“Ermənistan Müdafiə Nazirliyi Haaqada göstərilən xəritəni dərc etmir”.
KONKRET.az xəbər verir ki, bu barədə Sputnik Armeniya yazıb.
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Qeqarkunik, Vayots Dzor və Sünik (Zəngəzur) bölgələrindəki “işğal”ın miqyasını açıqlamır, Haaqada göstərilən xəritəni də dərc etmir.
Sputnik Armeniya Müdafiə Nazirliyindən hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Qeqarkunik, Cermuk, İxşanasar və Nerkin And rayon və kəndləri ilə bağlı məlumatların təqdim edilməsini istəyib.
Müraciətdə Nerkin And (Zəngəzur) kəndi yaxınlığında 2700 hektar ərazinin zəbt olunması ilə bağlı sualın cavablandırılması xahişi də yer alıb.
Buna cavab olaraq Ermənistan Müdafiə Nazirliyi bəndin 1-ci hissəsinin 1-ci bəndinə istinad edərək bizə regionlar üzrə konkret məlumat verməkdən imtina etdi.
Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddiaya baxılarkən Ermənistan nümayəndələri Azərbaycan qoşunlarının “işğal etdiyi” əraziləri əks etdirən, əvvəllər ictimaiyyətə təqdim olunmayan xəritəni göstəriblər.
Daha geniş formatda xəritə təqdim etməyi xahiş etdikdə, Müdafiə Nazirliyi tematik xəritənin məhkəmədə göstərildiyini və onu məhkəmə iclasının canlı yayımlarından yükləməyi təklif etdi.
“Silahlı Qüvvələr tərəfindən istifadə edilən iri miqyaslı topoqrafik xəritələr məxfi hesab olunur”,-deyə idarədən “İnformasiya Azadlığı haqqında” Qanunun tələblərini əsas gətirərək sorğumuzu rədd etdilər.
Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyi bildirib ki, onlar miqyas ilə bağlı məlumat verə bilməzlər. Sonra heç bir məxfilikdən söhbət getmədi.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ümumilikdə 140 kv.km ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə nəşr yazıb.
Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan Müdafiə Nazirliyinin göstərdiyi xəritəni təqdim edirik. Xəritənin 1920-ci ilə aid olduğu deyilir.
Xuraman Etibarlı,
KONKRET.az