Ermənistana qarşı təkcə dövlət deyil, vətəndaşlar da iddia qaldırmalıdır – Tofiq Zülfüqarovbackend

Ermənistana qarşı təkcə dövlət deyil, vətəndaşlar da iddia qaldırmalıdır – Tofiq Zülfüqarov

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat qəbul edildi. Həmin bəyanata uyğun olaraq Ermənistan tərəfi 30 il ərzində Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəməli olacaq. Bu təzminatın ödənilməsi 2021-ci ildən etibarən başlana bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, təzminatın ödənilməsi üçün ilk növbədə beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır: “Öncə qaydalara uyğun olaraq ekspertiza aparılmalı və Ermənistanın Azərbaycana vurduğu zərər hesablanmalıdır. Bundan sonra yerli məhkəmələrdə qərar qəbul edilməlidir. Təbii ki, burada təkcə dövlət deyil, həm də vətəndaşlar iddia qaldıra bilərlər. Yəni vətəndaşların iddiası da önəmlidir. Çünki bu və ya digər formada insanlara dəymiş zərər barədə ətraflı məlumatın toplanması çox vacibdir. Və yerli məhkəmələrin qərarları olduqdan sonra toplanmış materialların beynəlxalq qurumlara göndərilməsi mümkündür. Daha sonra müxtəlif məhkəmələrin qərarlarına uyğun olaraq ödəniləcək təzminatın miqdarı Ermənistana təqdim ediləcək. Bütün bu proseslərdən sonra biz Ermənistandan təzminatın ödənilməsini tələb edə bilərik”.

Tofiq Zülfüqarov son günlər Ermənistanın təzminat əvəzinə Zəngəzuru və Qafanın bir neçə kəndini Azərbaycana qaytarması ilə bağlı səsləndirilən fikirləri də şərh edərək bunun inandırıcı olmadığını bildirib: “Çünki bir dövlətin digər ölkəyə qarşı təzminat iddiası olanda dəymiş ziyan pulla hesablanır. Dünyada təzminatın torpaqla ödənilməsi təcrübəsinin olması barədə heç nə bilmirəm. Və hesab edirəm ki, biz indiki mərhələdə ilkin işləri həyata keçirməliyik. Ondan sonra nəticələr barədə fikirləşmək olar. Hələlik vurulan zərərlə bağlı hesablamalar gedir. Cənab prezident də qeyd edib ki, ixtisaslaşmış xarici şirkətlər bu işə cəlb olunub. Və ilkin işlər artıq başlayıb, yaxın zamanlarda yekunlaşmalıdır. Hesab edirəm ki, ekspertiza nəticələrindən sonra gələn il məhkəmələr qarşısında iddiaların qaldırılması mümkün olacaq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*