“Formula-1 və AVRO-2020-nin 4 oyununun Azərbaycanda keçirilməsi tarixi hadisədir” – RƏYbackend

"Formula-1 və AVRO-2020-nin 4 oyununun Azərbaycanda keçirilməsi tarixi hadisədir" - RƏY

“Azərbaycan COVID-19-la mübarizədə ən effeftli tədbirlər həyata keçirən ölkələrdən biridir. Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-ün rəhbərliyinin açıqlamaları da təsdiqləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əldə olunan uğurlar, nailiyyətlər məhz siyasi strategiyanın məntiqi yekunudur”.

KONKRET.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkədə COVID-19-la mübarizə tədbirləri bu gün öz müsbət nəticəsini verir:

“Azərbaycan həm də vaksinasiyaya start verən ilk ölkələrdən biridir. Artıq karantin rejimi yumşaldılıb. Ona görə də ölkəmizdə çox vacib tədbirlərin keçirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, Vətən müharibəsi bitəndən dərhal sonra Qarabağda tikinti-bərpa işlərinə start verilib və hazırda proses geniş vüsət alıb. Hesab edirəm ki, bütün bunlar dövlətimizin gücündən, qüdrətindən və cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən xəbər verir”.

C.Osmanov bildirib ki, bu ay Azərbaycanda çox böyük əhəmiyyətə malik olan beynəlxalq idman yarışları keçiriləcək:

“Dünyaca məşhur Formula-1 yarışının və AVRO-2020-nin 4 oyununun ölkəmizdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir və tarixi hadisədir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə bağlı təcrübəsi çox böyükdür. Onu da qeyd edim ki, pandemiyadan əvvəl ölkəmiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib, o cümlədən dünya səviyyəli idman yarışlarını uğurla keçirib. Bütün bu tədbirlər Azərbaycanın dünyada tanıdılmasına öz töhfəsini verib. Məhz bu tədbirlər zamanı və ondan sonrakı müddətdə Azərbaycana xarici ölkələrdən çoxsaylı turistlər gəliblər. Turist səfərləri isə həm də ölkəmizin büdcəsinə əlavə vəsaitin daxil olması deməkdir. Azərbaycanın müharibədən cəmi 7 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik səfərbər olma qabiliyyətini göstərir”.

Deputat onu da qeyd edib ki, Formula-1 yarışının və futbol oyunların keçirildiyi günlərdə bəzi məhdudiyyətlərin tətbiq olunması gözlənilir:

“Əminəm ki, bütün vətəndaşlarımız bunu anlayışla qarşılayacaqlar. Çünki bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanıdılması, turist axını, həqiqətlərimizin dünyaya çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Azərbaycan vətəndaşları hər zaman Prezidentinin və dövlətinin yanındadır. Məhz bizim birliyimiz nəticəsində düşmənə qalib gəldik və tarixə adımızı qızıl hərflərlə yazdıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*