Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İran Gömrük Xidmətinin rəhbəri Mehdi Mirəşrəfi ilə görüşüb. Görüşdə Mehridəki gömrük məntəqəsinin imkanlarının genişləndirilməsi müzakirə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, ”Tumanyan İran tərəfinə Mehridəki gömrük məntəqəsinin yenidən qurulması və modernləşdirilməsi proqramının həyata keçirilməsinə hazırlıq kursunu təqdim edib. Bundan sonra tərəflər bu sahədə zəruri məsələlərini nəzərdən keçiriblər”.
Xatırladaq ki, bu gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşən Zoquri ilə görüşüb. Görüşdə iki ölkənin çoxəsrlik dostluğunu və uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirən tərəflər Ermənistan və İran arasında səhiyyə sahəsində perspektiv əlaqələri müzakirə ediblər.