Ermənistanda siyasi parçalanma başladı: Sülh arxa plana keçir, Paşinyan özü isə… – SENSASİON GƏLİŞMƏbackend

Ermənistanda siyasi parçalanma başladı: Sülh arxa plana keçir, Paşinyan özü isə... - SENSASİON GƏLİŞMƏ

“Ermənistanda son günlər kilsə ilə hökumət arasında yaşanan qarşıdurma ölkə daxilində siyasi gərginliyi dərinləşdirməklə yanaşı, Cənubi Qafqazda regional sabitliyi və sülh prosesini təhlükəli nəticələrə sürükləyə bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Ruslanqızı şərh edib:

Ermənistan siyasi xəritədən silinəcək, Qərb və Rusiya arasında poliqona  çevriləcək” - ŞOK AÇIQLAMA | KONKRET

“Erməni Apostol Kilsəsinin yüksək rütbəli din xadimi Asoqik Karapetyanın səsləndirdiyi sərt ittihamlar və emosional çıxışlar vəziyyətin ciddiliyini bir daha ortaya qoyub. Karapetyanın “dövlət səviyyəsində kilsəyə qarşı terror hazırlanır” bəyanatı və “Müqəddəs Kilsənin həyətini qanla doldurmaq istəyirsiniz?” kimi ritorik sualları ölkədə siyasi parçalanmanın dərinləşdiyini göstərir.

Gərginlik baş nazir Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qaregini şəxsi həyatı ilə bağlı ittiham etməsindən sonra daha da artıb. Paşinyanın katolikosu subaylıq əhdini pozmaqda və övlad sahibi olmaqda günahlandırması onun kilsəyə qarşı artıq tənqidlə deyil, açıq siyasi hücumlarla çıxış etdiyini göstərir. Bu isə, Paşinyanın 2020-ci il müharibəsindən sonra irəli sürdüyü “müasir, sekulyar dövlət” modelinin daxildə ciddi müqavimətlə üzləşdiyini təsdiqləyir”.

Ekspert hesab edir ki, məsələ təkcə sekulyarizasiya ilə məhdudlaşmır.

“Ermənistanda kilsə sadəcə dini qurum deyil, eyni zamanda milli kimliyin, siyasi və ictimai legitimliyin əsas dayaqlarından biri sayılır. Dövlətin bu institutla qarşıdurmaya girməsi, xüsusən də şəxsi və emosional ritorika ilə yanaşması, ölkədə sosial parçalanma, ideoloji uçurum və hakimiyyətin nüfuz itirməsi ilə nəticələnə bilər.

Bununla yanaşı, baş verənlər Ermənistan-Azərbaycan sülh prosesinə də birbaşa təsir edir. Paşinyanın sülh gündəmi ölkə daxilində ciddi narazılıqla qarşılanır. Bu narazılığın əsas ideoloji dayaqlarından biri də tarixən Qarabağ məsələsində kompromissiz mövqe tutmuş kilsədir. Kilsə rəhbərliyi Paşinyanın “reallıqları qəbul edən” siyasətinə qarşı çıxır, hökumət isə buna cavab olaraq kilsəni nüfuzdan salmağa çalışır”.

Politoloq qeyd edib ki, gərginlik küçə aksiyaları və dini motivasiyalı siyasi təzyiqlərlə müşayiət oluna bilər.

“Bu isə Ermənistanı daxili böhrana sürükləyərək, onu sülh danışıqlarında zəif tərəfə çevirir. Kilsə tərəfdarlarının səfərbər olunması və çevik siyasi qrupların meydana çıxması riski artır. Belə bir durumda dövlət institutlarının parçalanması və sabitliyin pozulması ehtimalı da ciddi olaraq qalır”.

Siyasətçi bildirib ki, sülh müqaviləsinin bu qədər uzanmasının əsas səbəblərindən biri də Ermənistan daxilindəki ideoloji və institusional qarşıdurmalardır.

“Paşinyan hökuməti “köhnə dayaqları” – kilsəni, Qarabağ klanını və mühafizəkar elitanı zəiflətmək üçün addımlar atır. Lakin bu proses gözləniləndən daha sərt və təhlükəli reaksiyalar doğurur.

Müşahidəçilərə görə, əgər bu qarşıdurma nəzarətdən çıxarsa, Ermənistan daha genişmiqyaslı daxili siyasi böhrana, hətta zorakılıqla müşayiət olunan parçalanma mərhələsinə qədəm qoya bilər. Bu isə yalnız Ermənistanın daxilində deyil, bütövlükdə regionda yeni gərginlik dalğasının başlanğıcına çevriləcək.

Belə bir vəziyyətdə Paşinyan hökumətini iki seçim gözləyir: ya kilsəyə qarşı sərt mövqeyini davam etdirəcək, ya da kompromis yolunu tutacaq. Hər iki halda rəsmi İrəvanın manevr imkanları daralır və Ermənistan sülh masasında daha zəif tərəf kimi qalır.

Hazırkı qarşıdurma, sadəcə bir din adamının emosional çıxışı deyil, həm də Ermənistanın siyasi gələcəyini və Cənubi Qafqazda sülhün taleyini müəyyən edə biləcək təhlükəli bir inkişaf xətti kimi qiymətləndirilir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*