Əttökən seriallar, Mətanətin əsəblərə toxunan şaqqanaq gülüşü və ya televiziyaların GÜLÜNC DURUMUbackend

Əttökən seriallar, Mətanətin əsəblərə toxunan şaqqanaq gülüşü və ya televiziyaların GÜLÜNC DURUMU

Müasir həyatımızı televiziyasız təsəvvür etmək mümkün deyil. Televiziya həm də fərqli zövqləri özündə birləşdiriən sehirli məkandır. Tamaşaçılara müxtəlif mövzularda verilişlər təklif edən televiziyalardan gözləntilər daha çox olsa da, teleməkanda baş alıb gedən xaos tamaşaçı zövqünə  təsir edir, onu formalaşdırır.

Televiziya həm ideoloji, həm milli dəyərlərin təbliğində misilsiz xidmətləri olan xüsusi sahədir. Deməli, televiziya işi xüsusi peşəkarlıq tələb edir. Amma Azərbaycan teleməkanının hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Nə baş verir? Uğursuz proqram siyasəti səbəbindən teleməkan çal-çağır, manıs yığnağının caynağına keçib. Bəzi kanallarda həftənin beş günü dedi-qodu, ağlamaq, vay-şüvənlə tamaşaçı toplayan kanalların aparıcıları şənbə və bazar günləri fərqli profillərdə o qədər xoşbəxt görünürlər ki, elə bil bizi həftə ərzində televiziya kanallarından didərgin salan adamlar bunlar deyillər. Yəqin söhbətin ATV və ARB-dən  getdiyini anladınız. Bu kanallar sanki Zaur Bəxşəliyevlə Xoşqədəm Hidayətqızının  rəqabət meydanıdır.

Biri evləndirir, digəri ayırır, biri itirir, o biri dərhal tapır, biri güldürür, digəri ağladır. Həftə içi beş gün  qonaqlarına ağıl verən aparıcılar şənbə və bazar fərqli ampulada olur. Adətən ailə üzvlərinin iştirakıyla başlayan dəm-dəsgaha xüsusi qonaqlar dəvət olunur. Səhər tezdənin vur- çatlasınında ağız deyənin qulağı eşitmir. Beş gün ağladıqlarının stresini atmağa üstünlük verən ailə ansamblı yeni iş həftəsinə xoş ovqatla gedir və bazar ertəsindən başlanan “itirib axtarma” şousuna yeni ovqatda hazırlaşır.

Bir qədər sonra isə həmin kanallarda yenə “yaradıcılıq rəqabəti” başlayır. Bir tərəfdə Zaur Kamalın dəvət edib mırt tutduğu, qonşu kanalda Nanənin ağlamsına-ağlamsına sənət adamlarının öz ampluasında təqdim edilməsi. Onlar da aparıcıların  təqdimatından feyziyab olub efirdən yeni-yeni “toy tutmaq” kampaniyasını uğurla davam etdirirlər. Bayağı mahnılar həm də tamaşaçı zövqünə toy tutur. Bu mənzərə hər gün təkrarlanır və əsəblər tarıma çəkilir.

Bunlardan canını qurtarmaq cəhdin də bir nəticə verməyəcək. Ya qonşu kanallarda yayımlanan əttökən seriallar, ya da “Xəzər” TV-də Mətanətin əsəblərə toxunan şaqqanaq gülüşü qarşına çıxacaq. Daha sonra “Komedixana”…

Nə qədər gülmək istəsən də, alınmır…

Arada tamaşaçıda idman kanallarında yayımlanan yarışlara da baxmaq həvəsi yaranır. Avropanın futbol turnirləri “CBC sport”da yayımlandığından televizorun pultunda bu kanalın düyməsini axtaran tamaşaçını heyrət bürüyür. Azərbaycan dilindən xəbəri olmayan aparıcıların söz kasadlığı, bəsit danışıq tərzi anındaca sezilir. Amma dişini-dişinə sıxıb bir təhər dözürsən. Azərbaycan dilinə yeni terminlər əlavə edən “yeni nəsil” İtaliyanın “İnter” komandasında çıxış edən erməni futbolçunun adını tez-tez elə həvəslə çəkir ki, elə bil İtaliyada antiazərbaycan təbliğatı aparan həmin erməni futbolçu deyil.

Aparıcılarımızın “İnter”in erməni futbolçusuna xüsusi sevgisinin haradan və necə qaynaqlandığını demək çətindir. Bəlkə deyəcəklər idman siyasətdən ayrıdır və şərhçilər yarış zamanı siyasətdən uzaqdırlar. Amma ən böyük siyasət elə idmandır. Özü də böyük turnirlər zamanı dövlətlərin siyasi xətti açıq-aydın sezilir. Bunu  yaxınlarda İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında da gördük.

Deməli, teleməkanın problemi bitib tükənmir. Peşəkarlıq, kadr çatışmazlığı, öz işinə biganə yanaşmaq verilişlərdə özünü göstərdikcə tamaşaçı da televiziya verilişlərindən daim narazı qalacaq.

Vəli Həsənov,

KONKRET.az

  • Garachanta
    İyun 7, 2023 - 22:39

    ELM TEXNOLOGİYADAN UZAQ OLAN JURNALİSTLƏR VƏ TV-LƏR….EKRANLARDA F…..NA ƏXLAQINI REKLAM EDƏN VERİLİŞLƏR ….MƏNİM YAZIQ MİLLƏTİM

  • Elxan
    İyun 9, 2023 - 10:16

    zaurlar…mətişlər və xoşqədəmlərin səviyyəsiz verlişləri milləti çox bezdirib……onlara görə , demək olar ki əhalinin böyük hıssəsi Az.tel.proqramlarına baxmır…….çox səviyyəsiz verlişlər insanları artıq usandırıb……amma maarifləndirici proqramlar yox səviyyəsindədir.Aidiyyatı qurumlar nə düşünür……İçtimai davranışları,yol-hərəkət qaydalarını,müasir texnologiyaları-elmi və .s təbliğ-təşviq edici proqramların olmasına çox ehtiyac var……

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*