“Reallıq budur ki, Rusiya KTMT-də əsas oyunçudur. Amma indi Kreml Azərbaycan və Türkiyə ilə maraqlanır”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Britaniyanın baş nazirlərindən biri deyib ki, əbədi dostlar yoxdur, yalnız əbədi maraqlar var. Kimin ağlına gələrdi ki, bizim dövrümüzdə bu bəyanatı Ermənistan-Rusiya münasibətləri üzərində sınaqdan keçirmək lazım gələcək. Bir vaxtlar Rusiya ilə həqiqətən müttəfiq və dost idik. Ya da bunun belə olduğuna sadəcə inanmaq istəyirdik. Biz praktiki olaraq düşünmürdük ki, hər hansısa bir ittifaq gec-tez dağılır və həmişə dostcasına qalmaq mümkün olmur. Burada Ermənistan və Rusiya istisna deyil. Təəssüflər olsun ki, Ermənistan Moskvanın regiondakı uzunmüddətli strategiyasını, öz əzəli maraqlarını unudan rusiyalı siyasətçilərin xəyanətinin qurbanı oldu. Rusların bu xəyanəti bizə qanımızın axması bahasına başa gəldi”, – deyə Arşakyan vurğulayıb.
“Amma dəhşətlisi odur ki, siyasətçilərimiz gələcəkdə bir daha belə xəyanətin qurbanı olmamaq üçün səhvlərimizdən dərs almaq əvəzinə, Rusiyaya doğru addım atmaqda davam edirlər. Sonra da ucadan ağlayaraq Moskvanın onları atdığını bəya edəcəklər. Məsələn, ötən gün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, dünən isə xarici işlər nazirinin müavini Səfəryan Rusiyanın Ermənistanı “atdığını” və silah vermədiyini təsdiqləyib. Yeri gəlmişkən, bunun üçün İrəvan valyuta ilə ödəniş edib. Amma göründüyü kimi dövlət səviyyəsində elementar dələduzluq var. Sual olunur ki, 2020-ci ildə Ermənistana xəyanət edən Rusiyaya niyə silah üçün pul ödənilib? Məgər başqa silah alverçisi tapa bilmədik? Axı ortada bir neçə ildir ki, bizə təkcə öz silahlarını deyil, həm də hərbi-texniki əməkdaşlığı təklif edən Hindistan, yaxud Fransa var. Ancaq acı təcrübə ilə müdrikləşməyən siyasətçilərimiz hələ də Moskvadan sədaqət ummağa davam edirlər. Hələ də nəyə ümid edirlər? Məgər KTMT bizə kömək etməyə tələsəcək? Xeyr, bu, baş verməyəcək. Çünki Rusiya KTMT-də əsas oyunçudur və onu Ermənistan yox, Azərbaycan və Türkiyə maraqlandırır”, – erməni analitik deyib.
“KTMT-nin qalan üzvləri də bizə kömək əlini uzatmayacaq. Bəs bu təşkilatda qalmağımızın səbəbi nədir? Niyə Moskvanın davamlı təhdidləri fnunda MDB-dən çıxmaq prosesinə başlayan Moldovanı nümunə götürə bilmirik? Dünyada Ermənistanın təhlükəsizliyinə zəmanət verən başqa mexanizmlər də var. Məsələn, NATO, Aİ, Fransa və sair. Niyə KTMT-nin bərkimiş meyitindən bu qədər inadla yapışmışıq? Doğrudanmı bu hakimiyyət bu qədər qorxaqdır?”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az