Ermənistan, İran və Hindistan yeni ticarət yolu açır – DETALLARbackend

Ermənistan, İran və Hindistan yeni ticarət yolu açır - DETALLAR

Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət marşrutunun işə salınmasını hədəfləyən üçtərəfli görüş keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Ermənistanın logistika şirkətlərindəki mənbələrinə istinadən yazıb.

Nəşr görüşün İranda baş tutacağını qeyd edib. Bildirilib ki, 3 ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, marşrut Körfəz ölkələri və Hindistandan Aİ (Avropa İttifaqı) və AİB (Avrasiya İqtisadi Birliyi) ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (istər avtomobil, istərsə də dəmir yolu ilə), oradan isə Gürcüstan, Bolqarıstan, Yunanıstan limanlarına və ya Rusiyaya (dəniz limanları və ya Yuxarı Lars keçid məntəqəsi vasitəsilə) çatdırıla bilər.

Nəşr vurğulayıb ki, Ermənistandan keçən marşrut öz mallarının tədarükünü diversifikasiya etmək istəyən İran və Hindistan üçün vacibdir. Dəniz logistikası hazırda mürəkkəbdir. İran və Ermənistandan keçən marşrut Hindistan və Körfəz ölkələrinə logistika xərclərini 25%, habelə daşıma müddətini demək olar ki, yarıbayarı (Süveyş kanalı vasitəsilə 40 gündən 18 günə qədər) azaltmağa imkan verəcək. Belə olan halda Ermənistan mühüm tranzit qovşağına çevriləcək. Beləliklə, İrəvan Qara dənizdəki Gürcüstan limanları vasitəsilə Hindistan və İranı Avropa ilə və əksinə, Aİ-ni Hindistanla birləşdirəcək. Ermənistandan keçən dəhlizin özü isə Hindistana Qara dəniz limanlarına, eləcə də daha qısa marşrutla AİB bazarına çıxış əldə etməyə imkan verəcək.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*