Bu günlərdə Qazaxıstan Respublikasında yaşayan Qərbi Azərbaycanlılar Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Regional Ofisinin rəhbəri Matilda Boqnerə müraciət ünvanlayıb. Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının Qazaxıstan Respublikasındakı rəsmi nümayəndəsi, Astana şəhərindəki “Aromat” parfümeriya zavodunun baş direktoru Zakir Binnətli KONKRET.az-a müsahibə verib. Həmin müshibəni təqdim edirik:
– Zakir müəllim, məlum olduğu kimi, Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar Matilda Boqnerə müraciət ünvanlayıb. Bu müraciət isə bu gün Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması gündəmi ilə üst-üstə düşüb. İstərdik, müsahibəmizdə bu mövzu üzərində çox dayanaq.
– Doğrudur, məhz mənim təşəbbüsümlə və istəyimlə belə müraciət hazırlandı. Həmin müraciətdə biz xüsusi olaraq öz doğma torpaqlarımızdan zorla qovulmuş, Qazaxıstan Respublikasında yaşayan Qərbi Azərbaycanlıların kobud şəkildə pozulmuş hüquqlarını İnsan Hüquqları üzrə Ali Komissarlığının Regional Ofisinin rəhbəri Matilda Boqnerə çatdırmağı özümüzə unudulmaz mənəvi borc bilirik.
Biz həmin müraciətdə vurğuladıq ki, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar SSRİ ali hakimiyyətinin dəstəyi sayəsində müxtəlif vaxtlarda ermənilər tərəfindən vaxtaşırı qovulub və öz doğma yurdlarından deportasiya edilib. Xüsusilə misli görünməmiş qəddarlıq nəticəsində 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə bu ərazidə mütləq çoxluq təşkil edən azərbaycanlılar öz doğma yurdlarını tərk etməyə məcbur olublar.
SSRİ və Ermənistan SSR-in güc strukturlarında olan o vaxtkı rəhbərlərin cinayətkar sui-qəsdinə əsasən, bu ilkin Azərbaycan torpaqları bir qələmlə Ermənistanın yurisdiksiyasına verildi. Bu məqsədlə azərbaycanlıların kütləvi şəkildə məcburi köçürülməsi həyata keçirildi. Bu cəzalandırıcı köçürmə tədbiri xüsusi amansızlıqla, kütləvi fiziki qırğınla, ardınca isə cinayətin izlərinin gizlədilməsi ilə müşayiət olundu.
Nəticədə minlərlə insan həlak oldu. Köçürülmə zamanı nə maddi, nə də mənəvi dəyərlərin itirilməsi nəzərə alınmadı. Qeyd olunan dövrlərdə azərbaycanlı əhalinin öz yurd-yuvalarından məcburi qovulması vəziyyəti daha da ağırlaşdırdı.
– Sürgün illərində yaşadığınız hər şeyi xatırlayarsınızmı?
– Böyük ürək ağrısı ilə. Bəzən özümüz də hansı möcüzədən sağ çıxdığımıza təəccüblənirik. Zorla köçürülənlərin bir hissəsi bir vaxtlar Azərbaycanda sığınacaq tapıb, digər hissəsi isə Avrasiya qitəsi ölkələrinə dağılıb. Təsəvvür edin ki, babalarınızın və atalarınızın əsrlər boyu əldə etdikləri əmlakı, ən yaxşı uşaqlıq illərinizi keçirdiyiniz evi bir anda itirirsiniz və həyat dönməz və əbədi olaraq çökür. Bizi evimizdən qovduqda, özümüzlə əmlakımızın kiçik bir hissəsini, əşyalarımızı, praktiki olaraq yalnız paltarlarımızı aparmağa icazə verdilər. Təbii ki, heç kim öz iradəsi ilə ata-baba ocağını qoyub, yurdunu əbədi tərk etməyi ağlına belə gətirməyib. Lakin o vaxtkı Sovet Ermənistanının hakimiyyəti insanları repressiyaya məcbur etdi, müqavimət göstərənlər isə ölümlə hədələnərək məhv edildi.
İqlim və həyat tərzinin dəyişməsinə tab gətirə bilməyən bu məcburi köçkünlərin müəyyən hissəsi yad ölkədə dünyasını dəyişib. Müxtəlif sənədli mənbələr köçürmə zamanı ölənlərin sayının on minlərı çatdığını göstərir. Və başqa ölkələrə pənah gətirən, yerli iqlim şəraitinə uyğunlaşan, doğma yurd həsrətinə, ağır talelərinin kədərinə dözə bilməyən insanlar qəfil dünyasını dəyişib.
– Zakir müəllim, indi Azərbaycanda yaşayam soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmaq ümidi artıb…
– Bu, Azərbaycanın haqq savaşında qələbəsinin nəticəsidir. Hazırda biz, Qərbi Azərbaycandan, yəni indiki Ermənistandan olan yetkin və artıq qocalmış mühacir nəsli qəlbimizdə kədər və ağrı ilə doğma yurdumuzla bağlı xatirələrimizi övladlarımız və nəvələrimizlə bölüşürük. Bəli, onlar hələ ata-analarının, babalarının, nənələrinin ata-baba yurdu olan beşiyi görməyiblər, amma hekayələrimiz onları ruhlandırır, kədərləndirir və təbii ki, nə vaxtsa əcdadlarının doğma ocaqlarını görəcəklərinə ümid verir
Bildiyiniz kimi, 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə nəticəsində Azərbaycan işğalçıları öz torpaqlarından çıxararaq öz ərazi bütövlüyünü bərpa edib. Bir neçə gün əvvəl Azərbaycan ildırım sürəti ilə antiterror əməliyyatı keçirərək, Rusiya sülhməramlı kontingentinin daxil olmasından sonra yerləşdirilməsi davam edən Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından torpaqlarımızı tamamilə təmizlədi. Xarici KİV-lərin yazılarını, eləcə də bəzi beynəlxalq təşkilatların tribunalarından çıxışlarını izləyəndə Azərbaycanın tarixi torpaqlarında – Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə yaşayan ermənilərin haqları ilə bağlı hayqırtılar eşidirik. Azərbaycan hakimiyyətinin bu torpaqlardakı ermənilərin mülki əhalisinin bütün hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı verdiyi vədlərə baxmayaraq, bəzi psevdosiyasətçilər, yarı-siyasi artistlər, şoumenlər onların həyatları ilə bağlı yalan, əsassız narahatlıqlarını bildirirlər. Biz Azərbaycan hakimiyyətinin dürüstlüyünə, verdikləri vədləri və öhdəlikləri şübhəsiz yerinə yetirmələrinə heç vaxt şübhə etməmişik. Biz əminik ki, bu məlum hadisələrdən sonra Azərbaycanda erməni əhalisinin həyat səviyyəsi əvvəlkindən qat-qat yaxşılaşacaq.
– BMT sizin bu çağırışınıza, müraciətinizə reaksiya verəcəkmi?
– Bilirsiniz, əgər yanaşma birtərəfli olsa, regionda heç vaxt əbədi sülh olmayacaq. Axı bütün dünya bilməlidir ki, baş verən cari hadisələr və geosiyasi sferada baş verən dəyişikliklər fonunda son yüz ildə öz doğma torpaqlarımızdan dəfələrlə vaxtaşırı məcburi qovulmağa məruz qalmış Qərbi Azərbaycanın yerli sakinləri olan biz mühacirləri bir sual maraqlandırır: Dünya ictimaiyyəti nə vaxt bizim hüquqlarımızdan, yəni Qərbi Azərbaycandan olan qaçqınların tapdalanan və unudulan hüquqlarından danışmağa başlayacaq? Evimizə nə vaxt qayıdacağıq? Onlar heç vaxt bu sualdan qaça bilməyəcəklər. Əks təqdirdə, ikili standartlar daha dərin problemlərə yol açacaq.
Bizim tapdalanmış hüquqularımız bərpa edilməlidir. İndi bu suallar daha da aktuallaşıb: Dağıdılmış məscidlərin qalıqlarını, mədəni-tarixi abidələrimizin xarabalıqlarını, atalarımızın, babalarımızın tapdalanmış, yerlə-yeksan edilmiş məzarlarını nə vaxt ziyarət edə biləcəyik? Azərbaycanın Qarabağ bölgəsindəki 50 min erməninin faktiki olaraq pozulmamış hüquq və azadlıqlarını bütün dünyada dilə gətirən beynəlxalq strukturlar Ermənistandan qovulmuş, təhqir olunmuş yüz minlərlə azərbaycanlının pozulan hüquqlarını niyə müzakirə etmirlər?
Biz beynəlxalq qurumlara etdiyimiz müraciətdə bir daha vurğulamışıq ki, sağlam düşüncəyə, etik və mənəvi standartlara zidd olan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmayıb. Azərbaycan hakimiyyətinin səylərinə və zorla qovulmuş azərbaycanlıların xahişlərinə baxmayaraq, Ermənistan hakimiyyəti otuz ildən artıqdır ki, qaçqınların zorla tərk edilmiş torpaqlardakı əcdadlarının ziyarətgahlarını və məzarlarını ziyarət etməyə icazə vermir.
Bütün yuxarıda deyilənlərə baxmayaraq, biz hələ də qəti şəkildə inanırıq ki, BMT beynəlxalq hüquqların, ümumən insan hüquqlarının rifahı naminə fəaliyyət göstərir. Və o, çağırışını siyasi təsir və münasibətlərin tənzimlənməsi aləti kimi deyil, bəşəriyyətin ən yüksək mənəvi dəyərlərinin qorunması hesab edir. Ümid edirik ki, BMT ədalətli çağırışlarımıza və istəklərimizə cavab verəcək. Biz insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq strukturların ədalətinə ümidimizi itirmirik. Biz həmçinin inanırıq ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Mərkəzi Asiya bölməsi pozulmuş hüquqlarımızın bərpası üçün təcili tədbirlər görəcək.
– İki ölkə arasında nəhayət sülhün bərqərar olmasına inanırsınızmı?
– Hesab edirik ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli qarşıdurmanın sona çatması iki xalq arasında münasibətlərin normallaşması üçün tarixi şans yaratdı. Bu mühüm amil Ermənistandan zorla qovulmuş azərbaycanlıların tapdalanmış hüquqlarının bərpasında, bütövlükdə azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşamasının bərqərar olunmasında müstəsna rol oynayacaqdır.
Biz həmçinin ümid edirik ki, Ermənistanın onilliklər boyu davam edən və beynəlxalq norma və prinsiplərin əsaslarını sarsıtmağa yönəlmiş destruktiv hərəkətlərinin dayandırılması üçün tədbirlər bundan sonra da davam edəcək.
Müsahibəni aldı: Rəsmiyyə Şərifova,
KONKRET.az