Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı mövqeləri fərqlidirbackend

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı mövqeləri fərqlidir

Rusiya və Ukraynanın mümkün atəşkəslə bağlı irəli sürdükləri şərtlər bir-birindən ciddi şəkildə fərqlənir və bu fərqliliklərin razılaşdırılması zəruridir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya səfəri zamanı qatarda onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

“Adətən hər iki tərəf atəşkəs istədiyini deyir, heç kim buna qarşı olduğunu açıq şəkildə ifadə etmir. Amma əslində, hər iki tərəfin bu məsələdə fərqli tələbləri var. Danışıqlar və vasitəçilik də bu fərqli tələbləri ortaq məxrəcə gətirmək üçün aparılır,” – deyə Fidan qeyd edib.

Nazir əlavə edib ki, Rusiya tərəfi atəşkəsin müvəqqəti xarakter daşımasından narahatdır:
“Rusiya haqlı olaraq sual edir: 30 günlük atəşkəsdən sonra müharibə yenidən başlayacaqsa, bunun mənası nədir? Onlar konkret nəticə əldə olunmasını istəyirlər. Bu da təbii ki, onların danışıqlara yanaşmasına təsir edir.”

Fidanın sözlərinə görə, Ukrayna və Rusiya mövqeləri ilkin mərhələdə bir-birindən uzaq olsa da, vasitəçilik yolu ilə tərəfləri ortaq nöqtəyə gətirmək mümkündür.

“Burada ABŞ-nin rolu xüsusi önəm daşıyır. Prezident Donald Trampın iradəsi var və o, dərhal atəşkəsin əldə olunmasını istəyir. Hazırda Ukrayna və Avropa Vaşinqtonun mövqeyinə uyğunlaşmaqda elastiklik göstərir. Əgər Rusiya da eyni elastikliyi nümayiş etdirməsə, bu, ABŞ baxımından onu əlverişsiz mövqeyə sala bilər,” – deyə nazir vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*