“Futbolçuların yox, mənim səhvimdir” – Şahin Diniyevbackend

"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev

“Deyiləsi çox söz yoxdur. Belə qollar buraxandan sonra nəsə gözləmək mənasızdır. Yaxşı komandaya qarşı oynadıq. Səviyyə, fərdi baxımdan rəqib futbolçular bizdən güclü idilər. Lakin çox bəsit qollar buraxdıq. “Araz-Naxçıvan”ı təbrik edirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Ardıcıl dördüncü oyunda uduzdunuz. Bunun axırı hara gedir?

– İsti-isti düşünməyə zamanım yoxdur. Tez məğlub olub geri çəkilmək də düz deyil. Faciəvi bir şey yoxdur. Komanda oynayır. Biz neçə qol vurmalıyıq ki, qalib gələk? Bu, məni çox maraqlandırır. Gələcəyə baxmalıyıq. 7 oyundan sonra nəyəsə qərar vermək tezdir. Son oyunlar bəxtsizliklə üzləşirik. Düzəlməliyik, başqa yolumuz yoxdur.

– Gələcəyə baxanda nə görürsüznüz? Düşünürsünüz ki, bu, doğru yoldur?

– Siz məndən bir cavab istəyirsiniz, o cavabı almayacaqsınız. Bunu əvvəldən deyirəm. Birbaşa soruşmursunuz ki, getmək, istefa vermək fikriniz var? Bunu mədəni dildə çatdırmaq istəyirsən. Gələcəyə pis baxmıram. Komanda bu gün futbol oynayırsa, deməli, nəsə ümid var. Ümid sonda ölür. Nəticə də yoxdur, oyun da olmasaydı, siz deyənlə razılaşardım. Bu gün oyun var, nəticə yoxdur. Çox arqumentlər qoya bilərsiniz. Haqlısınız. Ancaq düşünürəm ki, 7-8 tur keçib. Hər şeyin sonu deyil. Belə oyunla bu qədər xal, tutduğumuz yer tərs mütənasibdir. Səbəb axtarmıram. İndi nə desəm, nöqtəyə gedib çatmır. Bunu anlayıram, uşaq deyiləm. Fakt göz qabağındadır.

– “Səbail” sonuncu pillədə qərarlaşan “Kəpəz”dən cəmi 1 top az buraxıb. Müdafiədə nələr baş verir?

– Düz deyirsiniz. Fakt qoydunuz ortaya. Nə desəm, qəbul olunmayacaq. Amma bu gün buraxdığımız 2 qola baxın. Autdan biz qol buraxırıq. Autdan qol buraxmaq olar? Bu, ilk belə hal deyil. Standartlar zamanı qapımız qarşısında qolun iyi gəlir. Mən nə qədər sistemi dəyişsəm də, alınmır.

– Bu qollar təsadüfdür, yoxsa sizdə nəsə şübhələr var?

– Məndə futbolçuya, komandaya qarşı şübhə olmur. Sadəcə bir bomba bir yerə bir dəfə düşər. Bizdə bir bomba 10 dəfə eyni yerə düşür. Mən bundan sanballı cavab verə bilmirəm. Özüm də qalmışam belə… Bir nöqtədən o qədər qol buraxmaq olmaz axı. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*