Elm və Təhsil Nazirliyinin bu qərarı etiraz doğurdubackend

Elm və Təhsil Nazirliyinin bu qərarı etiraz doğurdu

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura pilləsində təhsil alanlar artıq ikinci tədris ilində təhsillərini AMEA-da deyil, Azərbaycanda fəaliyyət göstərən universiterlərdə davam etdirəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunda təhsil alan magistrlərin Pravda.az-a ünvanladıqları müraciətdə bildirilib.

Qeyd olunub ki, bu xəbər onlara Akademiyanın Magistratura şöbəsinin rəhbərliyi tərəfindən dərs ilinə 15 gün qalmış verilib: 

“Bizə bu barədə əvvəlcədən heç bir məlumat verilməyib. İkinci kursa keçirik. Əziyyət çəkmişik, 1 il AMEA-da təhsil almışıq. İstəsəydik, elə əvvəldən AMEA-nı deyil, universitetləri seçərdik. Biz AMEA-dan məzun olmaq istəyirik. Amma bizə deyirlər ki, AMEA-nın yox, başqa universitetlərin diplomunu alacağıq. Artıq universitetlərlə razılığa gəliblər. Bizə 5 universitet seçimi verilir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və bölgələrdə fəaliyyət göstərən universitetlər. Bu, 150 nəfər magistrantın hüququnun pozulması deməkdir. Qəti şəkildə bu qərara etiraz edirik. Elm və Təhsil Nazirliyi tərəfindən qərar verildi ki, bu ildən etibarən AMEA-ya magistratura pilləsinə qəbul olmayacaq. Bu qərarın bizə aidiyyatı olmamalıdır, çünki biz 1 ildir, AMEA-da təhsil alırıq. Xahiş edirik, qərara yenidən baxılsın. AMEA rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişik. Amma heç bir cavab yoxdur. Cənab Prezindent İlham Əliyevə müraciət edəcəyik”.

Məsələni aydınlaşdırmaq üçün AMEA-nın prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı.

Akademiyanın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi isə saytımızın sorğusuna belə cavab verib:

“AMEA-nın Tarix İnstitutunda magistratura təhsilinin birinci ilini başa vuran doqquz magistr haqqında bizə heç bir rəsmi sənəd daxil olmayıb. Qeyd edilən doqquz magistrdan da heç biri bu və ya digər məsələ haqqında rəsmi qaydada Tarix İnstitutunun rəhbərliyinə müraciət etməyib. Tarix İnstitutunun Təhsil şöbəsi də həmin magistrlara rəsmi qaydada hər hansı məlumat verməyib. Əgər İnstituta bu məsələ barəsində rəsmi məlumat daxil olsa, magistrlar dəvət ediləcək və onlara da məlumat veriləcək. Tarix İnstitutu bütün hallarda burada təhsil alan magistrların arzu və təkliflərini dinləməyə, imkanı daxilində məsələnin müsbət həllinə dəstək verməyə hazırdır”.

AMEA-nın Magistratura şöbəsi isə əməkdaşımızın suallarına belə cavab verib:

“Öz magistrlarımızdır, biz də AMEA-da oxumalarını istəyərdik. Bu, Elm və Təhsil Nazirliyinin qərarıdır. Nə deyə bilərik?!”

Məsələyə aydınlıq gətirilməsi üçün Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*