Rusiyanın təcavüzkar hücumu başlayandan bəri Ukraynanın bütün təbəqələrinin bir nöqtəyə vurmasına, Prezident Volodimir Zelenskidən tutmuş siyasi elitanın bütün təmsilçilərinin sarsılmaz mövqeyinə qibtə etməmək mümkün deyil. Ən heyrətamiz cəhət isə ukraynalı parlamentarların bütün dünyanı öz tribunalarına çevirmək bacarığıdır.
Deyəcəksiniz ki, nə olsun, 44 günlük müharibə dövründə bizə qələbə qazandıran, bir neçə dildə müxtəlif KİV-lərə və jurnalistlərə müsahibə verən, dürüst, qətiyyətli mövqeyi, diplomatik bacarığı ilə özünə böyük rəğbət qazanan Prezident İlham Əliyev həmin missiyanın öhdəsindən təkbaşına gəlirdi. Üstəlik, Prezident Administrasiyasının üzdə olan bəzi məmurları da alnımızı açıq, üzümüzü ağ edirdilər. Amma cağdaş dövrdə erməni faşistləri üzərində qazandığımız parlaq qələbəni həzm edə bilməyən bəzi azğın dünya quzğunlarının müstəqil dövlətimizin üzərinə gəldiyi kritik və vacib mərhələdə bu proses daha geniş miqyası əhatə etməlidir.
Bəzi istisnalar olmaqla, biz bacarıqlı, dünyanın bütün tribunalarından istifadə edə biləcək millət vəkillərinə həsrət qalmışıq. Qabaqcıl texnologiyanın inkişaf etdiyi bir zamanda özlərini millətin vəkilləri kimi qələmə verənlərin səsi dünyada eşidilmir. Halbuki dövlətimizə və xalqımıza qahmar çıxmaq birbaşa onların boynunun borcudur. Parlamentdə mikrofonu kəsilən və yaxud telekanallardakı ictimai rəyə təsir etməyən verilişlərə dəvət almayan kimi (oxu: şəxsi maraqlarına toxunulanda) özlərini az qala cəmiyyətin “vicdanı” kimi qələmə verənlərin sükuta dalması dərin düşüncələrə yol açır.
Əlbəttə, açıqlamaları ermənilərin “Noyan Tapan” kimi eybəcər kanallarında deyilənlərdən fərqlənməyən radikal müxalifətin funksionerlərinin və Qərbin qarşısında təzim edən, Gəncənin, Bərdənin dinc sakinlərinin gecəyarısı yataqlarında olarkən bombalanması göstərişini verən Paşinyanı demokrat adlandırmaq qədər özlərini alçaldan bəzi “azərbaycanlı” jurnalistləri bir kənara qoyuruq.
Azərbaycandakı bütün proseslərdə yalnız qara rəngi axtaran qüvvələrə Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” cavabını hamı yaxşı xatırlayır. Amma dövlət başçısının bu bəyanatı iqtidar cinahında olan qüvvələrin susması üçün səsləndirmədiyini də sağlam düşüncəli insanlar çox yaxşı anlayır.
Elə təəssürat yaranır ki, bəzi qüvvələr sanki pusquda dayanıb, hadisələrin kimin xeyrinə nəticələnəcəyini gözləyirlər. Artıq adət etmişik, İlham Əliyev administrasiyasının səyləri ilə proseslər Azərbaycanın xeyrinə həll olunan kimi həmin qüvvələr “mən də varam” görüntüsü yaratmağa çalışırlar. Halbuki dövlətimizin müstəqilliyini sidq-ürəkdən istəməli olan millət vəkilləri milli maraqlar naminə hakimiyyətin ağır yükünü xəfiflətməyə çalışmalıdırlar. Deyəsəksiniz ki, belələrinin danışmağındansa, susması daha yaxşıdır, çünki indiyədək siyasi səhvləri və ya tarixi şəxsiyyətlərə “divan” tutmaları ilə əllərini üzlərinə-gözlərinə bulaşdırıblar.
Çox uzağa getməyək. Bu günlərdə ermənilərin və havadarlarının təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qətnamə qəbul edilməsinə növbəti cəhd oldu. Parlament üzvlərimizdən biri olan Qüdrət Həsənquliyev iclas bitən kimi Ermənistanın və Fransanın istəyinə çatmamasını “Azərbaycanın böyük diplomatik uğuru” adlandırdı. Amma dərhal həmin uğurda rolu olan Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevi tənqid etməyi də unutmadı. Sən demə, Yaşar Əliyev həmin gərgin iclasda zərərçəkən kimi ciddi tələblərlə (Ermənistanın Azərbaycana kompensasiya ödəməsi, müharibə cinayətlərinə dair xüsusi tribunalın yaradılması) çıxış etməyib və müdafiə olunub.
Bu sözləri vaxtilə guya Qarabağ məsələsinin həlli məqsədilə Azərbaycanın dövlət müstəqilliyinə zidd təkliflər (Qoşulmama Hərəkatından imtina etmək, Rusiyanın ölkəmizdəki maraqlarını təmin etmək, Moskvanın yaratdığı Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq, Qəbələdə Rusiyanın hərbi bazasını bərpa etmək) səsləndirən bir zatın söyləməsi həqiqətən nonsensdir! Gör kim BMT-nin Təhlükəsizlik Şurasında çıxışını, heç şübhəsiz, rəsmi Bakı ilə razılaşdıran daimi nümayəndəmizə nəyi necə deməyi öyrədir?!
Biz az qala dünyanın müxtəlif ölkələrinin deputatlarını və siyasətçilərini tanıyır, onların müxtəlif tədbirlərdə və ya telekanallarda müsahibələrini dinləyirik. Bu gün demək olarmı ki, bizim “millət vəkilləri” ABŞ və Ukrayna KİV-lərində Azərbaycanın və Türkiyənin mənafe və maraqlarını, Qarabağ həqiqətlərini vaxtilə rəsmi Bakının kəskin tənqidçisi olmuş, 44 günlük Vətən savaşından sonra isə bütün narazılıqlara moratorium qoymuş politoloq Ramiz Yunus kimi müdafiə edə bilir? Əlbəttə, yox.
Qüdrət Həsənquliyevin həm partiya sədri, həm də deputat kimi həmkarı olan Fazil Mustafa isə informasiya savaşında sipər olmaq əvəzinə ya Babəki, ya da Şah İsmayılı təftiş edir. Vaxtilə Fazil Mustafa da Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Onun Strasburq tribunasından erməni faşistlərini və ya ermənilərə havadarlıq edən avropalı siyasətçiləri ifşa edən alovlu çıxışını xatırlayan varmı?! Hər halda bizim yadımıza gəlmir. Çıxış bir yana qalsın, indiyədək Fazil Mustafanın hansısa avropalı siyasətçini və ya jurnalisti ölkəmizin dostları sirasına cəlb etdiyi və ya beynəlxalq mediada çıxış etdiyini görən olub?
Amma Fazil Mustafanın ölüb getmiş tarixi şəxsiyyətlərlə (Şah İsmayıl, Babək) “informasiya savaşı”na çıxmasını, xalqımıza Məmməd Əmin Rəsulzadənin yolu ilə getməyi tövsiyə edib, Cümhuriyyət qurucusunun dövründə qəbul edilən Azərbaycanın Dövlət himninin dəyişdirilməsi təklifini dəstəklədiyini “məmə deyəndən pəpə deyənə” kimi hamı bilir.
Üstəlik, belə adam Mədəniyyət Komitəsinin üzvüdür. Düzdür, Fazil Mustafa gəncliyində şeir yazdığını, hətta dərc olunduğunu da vurğulayıb. Amma, yəqin ki, şair kimi “Xətai” təxəllüsünü daşıyan Şah İsmayıl onun Mədəniyyət Komitəsi üzvü olmasını özünə həqarət saya bilərdi. Üzeyir bəyin və Əhməd Cavadın müəllifləri olduqları Dövlət himninin müdafiəsinə qalxan və Fazil Mustafaya peşəkar cavabı verən bəstəkar Cavanşir Quliyevin də eyni cür düşündüyünü təxmin etmək olar.
“Sənin xuliqanlığına cavab verməyəcəm. İnsanın bir sifəti olar, bir vicdanı olar. …bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir və bunu açıq bəyan edir. Himn qəbul olunarkən (1992) ordaydı (hökümətdə) və susdu… Bir də unutma: sən və sənin kimiləri heç vaxt Üzeyir bəyi təftiş edə bilməzsiniz. Sizin buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər”, – deyə bəstəkar vaxtilə “facebook” səhifəsində Fazil Mustafaya cavab yazmışdı.
Qeyd edək ki, Fazil Mustafa “Azərbaycan əsgəri” marşı ilə təkcə ordumuzu deyil, bütün xalqımızı ruhlandıran Çavanşir Quliyevi o zaman “ağılsız və geri zəkalı” adlandırmışdı…
Əlbəttə, müstəqillik illərində zabit kimi Azərbaycan Ordusuna hərbi xidmətə göndərildiyi üçün Azərbaycan hakimiyyətini məhkəməyə verən Fazil Mustafadan da nəhəng addım gözləmək niyyətində deyilik. Əslində iqtidar ona böyük yaxşılıq edib. Çünki Fazil Mustafa indi Milli Məclisin deputatı kimi bioqrafiyasında Azərbaycan Ordusunda xidmət etdiyini xüsusilə qeyd edir. “2001 – 2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində tağım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib”.
Hərçənd bərbad babəkşünaslığı onun adını sosial şəbəkələrdə gülüş obyektinə çevirib. Bu günlərdə Rasim Balayevlə görüşü zamanı İlham Əliyevin “xalq qəhrəmanımız Babək” deməsi, tanınmış kinoaktyorun isə “Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək sizsiniz, biz onun obrazını oynayırıq” deməsi yenidən Fazil Mustafanın adının sarkazmla gündəmə gətirilməsinə səbəb oldu.
2014-cü ildə Azərbaycan hökumətinin Fətullah Gülən camaatına məxsus nurçular təriqətinə qarşı kütləvi həbsləri başlanan zaman deputat Fazil Mustafa onlardan biri olduğu barədə ittihamları rədd etdi. Biz də “əcinnə ovu”na çıxmağın tərəfdarı deyilik. Amma həmin vaxt Fazil Mustafa “Nursuzluq təhlükəsi” məqaləsi ilə Azərbaycanda Gülən camaatına məxsus təhsil ocaqlarının bağlanmasına etiraz etdi və nurçuları “fədakar pedaqoqlar” adlandırdı. “Azərbaycanın təhsilinin daha da geriləməsində, bu fədakar pedaqoqlara, bu məktəblərin savadlı və dövlətinə, millətinə bağlı məzunlarına qarşı ədalətsiz ittihamların, böhtanların səsləndirilməsində rol aldığınıza görə, mütləq utanacaqsınız. Bundan sonrasına bu gözəl məmləkətimiz üçün tək bir təhlükə görürəm: Nursuzluq təhlükəsi”, – yazmışdı Fazil Mustafa.
Amma 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd və gecədən səhərə kimi Ankara və istanbulda davam edən qorxunc hadisələr, 265 nəfər Türkiyə vətəndaşının həlak olması, yüzlərlə insanın yaralanması Gülən camaatının necə nursuzluq təhlükəsi olduğunu sübut etdi. Sonrakı illərdə ABŞ-ın qoruyub-saxladığı Fətullah Gülənin isə adının və milliyyətinin dəyişdirildiyi, dinə sızan bir erməni oğlu olduğu üzə çıxdı. Bu həm də Fazil Mustafanın siyasi korafəhimliyinin sübutu idi. Amma buna görə deputatın utanc hissləri keçirib-keçirmədiyindən xəbərimiz yoxdur.
Bir məsələ isə tamamilə aydındır. Gələcək nəsillər də Şah İsmayılı Səfəvilər dövlətinin qurucusu, bəd ayaqda “Xətai” təxəllüslü şair, Babəki 22 il ərəblərə qarşı mücadilə aparan xalq qəhrəmanı kimi xatırlayacaqlar.
Əsrlər öncə dünyasını dəyişmiş insanlara mənasız hücum edən, milli-azadlıq hərəkatından doğan Azərbaycan Xalq Cəbhəsinin sıralarında olarkən Cümhuriyyət dövrünün qəbul etdiyi Azərbaycan himninin sədaları altında yumruğunu göyə qaldıran, amma AXC-ni tərk etdikdən və deputat olduqdan sonra həmin himnin dəyişdirilməsi təklifini dəstəkləyən, “qanuni oğru”nu dostu adlandıran jurnalistin və “feto”çuların müdafiəsinə qalxan Fazil Mustafanı isə heç xatırlamayacaqlar…
Çünki AXC-Müsavat hakimiyyəti dövründə təcrübəsiz olduğunu bilə-bilə yüksək vəzifədən imtina etmədiyini və hazırda da yaxşı millət vəkili olmadığını etiraf edən də Fazil Mustafa özüdür. (https://moderator.az/az/musahibe/160183/oxlari-uzerime-geldi-ki-senin-szunden-sonra-elcibeyin-tereddudleri-var).
Onun “…Təcrübəsiz, 27 yaşında dövlət hüquq şöbəsinin müdiri postunu tutmuşdum” və “Hesab edirəm ki, yaxşı millət vəkili deyiləm. O baxımdan ki, yaxşı millət vəkili olmaq üçün deputatın fəaliyyət göstərə biləcəyi mühit olmalıdır” etirafları heç də səmimiyyətdən irəli gəlmir. Bu, “mən yaxşıyam, amma hakimiyyətlər pisdir” mesajının verilməsi deməkdir.
İngilislər demişkən, “no comment”…
KONKRET.az-ın ANALİTİK QRUPU
Heydər Əliyev Hakimiyyətə gələndə Fazil Mustafa Türkiyəyə qaçmışdı.