Ermənistanda siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyan yeni bəyanatlarıyla düşmən ölkədə siyasi gündəmi yenidən bir-birinə qatıb. O, Qarabağ məsələsi ilə bağlı Ermənistanın əvvəlki üç prezidentini debata dəvət edib. Eyni zamanda Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakdan yayınıb. Səbəb isə çox sadədir. Guya Paşinyanın kovid testi müsbət çıxıb. Bununla da Rusiyaya getməyən Ermənistan baş naziri Qərbdən ona verilən təlimatlara uyğun addım atıb. Məsələylə bağlı siyasi ekspertlərin fikirlərini öyrəndik.
KONKRET.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirdi ki, Paşinyanın qərarı düşünülmüş qərardır:
“Bunu sadəcə olaraq karonavirusla əlaqələndirmək bəhanədir. Ermənistan baş naziri orada Rusiya prezidenti ilə üz-üzə gəlməkdən sadəcə ehtiyat edir. Eyni zamanda Kazan toplantısında Azərbaycan prezidenti ilə apardığı danışıqdan sonra yalançı durumda olduğu üçün, bu görüşdən yayındı. Çünki Kazan toplantısında geniş tərkibli bir heyətlə görüş olmuşdu. Kazan görüşünün kifayət qədər konstruktiv keçdiyi ilə bağlı məlumatlar mediada əks olunmuşdu. Sadəcə olaraq ondan sonrakı dövrdə biz Ermənistanın davranışlarına baxdığımızda yenə də ziq-zaqlı hərəkətlər və bəyanatlardan savayı hansısa əməli addımların atılmadığını gördük”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə hesab edir ki, Nikol Paşinyanın Sankt-Peterburqa getməməsinin səbəbi Ermənistanla KTMT arasında pozulan əlaqələrdir:
“Buna görə də Ermənistan baş naziri MDB sammitinə qatılmadı. O, bilir ki, sammitdə Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısında götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsi ciddi müzakirə ediləcək. Eyni zamanda Ermənistanla KTMT arasında pozulan əlaqələr də müzakirəyə çıxarılacaq. Paşinyan başa düşür ki, Sank-Peterburqa gedəcəyi təqdirdə ona bir çox suallar ünvanlanacaq. Bu sullardan da yayınmaq üçün koranavirus ortaya atıldı. Burada əsas məsələ Aİİ-nin iclaslarında Ermənistanın iştirakı məsələsi idi. Ermənistan Aİİ-dən xeyli iqtisadi yardım alsa da, Rusiya qarşısında götürdüyü öhdəliklərdən yayınır. Ona görə, başa düşür ki, MDB sammitində Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı Paşinyan sorğu-suala çəkilə bilər”.
Ermənistanda baş verən son hadisələr göstərir ki, düşmən ölkənin hakimiyyət dairələri daxili auditoryaya hesablanan bəzi açıqlamarla gündəmi dəyişmək niyyətindədir. Nikol Paşinyan əvvəlki ölkə başçılarını tənqid etməklə, onları Qarabağla bağlı siyasətlərinə görə ittham edib. Dünən isə baş nazir Ermənistanın əvvəlki üç prezidentini debata çağırıb. Amma onların hər üçü Paşinyanın dəvətini rədd edib. Oqtay Qasımov bunu Ermənistanın daxili siyasi vəziyyəti ilə əlaqələndirir və hesab edir ki, Qarabağ məsələsi ilə bağlı Ermənistandakı siyasi qüvvələr arasında ziddiyətli mövqelər var: “Xüsusilə də Paşinyan hazırkı durumda onu tənqid edən oppnentlərinə cavab vermək və onları özünün bəyan etdiyi məsələlərlə bağlı müzakirəyə çəkmək istəyir. Paşinyan onlar üzərində müəyyən psixoloji üstünlüyə nail olmaq məqsədi ilə debat təklif edir. Çünki özü də dəqiq bilirdi ki, onlar müzakirəyə gəlməyəcəklər. Paşinyanın son dövrlər özünün də partiyasının da reytinqi xeyli azalıb. Bu da Paşinyana müəyyən qədər nüvuzunu qaldırmağa kömək edə bilərdi. Faktiki olaraq keçmiş prezidentlər bu debatdan imtina etdikləri üçün, Paşinyan gələcəkdə bununla bağlı manipulyasiya edəcək və bu ona təbliğat üçün əla fürsət yaradacaq”.
Tural İsmayılov isə hesab edir ki, Paşinyanın keçmiş prezidentləri debata çağırması Ermənistan daxilində nəbz yoxlamağa hesblanıb: “Buna görə də Paşinyan özündən əvvəlki rəhbərləri Qarabağ məsələsində “günahkar” çıxarmaq istəyir. Amma buna baxmayaraq Paşinyanın Azərbaycan əleyhinə kampaniya aparması bir daha onu göstərir ki, Ermənistan iqditarında təmsil olunanların normal ağlı və məntiqi yoxdur. Bu gün Ermənistanın həm keçmiş, həm də indiki komandası işğaıçı zehniyyəti və mahiyyəti daşımağa davam edir. Hələ də Qarabağ mövzusunun Ermənistanın daxilindəki ictimai-siyasi müzakirələrdə manipulyasiyalara çevrilməsi də onu göstərir ki, erməni cəmiyyəti doğurdan da böyük bədbəxtlik içərisindədir”.
Vəli Həsənoğlu,
KONKRET.az