Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi ölkə ərazisindəki köşklərdə və ərzaq mağazalarında tütün məmulatlarının satışını qadağan edib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu qərar ərzaq təhlükəsizliyi standartlarının artırılması və ictimai sağlamlığın qorunması məqsədi daşıyır.
Qadağa bütün növ adi və elektron siqaretləri, qəlyan və digər tütün məhsullarını əhatə edir. Satış yalnız bu məhsullar üçün xüsusi lisenziyası olan yerlərə icazə veriləcək. Yeni qaydalara əsasən, tütün məhsulları yalnız qapalı şkaflarda saxlanmalı və 18 yaşdan kiçik şəxslərə satışı qəti şəkildə qadağandır.
Qaydalar həmçinin mağaza və köşklər üçün sahə, yerləşmə, avadanlıq və kommersiya dizaynına dair tələbləri də əhatə edir. Bu addım həm də şəhər estetikasının qorunması, ticarət fəaliyyətinin sistemləşdirilməsi və istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir.