“Sülh müqaviləsinin imzalanması iki ölkənin sərhədində baş tuta bilər” – ÇİNGİZ QƏNİZADƏbackend

"Sülh müqaviləsinin imzalanması iki ölkənin sərhədində baş tuta bilər" - ÇİNGİZ QƏNİZADƏ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisində (BMM) çıxışı zamanı bildirib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında etimadı artıran konkret addımlardan məmnunluq duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir.

Belə olan halda 2024-cü ildə Cənubi Qafqazda sülhə nail oluna bilərmi? Və müqavilənin hansı ölkədə baş tutması ehtimalı daha çoxdur?

Mövzunu KONKRET.az-a hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə şərh edib:

“Bilirik ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər hazırda bağlıdır. Məlumdur ki, buna da səbəb Azərbaycan torpaqlarının 30 il bundan əvvəl erməni silahlıları tərəfindən işğalıdır.  Bu müddət ərzində qardaş Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayıb.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra  Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı Türkiyə xarici işlər naziri Hakan Fidan dəfələrlə öz mövqeyini bildirib. Sonuncu dəfə də BMM-də Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini həm təşviq edir, həm arzulayır, həm də sazişə ümid bəsləyir. Eyni zamanda, bu istiqamətdə xeyli iş görməkdədir”.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması iki ölkənin sərhədində baş tuta bilər. “Necə ki, Qazax şəhəri istiqamətində iki ölkə arasında hərbi əsirlərin təhvil-təslim edilməsi prosesi baş tutmuşdu. Sülh müqaviləsi də eynilə iki dövlətin sərhədləri daxilində reallaşdırıla bilər. Lakin bu versiyanın gerçəkləşməsi ehtimalı çox azdır”.

Ekspert hesab edir ki, bağlanacaq sülh sazişi uzun illər ərzində iki ölkə arasındakı düşmənçiliyə son qoyulmasını rəsmiləşdirən sənəd olacaq.

Çingiz Qənizədənin qənaətinə görə, bu saziş Gürcüstanda imzalana bilər. “Çünki son zamanlar bu məsələdə Gürcüstanın rolu və aktivliyi daha çoxdur. Həmçinin, Gürcüstanın rəsmi şəxslərinin sülh sazişi ilə bağlı bu istiqamətdə bəyanatları onu göstərir ki, niyə də Cənubi Qafqazda iki ölkə arasında baş verən konfliktin həlli üçüncü ölkədə reallaşmasın? Bu baxımdan da mən sülh sazişinin Gürcüstanda imzalanmasını real hesab edirəm”, – deyə Çingiz Qənizadə fikrini tamamlayıb.

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*