“Gedin, əlinizdən gələni “beş qaba çəkin!” – CAVABbackend

"Gedin, əlinizdən gələni "beş qaba çəkin!" - CAVAB

Bu gün media üzrə ekspert Ələsgər Məmmədli demokrat.az saytına istinadən https://konkret.az/media-reyestrine-qarsi-hucumlar-ve-sebebleri-niye-indi-iran-izi/ verdiyimiz bir yazının dərhal silinməsini tələb edir, əks təqdirdə bizi məhkəmə ilə hədələyir: “Mən həmin yazının təkzibi üçün qanunla müəyyən olunan 3 günlük müddəti vermişəm və silinməsə, məhkəməyə müraciət edəcəm. Siz məhkəmə perspektivi olan bir yazını təkrar verməklə özünüzü risk altına qoyursuz. Odur ki, həmin yazını dərhal silməyiniz doğru olar”.

Sözün açığı, cənab Məmmədlinin yazıya qarşı bu qədər dözümsüzlüyünü gözləmirdim. Bir media eksperti olaraq daim media azadlığından danışan, məmurların jurnalistləri məhkəməyə verməsini söz azadlığının pozulması kimi qələmə verən bir şəxsin belə münasibəti başadüşülən deyil. Ölkədə söz azadlığı və media ilə bağlı bütün məsələləri Avropa Məhkəməsinə daşıyan ekspertin tənqidə bu qədər dözümsüzlüyü əcəba nədən xəbər verir? Yoxsa bu ölkədə yalnız dövlətmi, hakimiyyət nümayəndələrimi tənqid olunmalıdır?!

İndi bundan sonra tənqidə, mülahizə və fikirlərə, iddialara bu qədər dözümsüz yanaşan Ə.Məmmədliyə və onun kimi digər media ekspertlərinin səmimiliyinə necə inanasan?

Ekspert Media haqqında Qanunun 18 və 19-cu maddələrinin müddəalarını əsas tuturaq yazır ki, məqalədə adı çəkilməklə peşəkarlığı şübhə altına alınır, işgüzar nüfuzu zədələnir, habelə həqiqətlə heç bir əlaqəsi olmayan yalan və böhtana yer verilib, şərəf və ləyaqətinə ləkə atılıb.

İnanın, bu açıqlamanı oxuyarkən bilmədim gülüm, yoxsa halımıza ağlayım. Yəni doğrudanmı, cənab Məmmədli məsələni bu qədər şişirdə, hansısa mövqe bildirilən yazını şərəf və ləyaqət məsələsinə çevirə bilərmiş? Onda dövlətimizin yanında olan bizlər sizi məhkəməyə verə bilmərikmi?

Onda biz də Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətə “insan haqlarının pozulması”, “söz azadlığı”, “siyasi məhbuslar” kimi mövzular ortaya atan, bu sahədə ixtisaslaşan ekspertlərə dözümsüzlük nümayiş etdirə, onları məhkəmə dəhlizlərində süründürə, heç kəsi ağzını açmağa belə imkan verməyə bilərik.

Mən jurnalistəm, xəmirim belə yoğrulub. Kim məni məhkəmə ilə hədələyirsə, söz azadlığının qənimidir, düşmənidir. Axı şərəf və ləyaqətin, işgüzar nüfuzun nə olduğunu yaxşı bilirik. Tənqid etdiyimiz tərəfin söz haqqını tanıyırıq. Peşə kodeksini, Media haqqında qanunun tələblərini də unutmuruq. Dövlətçilik məsələsində mövqe də bildirəndə qırmızı xətti gözləyirik.

Bəs Ələsgər Məmmədli niyə belə qəzəbli görünür, dəymə-düşər olub?! Məgər o, tənqid edilə bilməzmi, bəlkə müqəddəs şəxsdir deyə toxunulmazdır, xəbərimiz yoxdur.

Cənab Məmmədli, əgər siz doğrudan da özünüzü ciddi media eksperti sayırsınızsa, haqqınızda deyilən iddialara qarşı tribunanızdan yararlana, öz arqumentlərinizi əsas gətirməklə sosial şəbəkələrdə söz azadlığının imkanlarından istifadə edə bilərdiniz. Deməli, sözə, tənqidə, alternativ yanaşmaya qarşı allergiyanız var.

İrandakı terror aktı və bu məsələdə Azərbaycanın haqlı mövqeyinin gücləndiyi məqamda haray-həşir salmağınız məncə başqa mətləblərdən xəbər verir. Deyirdilər, inanmırdım, amma bundan sonra məni nə iləsə təəccübləndirə bilməzsiniz. Ölkəmizdə söz azadlığının boğulması haqqında Avropaya, Dövlət Departamentinə, nə bilim Marsa qədər hər yerə məlumatlar ötürən ekspertin bu gün bizi məhkəmə ilə hədələməsi bir ayrı dərddir. Şəxsən mənim üçün hansısa jurnalisti və ya bir media subyektini məhkəməyə çəkən məmurla sizin heç bir fərqiniz yoxdur.

İndi mənə aydın oldu ki, aldığınız qrantlar hesabına öhdəliyinizə uyğun olaraq ən çətin vaxtlarda gündəmi dəyişir, əksər vaxt əsassız etirazlara siyasi don geyindirirsiniz.

Çünki elə bu ölkədə media problemlərini, vətəndaş etirazını ikili standartlarla siz təqdim edirsiniz.

Əgər belədirsə, büdcəni talayan məmurla, qrant hesabına həm dövlətin, həm də bir çox qələm adamının üstünə hiddətlə şığıyan ekspertin nə fərqi var ki?!

Yeri gəlmişkən, cənab Məmmədli, deyə bilərsinizmi, öz adlarını belə yaza bilməyən “jurnalistlərin” indi məhkəmələrə üz tutması kimlərin təhriki və dəstəyi ilə baş verir? Bəlkə bu, bizik?! Yox, əsas təhrikçilər bəllidir. Bu, o şəxslərdir ki, hazırda problemli məsələləri Avropa Məhkəməsinə çıxarılmasına dəstək verirlər. Aydın olur ki, “Suyu bulandırıb balıq tutanların” bu missiyası Avropadan ayrılan qrant layihələrindən “pay” almaq sevgisindən irəli gəlir.

Bu da sizə qanunla nəzərdə tutulan cavabımız. Məni məhkəmə ilə hədələdiyinizə görə isə sonda bunu demək istəyirəm: “Gedin, əlinizdən gələni “beş qaba çəkin!”.

Fadil Paşayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*