlarında sırğa eləsələr, bir o qədər özləri üçün, lap elə qulaqlarının salamatlığı üçün yaxşı olar…

Zahid SƏFƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*