Son günlərdə Ermənistanın yenidən müharibəyə təhrik edildiyinə dair iddialar sürətlə yayılmaqdadır.
Ermənistanın Fransadan silah-sursat alması bu iddianı daha da gücləndirdi. Üstəlik, sözügedən hərbi texnikaların, xüsusilə də “Bastion” çoxfunksiyalı zirehli avtomobillərin artıq Gürcüstan vasitəsilə Ermənistana daşınması da xeyli müzakirə olundu. Onu da qeyd edək ki, 23 oktyabrda Fransa ilə Ermənistan arasında hərbi saziş də imzalandı və həmin satışlar da bunun əsasında həyata keçirildi.
Bununla yanaşı, İrəvan hakimiyyəti Hindistanla da 41,5 milyon dollara antidron sistemlərinin alınması üçün müqavilə imzalayıb. Həmçinin, ABŞ və Avropa İttifaqı tərəfindən də Ermənistana siyasi dəstək verildiyini görürük. Bütün bunların fonunda Qərbin Ermənistanı yeni müharibəyə hazırlaşırdığı iddia olunmağa başlayıb.
Bəs bu iddilar nə dərəcədə həqiqətə uyğundur? Ermənistan yeni müharibəyə hazırlaşır?
Türkiyəli təhlükəsizlik və terror məsələləri üzrə ekspert Abdullah Ağar KONKRET.az-a açıqlamasında bildirib ki, Ermənistanın təkbaşına Azərbaycanla müharibə etmək gücü və qabiliyyəti yoxdur:
“Buna baxmayaraq, Ermənistan yeni bir müharibəyə hazırlaşmağa cəhd edir. Amma bu müharibəni bir ittifaq çərçivəsində başlatmaq istəyir. Düşünürəm ki, rəsmi İrəvanın belə məqsədi ola bilər. Lakin Ermənistanın təkbaşına Azərbaycanın qarşısında dayanması mümkün deyil”.
Ekspert Ermənistanın silahlanması məsələsinə də toxunub:
“Ermənistanın istər Hindistan, istər Fransa, istərsə də başqa ölkədən silah almaq cəhdləri yeni deyil. İrəvan hakimiyyətinin daha əvvəl fərqli ölkələrdən silah aldığını görmüşük. Əslində bunu normal hesab etmək olar. Çünki İkinci Qarabağ müharibəsindən Azərbaycan Ordusu tərəfindən Ermənistanın arsenalındakı silahların, hərbi texnikaların böyük əksəriyyəti məhv edildi. Rəsmi İrəvan da başa düşür ki, hazırda əlində olan hərbi texnika ilə heç bir müharibəni qazana bilməz. Buna görə də yeni silahlar almağa məcburdurlar”.
Abdullah Ağar qeyd edib ki, Cənubi Qafqazdakı gərginlik hələ də başa çatmayıb:
“Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi sözlərə əməl etməyib. Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməmək üçün də silahlanmağa çalışır.
Üstəlik, bəzi ölkələrin Cənubi Qafqazla bağlı öz maraqları da var. Məsələn, Hindistanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi Azərbaycanla Pakistanın münasibətlərinin inkişaf etməsi kimi görünür. Amma əsas məsələ şimal-cənub dəhlizidir. Hindistan buna görə Ermənistana dəstək verir. Fransa və Avropa İttifaqının isə oralardakı erməni diasporunun təsiri ilə bu addımı atdığını hər kəs bilir”.
Elmir Kamal,
KONKRET.az