Məlum olduğu kimi, Azərbaycanda yeni dələduzluq növü yayılıb. Belə ki, kiberdələduzlar süni intellekt (AI) vasitəsilə şəxsin saxta görüntüsünü və səsini hazırlayaraq, onların yaxınlarından pul istəyirlər. Bir müddət əvvəl Avropada yayılan bu dələduzluq üsulunun indi ölkəmizdə geniş yayıldığı bildirilir.
Bu kimi hallara qarşı mübarizə necə təşkil olunmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov həyəcan təbili çalmağın vaxtının çatdığını bildirib:
“Süni intellekt vasitəsilə insanların səslərini və görüntülərini eyniləşdirilərək videolar hazırlanır və onların yaxınlarından pul tələb olunur. Bu halı daha əvvəl Avropada müşahidə edirdik. Çünki süni intellekt daha effektiv video və səs eyniləşdirməsini ingilis dilində edə bilirdi. Açığı, bu dələduzluq metodunun ölkəmizə bu qədər tez ayaq açacağını gözləmirdim. Çünki sözügedən vasitənin Azərbaycan dilində uğurla tətbiqi o qədər də inandırıcı deyildi. Çünki AI bizim dilimizi peşəkarcasına dəstəkləmir. Daha əvvəl dövlət başçısı İlham Əliyevin adından video hazırlanmışdı. Bu məqam xüsusidir. İndi isə individual olaraq hər kəsin adından video hazırlamaq mümküdür. Bir şəxsin səsinin və görüntüsünün eyniləşdirilməsi asan başa gələn proses deyil. Şikayətlərin də olduğunu nəzərə alsaq, artıq həyəcan təbili çalmaq olar. Bu, dələduzluğun daha geniş yayılacağının göstəricisidir”.
Ekspert sözügedən problemlə effektiv mübarizə yollarından da danışıb:
“Ehtimal etmək olar ki, bu dələduzluq növü ölkə üçün ciddi nəticələrə gətirib çıxara bilər. Azərbaycan internet seqmentinin səriştəliliyi olduqca aşağıdır. Aldananlar çoxdur, ehtiyatlı olmalıyıq. Dələduzluq növünün qarşısını hər hansı texnologiya ilə almaq olmaz. İnsanlar mimika və jestlərdən videonun həqiqi və ya saxta olduğunu müəyyən etməlidirlər. Hazırki müddətdə bunun qarşısını ala biləcək hansısa texnoloji vasitə yoxdur”.
Məlik Məlikov,
KONKRET.az