Fransanın ən utancverici tarixinin baş memarı – Fransa ermənilərin əlində oyuncağa dönübbackend

Fransanın ən utancverici tarixinin baş memarı - Fransa ermənilərin əlində oyuncağa dönüb

Elman Babayev, əməkdar jurnalist

Makron müharibə vaxtı Paşinyana sms mesajlar göndərirmiş

Fransa prezidenti Emmanuel Makronun ifrat ermənipərstliyini ortaya qoyan yeni faktlar ortaya çıxmaqdadır. Hamıya bəllidir ki, 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq hüququ, ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığını və səlahiyyətlərini ayaqlar altına atıb bütün imkanları ilə Ermənistanın yanında dayanan Makron anti-Azərbaycan mövqeyini açıq şəkildə sərgilədi. Onun bu heç bir dövlətlərarası və beynəlxalq hüquq normalarına uyğun olmayan mövqeyi noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan sonra da davam etməkdədir.

Ermənistanın “Qraparak” nəşrinin yazdığına görə, imzalanma olayından bir neçə gün sonra Fransa prezidenti erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanmaqla yanaşı, onları diqqətlə dinləyib. Sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta sms mesajlar yazdığını nəzərə çatdırıb. Bildirib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlayıb. Ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”-, deyə Makron vurğulayıb. Makron, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. “Qraparak” nəşri yazır ki, bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi.

Qəzetin təqdim etdiyi faktlar Makronun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin daşıyıcısı olduğunu isbat edən mühüm dəlillərdir. Bir daha isbat olunur ki, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində dərk edir. Onun hərəkətləri, açıqlamaları həmişə məhz bu anlamaya adekvat olub. Vasitəçi olan bir ölkənin belə mövqeyə söykənməsi, ilk növbədə onun bitərəfliliyini tam şübhə altına alır. Bu, illərdir Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyinin ciddi əsaslara söykəndiyini ortaya qoyur.

Gözləmək olardı ki, Ermənistanın açı məğlubiyyətindən sonra Makron reallığa uyğun davranacaq və üzdə də olsa ermənipərəst mövqeyini müəyyən qədər arxa plana daşıyacaq. Ən azı ona görə ki, vasitəçi mandatı daşıyan Fransa kimi bir dövlətin Ermənistan kimi rəzil gündə olan ölkənin istəklərinə uyğun idarə olunması xoş olmayan mənzərə yaradır.

Fəqət nə yazıq ki, Makronun ermənipərəstliyinin sağalmaz xəstəliyə çevrildiyi günümüzün reallığıdır. Onun açıqlamaları və bütün fəaliyyəti bir daha təsdiqləyir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmaq niyyətini çoxdan torpağa gömüb. Və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə israrlıdır. Fransa prezidenti ölkəsinin bütün maraqlarını erməni lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdırmaq xəttinə tam sadiqdir desək, yanılmarıq. Makron ölkəsində kök salmış erməni lobbisinin tam təsiri altında olduğunu və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış etdiyini böyük həzzlə nümayiş etdirir.

Hərbi-əməliyyatlar zamanı Makronun Azərbaycan Prezidenti İlham Əliyevə üç gündən bir zəng etməsi, beynəlxalq hüququ bir kənara buraxıb Ermənistanın diktəsi ilə hərəkət etməsinin üzərindən çox keçməyib. Fransa prezidentinin sərgilədiyi çılpaq qərəzli mövqe, bu ölkədə münaqişə ilə bağlı obyektiv yazılar hazırlayan jurnalistlərin təzyiqlərlə üzləşməsi hamının yaxşı xatirindədir. Bütün imkanlarını səfərbər edərək hərbi-əməliyyatların Ermənistanın maraqlarına uyğun bitməsinə çalışan Makron 9 noyabr bəyanatından sonra reallığı həzm etmək istəmir. Fransa Senatının davranışları da məhz buradan qaynaqlanır.

Ötən ay tələsik erməni lobbisinin dirijor çubuğu ilə Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə layihəsini qəbul etməsi ilə Azərbaycana təzyiq etmək, onun haqq işinə kölgə salmaq niyyəti güdülürdü. Amma sənədin taleyi rəsmi Bakının bəyan etdiyi kimi adi kağız parçasına çevrilməkdən uzağa getmədi.

Fransadakı erməni lobbisinin və onların tapşırıqlarına uyğun davranan Makronun hər addımda Azərbaycanla Türkiyə arasında olan əlaqələrin inkişafından narahatlıqları da qabarıq formada özünü büruzə verməkdədir. Fransanın davamlı xarakter alan cəhdləri həm də bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı istiqamətlənib. Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına olan paxıllığını gizlətmir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi əndişəyə düşdüyünü öz addımları ilə sübuta yetirməkdədir. Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin Ermənistan və Azərbaycan olmasının arxa plana keçirilməsi, Türkiyə faktorunun qabardılması siyasəti həm də buradan qaynaqlanır.

Beləliklə, Fransanın mövcud ən utancverici tarixinin müəllifi və baş memarı Makrondur. Bütün dünya görür ki, Fransa siyasəti və parlamentarizmi erməni güclərinin əlində oyuncağa dönüb. Belə getsə bu siyasətin Azərbaycanla Fransa arasındakı münasibətlərə ciddi xələl gətirməsi qaçılmaz xarakter alacaq.

İfrat erməniçilik Fransa kimi bir dövlətə heç də başucalığı gətirmir. Fransadan tək istənilən reallığı dərk etmək, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranmaqdır. Bu gün kasıb itinin adını Gümüş qoyduğu kimi, Fransaya da demokratiyanın beşiyi adı qoyulub. Məhz Makronun erməni diktəsinə söykənən mövcud siyasəti Fransanı demokratiya prinsilərini, beynəlxalq hüququ pozan ölkə durumuna salıb. İnsan haqlarının tapdalanması, Fransada aksiyaların vəhşicəsinə dağıdılması görüntüləri nə yazıq ki, adiləşməkdədir.

Makron və onun kimilərinin bütün çabalarına rəğmən, əksər dünya gücləri Azərbaycan liderinin, xalqının qətiyyəti sayəsində əldə olunan qələbəni dəstəkləyir.Anlamaq lazımdır ki, müstəqil siyasət yürüdən Azərbaycana hansısa yolla təzyiq etmək mümkün olmayacaq. Bunu görmək üçün Azərbaycanın son 30 illik tarixinə baxmaq yetərlidir.

Xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli addımları da bunu bir daha isbat etdi ki, rəsmi Bakı ilə təzyiq dili ilə danışmaqla nəyəsə nail olmaq mümkünsüzdür!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*