Estoniyalı futbolçular Azərbaycanla oyundan danışdılarbackend

Estoniyalı futbolçular Azərbaycanla oyundan danışdılar

“Azərbaycan millisi asan rəqib deyil, amma evdə bu komandanı məğlub etməli idik. Bunun layiqli qələbə olduğunu deyə bilmərəm, amma düşünürəm ki, yaxşı nəticə üçün əlimizdən gələn hər şeyi etdik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Vlasi Sinyavski UEFA Millətlər Liqasının III turu çərçivəsində Tallində Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

Estoniyanın ikinci qolunun müəllifi əllərinə düşən fürsətlərdən yaxşı istifadə etdiklərini bildirib: “Rəqib qarşısında imkanlarımız çox deyildi. Buna baxmayaraq, mübarizə apardıq. Düşünürəm ki, belə matçlarda xallar qazanmaq çox önəmlidir”.

Estoniya millisinin digər üzvü Rokko Robert Şeynin sözlərinə görə, qələbə komandasının dinamik oyunu sayəsində əldə olunub: “İlk 20 dəqiqədə üstünlük Azərbaycanda idi. Lakin biz oyuna sakitcə qoşulduq və qol vurduq. Çox əziyyət çəkdik. Azərbaycan penalti qolu ilə hesabı bərabərləşdirsə də, dərhal rəqibin qapısına yol taparaq önə keçdik. Fikrimcə, bu, görüşün taleyinin həll olunmasında vacib rol oynadı. Sinyavskinin ilk hissənin sonlarında vurduğu qol ikinci yarıya daha inamlı başlamağımıza kömək etdi, futbolçularda əlavə stimul yaratdı. Fasiləyə yollandığımız zaman paltardəyişmə otağında da bunu hiss etmək olurdu. Məşqçilər taktikada müəyyən dəyişikliklər etdilər. Bunun sayəsində yaxşı təzyiq göstərdik. Azarkeşlərin dəstəyi bizə daha çox enerji verdi”.

Yarımmüdafiəçi Yoan Yakovlyov oyuna yaxşı adaptasiya olduqlarını söyləyib: “Qarşılaşmadan öncə azərbaycanlıların 4-lü müdafiə xətti ilə oynayacaqlarını düşünürdük. Amma dəyişiklik etdiklərini gördük. Təbii ki, bu da işimizi çətinləşdirdi. Lakin bunun öhdəsindən layiqincə gəldik və öz oyunumuzu göstərdik. Rəqibin təzyiqinə tap gətirməyi bacardıq. Bərabərlik qolundan sonra özümüzü itirmədik. Dərhal hesabda önə keçdik. Qol vurmağımda mənə kömək etdiyi üçün komanda yoldaşım Henri Anyerə minnətdaram”.

Yığmanın kapitanı Karol Mets isə matçdan öncə Azərbaycan millisini yaxşı analiz etdiklərini vurğulayıb: “Görüşə çox yaxşı hazırlaşmışdıq. Rəqiblə bağlı bir çox təhlillər aparıldı. Onların necə pressinq etdiklərini bilirdik. Qalib gəlməyi çox istəyirdik və düşünürəm ki, bu, oyunçuların bədən dilində belə özünü büruzə verirdi. Qapımıza vurulan penalti qolundan sonra özümüzü itirmədik. Bu, çox yaxşı haldır. Təqdirəlayiq oyun və müsbət nəticəyə görə xoşbəxtik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*