Ermənistanda “xaç yürüşü”nün arxasında kim dayanır? – ƏTRAFLIbackend

Ermənistanda "xaç yürüşü"nün arxasında kim dayanır? - ƏTRAFLI

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Qərbin atdığı addımlar birmənalı deyil. Müxtəlif mövqedən çıxış edən qüvvələr daha çox Ermənistanın maraqlarına xidmət etməyə çalışır. Bu da təsadüfi deyil. Bu məsələdə həm erməni  diaspor təşkilatlarının təsiri, həm də xristian təəsübkeşliyinin rolu böyükdür. 

KONKRET.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıyla bağlı ortaya qoyduğu mövqe təqdir edilsə də, haqlı suallar da yaradır.

“Rusiya Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın Cənubi Qfqaz regionunda geopolitik güc olmağını istəməyən Qərb bölgədə daha fəal iştirak etməyə çalışır. Xüsusilə ABŞ-ın burada daha güclü formada təmsil olunduğunu görürük. Həmçinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin fəal mövqe nümayiş etdirdiyinin şahidi oluruq. Bu baxımdan Qərb artıq iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması məsələsində önəmli moderatorlardan birinə çevrilib. Amma Qərb  Rusiyadan fərqli olaraq daha praktiki addımlar atmalıdır. Amma  Qərbin Ermənistan tərəfindən həyata keçirilən və bölgədə sülhü şantaj edən addımlara qarşı daha sakit mövqe sərgiləməsi müəyyən şübhələr yaradır. Qərbin Ermənistanın şıltaqlığına səssizliyi Rusiyanın mövqeyi ilə üst – üstə düşür. Ona görə də Qərb Azərbaycan-Ermənistan münasibətlərində daha aktiv olmalı və təsir imkanlarından istifadə etməlidir”.

Daha sonra  Ermənistanda başlayan “xaçlı yürüşünə” münasibət bildirən politoloq baş verənləri Ermənistanın növbəti siyasi maskaradı adlandırdı:

“Hesab edirəm ki, bu aksiyalar öz başına yaranmayıb. Baxmayaraq, dünən  İrəvandakı aksiyalara Ermənistan polisi kobud şəkildə müdaxilə edirdi, bu aksiyanın arxasında  hakimiyyətdəki bəlli dairələrin dayanması şübhəsizdir. Eyni zamanda aksiyaya radikal daşnaklar və Qərbdəki erməni diasporunun təsir imkanları çox genişdir. Lakin bu aksiyaları  bundan əvvəlki dönəmlərdə də görmüşük. Ermənistanda bu tip hərəkətlərin  Azərbaycanın şərtləri diqtə etməsinə heç bir təsiri yoxdur. Ermənistan əvvəl-axır sülhə razı olmalıdır, eyni zamanda Xankəndi və ətrafına yerləşdirdiyi silahlı terrorçu dəstələri ərazidən çıxarmalıdır. Əks təqdirdə Azərbaycan güc yoluna əl ata bilər. Bu isə Ermənistan daxilindəki kövrək vəziyyəti daha da alovlandıracaq. İstənilən halda bu yürüşlər və aksiyalar xarici dairələr tərəfindən təşkil edilən hadisələrdir və belə ucuz işlərlə Azərbaycanın siyasi iradəsinə təsir etmək mümkün olmayacaq”.

Vəli Həsənov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*