“Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmasının vaxtı çatıb”.
KONKRET.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ararat Mirzoyan Tallinndə Estoniyanın xarici işlər naziri Marqus Çahkna ilə birgə mətbuat konfransında deyib.
O vurğulayıb ki, İrəvan qonşusu ilə diplomatik münasibətləri tənzimləməyə və üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədləri açmağa hazırdır.
“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı müqavilələrimiz var. Düşünürəm ki, onları yerlərdə həyata keçirməyin vaxtı çatıb”, – diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı referendum keçirə biləcəyini bildirib. O, həmçinin Ermənistan xalqının Aİ-yə üzvlüyünə səs verəcəyinə əminliyini ifadə edib.
Natiq Səlim,
KONKRET.az