Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiya prezidenti Vladimir Putini Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə razılıq verməyə çağırıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Zelenski yaranmış fürsətdən istifadə edərək şəxsən İstanbulda görüşməyə və birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirib. Fransa rəsmisi qeyd edib ki, bu təklif sülhə aparan yolda əhəmiyyətli addım ola bilər və rəsmi Moskva bu çağırışı ciddi şəkildə nəzərə almalıdır.
Nazir eyni zamanda vurğulayıb ki, istənilən sülh prosesinin başlanğıcı üçün əsas və zəruri şərt döyüş əməliyyatlarının dayandırılması, yəni atəşkəs rejiminin tətbiq olunmasıdır. Onun fikrincə, münaqişənin siyasi həllinə doğru ilk real addım yalnız o zaman mümkün ola bilər ki, hər iki tərəf silahları susdursun və masa arxasında oturmağa razı olsun.
Jan-Noel Barro əlavə edib ki, Fransa və beynəlxalq ictimaiyyət münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və bu cür təşəbbüsləri dəstəkləməyə hazırdır. O, Türkiyənin vasitəçilik səylərini də yüksək qiymətləndirib və İstanbulun danışıqlar üçün əlverişli neytral məkan olduğunu bildirib.
Qeyd edək ki, Rusiya tərəfi hələlik bu təklifə rəsmi cavab verməyib. Lakin Fransanın çağırışı və Ukrayna liderinin danışıqlara açıq olması münaqişənin gərgin diplomatik mərhələyə keçə biləcəyi ehtimalını gücləndirib.
Natiq Səlim,
KONKRET.az