“Ermənistana baxanda insan özünü 90-cı illərin əvvəllərində görür” – Arşakyanbackend

“Ermənistana baxanda insan özünü 90-cı illərin əvvəllərində görür” – Arşakyan

“Bizim məmurlar sadəcə olaraq erməni diasporunun topladığı pulların böyük hissəsini talayıblar. Bir neçə il əvvəl Ermənistan cəmiyyətində “Ermənistan-“Artsax”-Diaspora” üçlüyünün tarixə çevrildiyi barədə həyəcan təbili çalınmağa başlandı. Təəssüf ki, bunda həm keçmiş, həm də indiki hakimiyyət nümayəndələrinin əli var idi. Və bu gün Ermənistanla diaspor arasında uçurumun genişlənməsi faktı açıq şəkildə qeyd edilir. Məsələn, Böyük Kilikiya Evinin Patriarxı Birinci Aram bundan rahatlıqla danışır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Birinci Aram diasporun artıq tükənmə mərhələsində olduğundan danışıb və təcili olaraq yenidən təşkil edilməsinə ehtiyac duyulduğunu erməni cəmiyyətinin diqqətinə çatdırıb. Patriarx bildirib ki, erməni diasporu xüsusilə 44 günlük müharibədən sonra Ermənistana biganə yanaşdığını deyib. Bəli, güvən telləri kəsilib. Amma burada problem təkcə indiki hakimiyyətdə deyil. Erməni diasporunun güvənsizliyi hələ Koçaryan və Sarkisyan rejimlərinin hakimiyyəti dövründə də yaranıb. Ən mühafizəkar hesablamalara görə, bu gün diasporun sayı 8-10 milyon nəfərdir ki, bu da erməni dövlətinin əhalisindən dəfələrlə çoxdur. Təbii ki, Ermənistanda kök salan bütün dünya erməniləri öz səylərini həm erməni dövlətində çoxsaylı layihələrin maliyyələşdirilməsinə, həm humanitar yardımların göndərilməsinə, həm də beynəlxalq aləmdə öz maraqlarının təşviqinə yönəldiblər. Təkcə “Hayastan” ümumerməni fondu Ermənistanın inkişafına 400 milyon dollara yaxın vəsait ayırıb. Bəs nəticə necədir? Bu üç onillikdə diasporun Ermənistana və “Artsax”a ayırdığı bütün pulları ümumiləşdirsək, o zaman ölkəmiz sadəcə dəyişməli idi. Amma bu gün xüsusən Ermənistanın kəndlərinə baxanda çox acınacaqlı mənzərəni müşahidə edirik”, – Arşakyan vurğulayıb

HAŞİYƏ: Erməni analitikin fikirlərinə diqqət yetirdikdə, Ermənistan adlı dövlətin sanki diaspordan ibarət olduğunu görmək mümkündür. Ermənistanın və ermənilərin xaricdəki diasporun maliyyə imkanları hesabına saxlanılması da sirr deyil. Amma görünür, 44 günlük müharibədə məğlubiyyətə uğrayan Ermənistana artıq diaspor da maliyyə ayırmaq istəmir və hətta erməni oliqarxlar Paşinyan hökumətindən üz çeviriblər. Məhz bunun nəticəsidir ki, Ermənistan bir dövlət kimi özünün tənəzzül dövrünü yaşayır.

Tevos Arşakyan daha sonra fikirlərini belə davam etdirib:

“Bəli, Ermənistana baxanda insan özünü 90-cı illərin əvvəllərində görür. Bundan başqa Paşinyan vaxtilə Şuşanı rəngsiz bir şəhər adlandırırdı. Amma kimsə digər şəhərlərin daha yaxşı göründüyünü düşünürsə, çox yanılır. Belədirsə, Ermənistana ayrılan bütün pullar hara gedib? Bizim əsgərlərin təchiz olunmamış postlarına baxanda sadəcə utanc hissi keçiririk. Bu pulları kim oğurlayıb? Cavab zahirdədir – bizim məmurlar sadəcə olaraq diasporun topladığı pulların böyük hissəsini talayıblar. Koçaryan və Sarkisyan öz əllərini başqalarının pullarına da qoyublar. Onların bahalı kurortları və maşınları məhz bu pullar hesabına alınıb. Həmçinin 44 günlük müharibədə 100 milyon doolların yoxa çıxması məsələsini xatırlamamaq mümkün deyil. Ona görə də diasporun Ermənistana biganəliyi asanlıqla izah olunur”, – erməni analitik bildirib.

“Yeri gəlmişkən, İsraili misal çəkmək olar. Çünki İsrail həm də dünyaya səpələnmiş yəhudi icmasının köməyindən asılıdır. Və ermənilərdən fərqli olaraq, yəhudilər bir neçə onillikdə güclü və iqtisadi cəhətdən inkişaf etmiş dövlət qura biliblər. Bu dövlətlə təkcə region yox, həm də bütün dünya hesablaşır. İsrail dünyanın ən inkişaf etmiş dərmanına, ən yaxşı hərbi və sənaye texnologiyalarına malikdir. Orada heç kimin ağlına da gəlmir ki, ölkəyə ayrılan ən azı bir şekel və ya dolları oğurlasın. Amma Ermənistanda hakimiyyət və məmurlar nəinki bizdən hər şeyi taladılar, hətta erməni diasporunu ölkədən küsdürdülər. Diasporun artıq bizə biganə qaldığı bir vaxtda Ermənistan adlı dövlət onun maliyyə inyeksiyaları və dünya səhnəsində siyasi dəstəyi olmadan yaşaya bilmz”, – Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*