Milli Məclisin dünənki iclasında Fazil Mustafa Azərbaycanın Avropadakı diplomatik missiyalarını tənqid edən çıxışla yadda qalıb. Səbəb Fransa senatında Azərbaycan əleyhinə qəbul olunan qətnamədir. Deputatın etirazı ondan ibarət olub ki, “Necə ola bilər ki, bir parlamentdə 256 (295) nəfər hamısı Azərbaycan əleyhinə səs verdi? 30 ildir orda bizim diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni ordakı səfirlərimizin heç 1-2 şəxsi dostu, 5-6 tanışı da yoxdur?”.
KONKRET.az Fazil Mustafanın bu mövqeyinə qarşı çıxan tənqidi fikirləri bölüşməzdən əvvəl bir faktı qeyd etmək istəyir ki, bəli, xaricdə olan diplomatlarımız oradakı siyasi dairələrlə əlaqə qurmaqda daha fəal olmalıdırlar. Çünki bu işin hamısını lobbi və diaspor fəallarımızın üzərinə yıxmaq olmaz. Diasporumuza tam yarıtmaz desəm, yalançı olaram. Elə Fransa senatının “qətnamə” müzakirəsi zamanı “Qarabağ şikəstəsi” sədaları ilə binanın qarşısında etiraz edirdilər. Erməni lobbisi isə “qətnaməsi” ilə birgə binanın içində idi. Bəli, bu baxımdan onlara uduzuruq.
Fazil Mustafanın etirazı ilə bağlı ona cavab kimi yazılan məqalədə deyilir:
“Deputat tənqid hədəfini səhv salıb. Dünya praktikasında parlamentlərarası diplomatiya anlayışı mövcuddur. Bəs Fazil Mustafanın xəbəri var ki, onun özü Azərbaycanın Almaniya və Belçika parlamentlərarası işçi qrupunun üzvüdür? Fazil Mustafa həmin ölkələrin hansısa bir parlamentarisini Azərbaycan tərəfə çəkə bilib? Parlamentlərarası qrup üzvü olaraq nəsə edib? Bilməyibsə, həmin qrupları tərk etsin. Çünki parlamentlərarası işçi qrupların fəaliyyətsizliyi Azərbaycana qarşı yeni qətnamələrin qəbulu deməkdir. Diplomatların işi də “bu, həmin ölkənin hökumətinin yox, sırf parlamentinin mövqeyidir” cavabı ilə kifayətlənəcək”.
Yazıda məqsəd Fazil Mustafanın tənqidini özünə qarşı istifadə etmək deyil. Çünki Fazil Mustafa xalqın eşitmək istədiyi və ya əhalinin problemlərini dilə gətirən 4-5 deputatdan biridir. Yaxşı ki, təbii ehtiyatlar, aqrar, əmək və sosial istiqamətli komitələrin üzvlərinin siyasətdən danışdığı bir vaxtda Milli Məclisdə rifahla maraqlanan tək-tük deputat var. Sadəcə, çoxdandır deputatlar və onların millətə vəkilliyi barədə yazmıram. Bununla yanaşı, Azərbaycana qarşı olan ermənipərəst qətnaməni fransızlar qəbul edib. Ona görə də, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna nəzər yetirək:
İşçi qrupunun rəhbəri Soltan Məmmədovdur. Qrupda Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamran Bayramov, Kamal Cəfərov, Rauf Əliyev, Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Hicran Hüseynova, Nurlan Həsənov, Azər Kərimli, Azay Quliyev, Sevil Mikayılova, Elman Məmmədov, Ramin Məmmədov, Razi Nurullayev, Könül Nurullayeva, Elman Nəsirov, Qənirə Paşayeva kimi deputatlar var.
Adama 1 fransızı əhilləşdirməklə, düz yola gətirməklə İrəvan əleyhinə 20 səs toplamaq olardı. “Dama-dama göl olar” məsəli ilə gələcəkdə bu sayı artırıb indiki “senat bataqlığın”dan çıxmaq mümkündür. Özü də ki, bu qrupun üzvü olan deputatlar arasında işğaldan azad olunan, hətta hazırda sülhməramlıların müvəqqəti məsuliyyət zonası sayılan ərazidə doğulanlar var:
– Tural Gəncəliyev Şuşada doğulub;
– Elman Məmmədov Xocalıda doğulub;
– Ramin Məmmədov Ağdərədə doğulub;
Qrupun deputatları arasında əslən Sisian və Qubadlıdan olanlar da var. Yəni vətən həsrətilə yaşayan deputatlar Qarabağla bağlı istənilən ermənipərəstliyə daha həssas yanaşa bilərlər. Ya da bu fəaliyyətlərin qarşısını almaq üçün əllərindən gələni əsirgəməzlər. Yəqin! Sadəcə, hazırda gətirilə bilən bəhanə daha çox reallığı əks etdirir. Çünki Makron Fransası doğrudan da ermənipərəstdir və Paris bunu gizlətmir. Ancaq bu da hansısa deputatın fəaliyyətsizliyinə haqq qazandırmır. Elə diplomatların da!
Anar Rəhimov,
KONKRET.az