Ermənistan hazırlaşdığı yeni müharibədə çox güclü üstünlüyə malikdir – ƏTRAFLIbackend

Ermənistan hazırlaşdığı yeni müharibədə çox güclü üstünlüyə malikdir - ƏTRAFLI

KONKRET.az olaraq davamlı şəkildə ölkəmizdəki qlobal problemlərlə bağlı araşdırmalar aparırıq. Apardığımız araşdırmalar nəticəsində aşkarladığımız faktları təşviq etməklə yanaşı, həm də müvafiq qurumların diqqətinə çatdırırıq. Elə bu missiyamız çərçivəsində bir neçə gün əvvəl Kür çayının quruması barədə həyəcan təbili çalmışdıq. Və problemin həlli üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyini və AMEA-nın Coğrafiya İnstitutunu hərəkətə keçməyə çağırmışdıq. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başı “daha ciddi”  işlərə qatışdığı üçün çağırışımıza laqeyd qaldı. Amma Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov hərəkətə gəlib. “Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb” başlıqla yazı ilə dövri mətbuatda çıxış edib. Ramiz Məmmədov bildirib ki, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb. Nəticədə Kür çayında ciddi fəsadlar yaranıb. Çayın su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb.

Lakin hörmətli Ramiz müəllim təhlükəni bəyan etsə də, vəziyyətin düzəldilməsi üçün heç bir təklif irəli sürməyib.Bu da onu göstərir ki, səlahiyyətlilərimiz məsələyə xüsusi diqqət yetirmir. Amma vəziyyət olduqca təhlükəlidir. Bəri başdan qeyd edək ki, Kür çayının qurumasının bir sıra səbəbləri var. Çayın qurumasına Kürün mənbə ölkəsi Türkiyənin və tranzit ölkə olan Gürcüstanın da ciddi təsiri var. Belə ki, onların Kür suyundan normadan artıq istifadəsi və suyun çox hissəsinin anbarlara toplandığı ilə bağlı məlumatlar yer alır.

Oxşar hallar təkcə bizim regionlarda deyil, dünyanın başqa zonalarında da müşahidə olunur. Hətta bəzi yerlərdə ölkələr arasında qarşıdurmalar yaranmasınadək gətirib çıxarır. Belə çıxır ki, ölkələr qlobal su müharibələrinə hazırlaşırlar. Çünki yaxın müddətdə dünya üzrə çox ciddi quraqlığın baş verəcəyini və çox ciddi su probleminin yaranacağını həm qlobal elmi mərkəzlər, həm də beynəlxalq təşkilatlar etiraf ediblər.

  • Müxtəlif ölkələr buna hazırlıq işləri görür. Bizim vəziyyətimiz isə çox təhlükəlidir. Çünki su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Qafqazın ümumi su ehtiyatının çox cüzi hissəsi bizim payımıza düşür. Gürcüstan və Ermənistan əhali və ərazicə bizdən 2-3 dəfə az olmalarına baxmayaraq, su ehtiyatlarına görə bizdən 2-3 dəfə çox imkanlara malikdirlər. Qafqaz regionunda ən bol sulu ölkə Gürcüstandır. Gürcüstanın su ehtiyatları zəngindir. Bu ölkədə 26 minə qədər çay var. Onların ümumi həcmi 65,3 kub kolometrdir. Bunun 56,6 kub kilometri Gürcüstan ərazisində formalaşır. 9,3 kub kilometri isə tranzit kimi ölkə ərazisindən keçir. Burada 860 göl və su anbarları var. Elektrik enerjisinin istehsalı üçün 43 anbar tikilib. Yeraltı suların ehtiyatları 10 kub kilometrdən çoxdur. Azərbaycan isə regionun ən az təbii su ehtiyatlarına malik ölkədir. Ölkəmizdəki çayların su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə ölkə ərazisindən axır. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.

Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir. Azərbaycanda vur-tut 11 su anbarı var. Onun da təxminən yarısı Kür çayı üzərində bərqarar olub. Bir neçəsi isə Araz çayı üzərindədir. Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi var. Onların bütövlükdə ümumi uzunluğu 33 min 665 kilometr təşkil edir. Amma çayların 7550-sinin uzunluğu 5 kilometrdən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 kilometrə qədər, 735-nin uzunluğu isə 6 – 50 kilometr arasında dəyişir. Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır. Nəzərə alaq ki, Azərbaycanın arterial damarı olan Kürün əsas qolu Araz çayı sayılır. Araz isə mənbəyini Türkiyədən götürür və Ermənistan ərazisindən keçir. Və bu çay üzərində Ermənistan xeyli sayda su anbarı quraşdırıb. Təkcə işğaldan yenicə azad olunan Cəbrayıl və Zəngilan ərazisində ermənilər İranla birlikdə Araz çayı üzərində 3 su anbarı inşa etdirmişdi. Baxmayaraq ki, Ermənistanın çox böyük su ehtiyatları var. Ermənistanın səthi su ehtiyatları 7,7 kub kilometrdir. Onun da təxminən 1,2 kub kilometri tranzit sulardır. Yeraltı suların ehtiyatı isə 4 kub kilometrdir. Bulaq suları 1,6 kub kub kilometrdir. Ümumi həcmi 1 kub kilometr olan 74 su anbarı var.

Müqayisə üçün təkrar edirəm. Ermənistanda 74, Gürcüstanda 860  şirin sulu göl və su anbarı və  43 SES quraşdırılan su anbarı olduğu halda, Azərbaycanda cəmi 11 su anbarı var. Bu isə o deməkdir ki, bizdən fərqli olaraq qonşularımız qlobal iqlim dəyişikliyinə ciddi hazırlaşırlar.

Ölkələrində zəngin su ehtiyatı yaratmaqla həm Gürcüstan, həm də Ermənistan  Azərbaycanı yaxın gələcəkdə su məsələsinə görə özlərindən asılı salmaq fikrində olması danılmazdır. Ən yaxın illərdə hər iki qonşumuz əminəm ki, öz bəd niyyətlərini biruzə verəcəklər. Bəs gözlənilən təhlükəyə qarşı Azərbaycanda hansı hazırlıq işləri görülüb? Ümumiyyətlə, gözlənilən ekoloji müharibə təhlükəsi öz qiymətini alıbmı? Bu barədə növbəti yazıda.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*