Azərbaycan təbii sərvətlərinin talanması, qanunsuz silah-sursatların daşınmasının qarşısını almaq və bölgədə şəffaflığı təmin etmək məqsədilə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı təklif irəli sürüb. Ermənistan isə həmin təklifdən və danışıqlardan imtina edib. Tez-tez Ermənistan sülh arzuladığını və Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bildirir. Ancaq görünən odur ki, onun bu istəyi ilə əməli düz gəlmir. Rəsmi İrəvan sülhün əldə olunmasında istəkli olduğunu dilə gətirdiyi halda, niyə Azərbaycanın bu təklifindən imtina edir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, kənar qüvvələr Ermənistanı buna təşviq edir:
“Laçın dəhlizi Azərbaycan üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Bir neçə gün öncə Azərbaycan ərazilərinin atəşə tutulması onu göstərdi ki, təqribən bir neçə ay bundan əvvəl ordumuz tərəfindən nəzarətsiz qalan bölgədə seperatçı qüvvələrə silah-sursat və hərbi texnika verilməyə başlayıb. Ona görə də Azərbaycan tərəfi hesab edir ki, nəzarət-buraxılış məntəqəsinin yaradılması yeni qarşıdurmaların qarşısının alınması baxımından olduqca vacibdir.
Ermənistanın məsələni sülh yolu ilə həll etməyə cürəti çatmır. Bu formada yanaşmanın arxasında duran bir neçə səbəb var. Bu gün Ermənistan bir neçə dövlət tərəfindən sıxışdırılır. Düşünürəm ki, Rusiya, İran və Qərb tərəfindən sıxışdırılması onu bu qərarı verməyə təşviq edir və Azərbaycanla danışıqlardan yayındırır. Müəyyən zaman ərzində proses bu formada davam edə bilər. Amma “Ermənistan buna razılıq verməyəcək” anlayışı qəbuledilməzdir. Laçın dəhlizi Azərbaycanın suveren ərazisidir və biz orada həmin postu quracağıq.
Ermənistan Zəngəzur dəhlizində post qurulması ilə bağlı fikir səsləndirə bilər. Çünki Azərbaycan bu barədə qarşı tərəfə təklif irəli sürüb. Əgər Ermənistan narahatdırsa, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması şərtilə Zəngəzur dəhlizində post qura bilər.
Azərbaycan bu qərarı sərhəddə şəffaflığın yaradılması üçün irəli sürüb. Yəni postun qurulması ilə hər bir şəxs, yük və minik avtomobilləri yoxlanışdan sonra bölgəyə buraxılacaq. Ermənistan isə buna razı deyil. Səbəb isə qeyd etdiyim kimi, kənar qüvvələrin buna imkan verməməsidir. Çünki onlar Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşmasının tərəfdarı deyil”.
Fidan Ali,
KONKRET.az
Düzdür! Ermənistan ..hə..deməyə cəsarət etmir! Bəli!👍