Ərzaq çatışmazlığının qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir – AÇIQLAMAbackend

Ərzaq çatışmazlığının qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası (AK) Avropada ərzaq böhranının yaranması məsələsi ilə bağlı gələn həftə üçün xüsusi hesabat hazırlayır. Avropa Komissiyasının rəsmi nümayəndəsi Miriam Qarsia Ferrer bildirib ki, aqrar-sənaye sektorunda yeni çağırışla üz-üzəyik. O qeyd edib ki, indiki mərhələdə Avropa əsas taxıl istehsalçısı olduğu üçün İttifaqın ərzaq təhlükəsizliyinə heç bir təhdid yoxdur. Lakin ticarət mübadiləsinin pozulması səbəbindən qiymət təsirləri olacaq.

Bəs görəsən, Avropa İttifaqının ərzaq təhülkəsizliyi ilə bağlı narahatlığına həqiqətən də ciddi əsas varmı? Avropa bu səbəbdən Rusiyaya tətbiq etdiyi sanksiyaları geri çəkə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq tədarükü zəncirində qırılmaya səbəb oldu:

“Bu qırılma gələcəkdə daha çox fəsadlara səbəb olacaq. Hansısa dövrdə olan çatışmazlıq, kataklizmlər, logistika əməliyyatlarının həyata keçirilməməsi, aqro-texniki vasitələrlə məhsuların becərilməməsi gələcəkdə bazarlara mənfi təsir göstərir və ərzaq qıtlığı daha da genişlənir. Hazırda gedən hərbi əməliyyatlar məhz bundan xəbər verir. Gələcəkdə baş verəcək ərzaq qıtlığı ilə bağlı BMT-nin proqnozlarında həqiqət payı var. Ərzaq çatışmazlığının qarşısını almaq üçün indidən tədbirlər həyata keçirilməlidir. Strategiya və yol xəritələri müəyyən edilməlidir. Rusiyaya tətbiq olunan siyasi, iqtisadi sanksiyalar Aİ-nin ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir”.

Politoloq bildirib ki, ərzaq və enerji təhülkəsizliyi ilə bağlı digər məqamlar da gündəmdədir:

“Müharibə bitdikdən sonra sanksiyaların hansısa formada yumşaldılacağına dair fikirlər səsləndirilir. İndi ərzaq təhlükəsizliyi ilə yanaşı enerji təhlükəsizliyi də ön plandadır. Çünki Aİ-nin neft və qaza olan tələbatının əhəmiyyətli hissəsini Rusiya ödəyir. Hazırda Avropanın qaz tələbi çox yüksək səviyyədədir. Lakin enerji təhlükəsizliyi ilə yanaşı digər vacib məqamlar da var. İlk növbədə xammal çatışmazlığı və ehtiyacların daha da genişlənməsi müşahidə olunacaq. Lakin hərbi əməliyyatlar yekunlaşdıqdan sonra sanksiyalar paketinə baxıla bilər. Bu isə Rusiyanın müharibədən hansı nəticələrlə çıxacağı və Qərbin maraqlarının nədən ibarət olacağından asılıdır. Lakin bu, gələcəyin problemidir. Təəssüflər olsun ki, tərəflər arasındakı danışıqlar nəticə vermir. Müharibə yekunlaşmır və regiona muzdlular cəlb olunur. Bu isə çox təhülkəli tendensiyadır və müharibənin müddətinin uzadılmasına hesablanıb”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*