“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi fikir ayrılıqları səbəbindən bloklanıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov bildirib.
Onun sözlərinə görə, bir-birinə edilən təkliflərdən sonra tərəflər yaranan yeni şəraiti nəzərə alaraq mövqelərini dəyişir və yeni mövqelər formalaşdırırlar.
“Bununla bağlı yeni heç nə baş vermir. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqları daimidir, vəziyyətin gərginləşdiyi mərhələlər var, bir az yumşalan mərhələlər də var, amma köklü dəyişiklik qeydə alınmır. Düşünürəm ki, bu, tərəflər arasında nə vaxt və hansı müqavilənin imzalanacağına qərar veriləcəyi mərhələdir”, – deyə o bildirib.
Analitikin fikrincə, münaqişənin vasitəçiliyi prosesində baş verənlər kifayət qədər diqqətçəkəndir.
“Çox güman ki, Vaşinqtondakı danışıqlar uğursuz oldub. Həmçinin ABŞ-da prezident seçkiləri və xüsusən də prezident Baydenin mövqelərinin zəifləməsi ilə əlaqədar daxili gərginlik mərhələsi buna mane olub. Rusiya Xarici İşlər Nazirliyi də aktivləşib. Yaxın gələcəkdə prosesdə yarana biləcək vasitəçilik boşluğunu doldurmaq üçün nazirlik hərəkətə keçib.
Lakin mən düşünürəm ki, birbaşa danışıqlar aparmaq və məsələləri birbaşa formatda razılaşdırmaq cəhdləri yenə olacaq. Son illərdə gördüyümüz kimi, tərəflər bəzi məsələlərdə bu formatda danışıqlar apara bilirlər, lakin balanslaşdırılmış sənədin olması üçün vasitəçinin olması zəruridir. Bu halda həmin sualın daha vacib olduğu açıq hiss olunur.
Aydın idi ki, Ermənistan vasitəçilik istəyir. Aİ-nin vasitəçiliyi uğursuz oldu, ABŞ-ın da cəhdləri boşa çıxdı. Amma tendensiya ondan ibarət olacaq ki, yaxın gələcəkdə ABŞ bir qədər passiv olacaq. Tezliklə imzalamaq istəyi və planı ola bilsin var idi, lakin artıq indiki mərhələdə ABŞ dəyişiklik dövrünə qədəm qoyur”, – deyə analitik fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az