Ermənistan müxalifəti hakimiyyətin Rusiyaya qarşı şikayətlərinə cavab verib.
KONKRET.az xəbər verir ki, parlamentin “Ermənistan” müxalifət fraksiyasından olan deputat Artur Xaçatryan Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son bəyanatlarını şərh edib.
“Rusiya onilliklər ərzində Ermənistan qarşısında silah və hərbi texnikanın tədarükü ilə bağlı üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirib. Əgər indi yerinə yetirmirsə, bu, ilk növbədə Ermənistan hakimiyyətinin zəifliyini nümayiş etdirir”, – Xaçatryan deyib.
Qriqoryan ötən həftə jurnalistlərə müsahibəsində deyib ki, İrəvan Moskvadan sifariş edilən silahları almır. Onun sözlərinə görə, söhbət bir neçə müqavilədən gedir, “o cümlədən hələ də bağlanmayan yüz milyonlarla dollarlıq 2021-ci il müqaviləsi” də bura daxildir.
“Müqavilə öhdəlikləri yerinə yetirilmir. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələ yenisi yoxdur. Bu, əməlli-başlı böhrandır”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az