Son vaxtlar Ermənistanda baş qaldıran anti-Rusiya meyilləri rusiyalı ekspertlərin diqqətindən yayınmır. Erməni cəmiyyətində inkişaf edən hadisələr onu göstərir ki, Rusiya əlehinə kampaniya Ermənistanın qərbə meyil etməsindən sonra başlayıb. Azərbaycanla müharibədə Rusiyadan inciyən ermənilərin umacaqları başqa şey imiş. Sən demə Rusiya Qarabağda onların əvəzinə müharibə aparmalıymış. Müharibədən sonrakı dövrdə də ermənilər ruslardan umduqlarını ala bilməyəndə bu inciklik bir az da dərinləşib. İndi Ermənistan anti-Rusiya mövqeyi tutaraq KTMT-dən çıxmağa hazırlaşır və Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Qərblə eyni mövqedə dayanır. Bütün bunlar isə rusiyalı mütəxəssislərin diqqətindən yayınmır.
“Vestnik Kavkaza” saytında rusiyalı politoloq Andrey Petrovun məqaləsi diqqətimizi çəkdi və bu yazını onun araşdırmaları üzərində qurduq.
Petrov əvvəlcə 2000-ci ildə Rusiya və Ermənistan arasında imzalanan “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə”ni yada salır. Bundan sonra rusların həmişə Ermənistanın maraqlarını müdafiə etdiyini bildirilir. Amma son vaxtlar Rusiyaya qarşı narazılığın durmadan artması, erməni mediasının hakimiyyətin dəstəyi ilə Rusiya əlehinə təbliğat aparması Petrovun diqqətindən yayınmır. Hakimiyyətin açıq-aydın əhalini Rusiyaya qarşı qoyması da rusiyalı politoloqu narahat edir və “Ermənistan Rusiyadan nə istəyir və müttəfiqini niyə hədələyir?” sualını verir.
Petrov hesab edir ki, burada tarixi əlaqələrin dərinliyi və erməni diasporunun rolu yoxdur. Məsələnin kökündə Azərbaycanla münaqişə dayanırdı və Qarabağ münaqişəsində Rusiya Ermənistana bütün sahələrdə açıq dəstək verirdi.
Münaqişəni əvvəldən şərh etməyə çalışan Andrey Petrov Mixail Qorbaçovun ətrafındakı erməni lobbisinin bu işdə bir başa rolundan danışır. Məhz onların təkidi ilə Qorbaçov Qarabağın Ermənistan SSR tərkibinə qatılımasına razılıq verib.
Onun fikirincə Qarabağda başlanan bu qarşıdurma məhz SSRİ-nin parçalanmasında əsas rol oynayıb:
“SSRİ dağılandan sonra da Rusiya Federasiyası Qarabağda separatizmi dəstəklədi və Ermənistana hərbi və siyasi yardımı gücləndirdi. Bu isə bölgədə geniş miqyaslı müharibəyə səbəb oldu, Azərbaycan əraziləri işğal edildi. General Lev Roxlinin araşdırmasına görə, 1997-ci ilin aprelinə qədər Rusiya Ermənistana Azərbaycan torpaqlarını işğal etmək üçün qaçaqmalçılıq yolu ilə 1 milyard dollarlıq silah göndərib.
Bu ifşadan bir ay əvvəl Qarabağ separatçılarının lideri Robert Köçəryan Ermənistanın baş naziri təyin edilmişdi. Daha sonra o, işğal edilən əraziləri Azərbaycana qaytarmaq istəyən Levon Ter-Petrosyanı istefaya məcbur edərək 1998-ci ilin martında Ermənistan prezidenti olub. Serj Sarkisyan isə beş il ərzində Ermənistan hökumətində müxtəlif nazir vəzifələrində çalışıb.1999-cu ilin oktyabrında baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçyanın öldürülməsi də təsadüfü baş verməmişdi.Yalnız bundan sonra bütün hakimiyyət Qarabağ klanının əlinə keçdi.
Faktiki olaraq Azərbaycan ərazilərinin 20%-nin işğalından sonra Qarabağ separatçıları Ermənistanda hakimiyyətə tam nəzarət edirdilər və Azərbaycanla barışıq tərəfdarlarının hamısını zərərsizləşdirməyi bacardılar. Bununla da, İşğal etdikləri Azərbaycan ərazilərini nəyin bahasına olursa-olsun öz nəzarətində saxlamaq kursunu götürdülər və Rusiya yönlü siyasəti daha da gücləndirdilər”.
Andrey Petrov daha sonra əlavə edir ki, İrəvan heç vaxt Moskvaya siyasi simpatiya bəsləməyib. Köçəryan və Sarkisyan Rusiya liderlərini Ermənistanın mövqeyini dəstəkləmək üçün hər cür oyuna cəlb ediblər.
“Qərbin Rusiyaya qarşı ümumi geosiyasi mübarizənin bir hissəsi olaraq hakimiyyəti rusiyapərəstdən qərbyönümlüyə dəyişməyə çalışdığı postsovet respublikalarından birincisi Ermənistandır və bu proses 2014-cü ildən başlayıb. Bütün bunlara isə son 20 ildə Qarabağ klanından cəmiyyətin narazılığı səbəb olub. Qarabağ klanının ölkədə yaratdığı anarxiya hər an partlaya bilərdi. Bu vəziyyət isə Qərb qüvvələri üçün göydən düşmə idi. Əslində Qərbin müxalifətçi deputat Paşinyanı seçməsi təsadüfü deyildi. İcevanda doğulub İrəvanda təhsil alan, Rusiya və Qarabağ klanı ilə əlaqəsi olmayan Paşinyanın hakimiyyətə gəlmək üçün göstəriciləri uyğun gəlirdi”.
Petrov daha sonra Paşinyanın jurnalist fəaliyyətinə və onun Ter-Petrosyanın partiyasından deputat seçilməsinə diqqət çəkir. Hakimiyyətə yeni gələn kimi anti-Rusiya mövqeyi hiss olunduğunu qeyd edir:
“İki il ərzində Paşinyanın siyasəti nəticəsində Ermənistan dalana dirəndi. Fransanın təhriki ilə Avropa Birliyinə və NATO-ya qoşulmaq həvəsi artmağa başlayanda Rusiyadan uzaqlaşmaq fikrinə düşdü. 2020-ci ilin payızında İrəvan “yeni müharibə-yeni ərazilər” tezisi ilə çıxış edəndən sonra, sentyabrın 27-də müharibə başladı və Ermənistan ordusu məğlubiyyətə uğradı. Nikol Paşinyan hər gün Vladimir Putinə zəng edərək hərbi əməliyyatların dayandırılmasını, Rusiyanı Ermənistan tərəfdən müharibəyə müdaxilə etməyə çağırıb. İrəvanın əsas istəyi KTMT qüvvələrini döyüşlərə cəlb etmək olsa da, həm Kreml, həm də Təşkilatın Katibliyi hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini bildirirdi.
Nəticədə Ermənistan Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğradı. Azərbaycan öz torpaqlarını işğalçılardan təmizlədi və Ermənistan rəhbərliyini kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Rusiya Qarabağın Ermənistan tərəfindən işğalı üçün Azərbaycanla döyüşə başlamadı.
Rusiya-Ermənistan münasibətlərində gərginlik də buradan qaynaqlanır. Bu həm də Köçəryan və Sarkisyan klanının Rusiyanın köməyi ilə bağlı bütün hesablamalarının iflasa uğraması demək idi.
Rusiya Azərbaycanla müharibəyə girmədiyindən Ermənistanda anti-Rusiya təbliğatı başladı.Vəziyyətin ciddiliyini nəzərə alan Kreml daxili kanallar vasitəsilə Rusiya-Ermənistan dövlətlərarası münasibətləri barədə gənc, təcrübəsiz Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi. Onların diqqətinə Türkiyə və İranla sərhədlərin rusların qoruduğu, Gümrüdə 102-ci hərbi bazanın yerləşməsi, Ermənistandakı dəmir yollarının Rusiyaya aid olması, Avrasiya İqtisadi birliyinədən və KTMT-dən əldə edilən imtiyazlar,Rusiyadan alınan ucuz qaz və əldə etdikləri digər dvidentlər Ermənistan rəhbərliyinin diqqətinə çatdırıldı.
Bütün bunlara baxmayaraq Paşinyan və komandası rəsmi Moskvadan incik idi və bunun səbəbi Rusiya hakimiyyətinin Ermənistanın revanş oyununa hazırlanmasında iştirakdan imtinasıydı. Rusiyanın bu addımı Ermənistanın narazılığına səbəb olurdu. Buna cavab olaraq Paşinyan rejimi Rusiyanı oyuna çəkmək üçün təxribatlara əl atdı və Azərbaycanla şərti sərhəddə döyüşə başladı. Azərbaycan silahlı qüvvələri stateji yüksəklikləri ələ keçirdikdən sonra rəsmi İrəvan KTMT və Rusiya Federasiyasından Ermənistanın “ərazi bütövlüyünü bərpa etməyi” tələb etdi.
Bundan sonra “Milli-Demokratik Qütb” adı altında birləşən rusofob hərəkata Ermənistanda “yaşıl işıq” yandırılıb. Həmin qüvvələrin mütəmadi olaraq Rusiya əleyhinə mitinqlər keçirməsinə göz yumulub. Rusiyaya qarşı ən təhqiramiz və qəbuledilməz şüarlar səslənib.Moskvada tərcüməsiz başa düşülsün deyə bütün şüarlar rus dilində olub. Hakimiyyət özünü elə göstərir ki, Paşinyan və komandasının bu rusofoblarla heç bir əlaqəsi yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılmasının yolverilməzliyi ilə bağlı bütün müraciətləri cavabsız qalıb”.
Andrey Popov daha sonra Ermənistanın KTMT-dən çıxıb NATO-ya daxil olmaq niyyətinə də toxunub.
“Rusiyaya qarşı əsassız iddiaların, erməni cəmiyyətində rusofob əhval-ruhiyyənin yayılmasının məqsədi birdir. Nikol Paşinyan rejimi Rusiyanın təsir dairəsini tərk edərək Avroatlantik Alyansın üzvü olmaq istəyir. Rusiya isə Ermənistanı tərk etmək fikrində deyil. Hazırda Paşinyan bu və ya digər formada Ermənistanın KTMT-dən çıxması üçün çalışır. Üzvlüyün Ermənistan dövlətinə gündəlik iqtisadi fayda gətirdiyi Avrasiya İqdisadi Birliyindən fərqli olaraq, İrəvan KTMT-də iştirakdan – özünü təqdim etdiyi formada yararlana bilməyib. Nə Rusiya, nə də təşkilata üzv olan digər ölkələr heç bir şərtlə Azərbaycanla müharibəyə qatılmayacağını dəfələrlə bildirib. Ona görə də Paşinyan KTMT-dən çıxmağı üstün tutur. Paşinyan hesab edir ki, hərbi blokdan çıxmaq Ermənistanın NATO-ya inteqrasiyası üçün qapı açacaq. Gürcüstandan fərqli olaraq, Ermənistanın heç bir ərazi problemi yoxdur və ona görə də asanlıqla Alyansa qəbul oluna bilər. İkincisi, Nikol Paşinyan güman edir ki, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi Moskvaya siyasi zərbə olacaq. Rusiya ilə bağlı siyasətdə “nə qədər pis olsa, bir o qədər yaxşıdır” düsturunu bütün erməni elitası rəhbər tutur.
Rusiyalı ekspertlər hesab edirlər ki, Ermənistanın KTMT-dən çıxmasından sonra Nikol Paşinyan və xalqının nə qədər irəli gedə biləcəyini zaman göstərəcək. Ola bilsin ki, gələcəkdə onlar hakimiyyəti itirəcək və ölkəni daha ayıq düşüncəli, populizmə, avantüralara az meyilli siyasətçilər idarə edəcək. Ondan sonra Ermənistanın niyə Rusiyaya qarşı olduğu sualı verilməyəcək.Çünki hər hansı sağlam düşüncəli Ermənistan hakimiyyəti Moskva ilə münasibətlərə yenidən can atacaq. Axı Cənubi Qafqazda Ermənistan Rusiyanın əsəridir.
Vəli Həsənov,
KONKRET.az