Bizim gözəl demokratiyamızda qaçılmaz və təkzibedilməz bir əminlik var: yerli fransızların dünyanın ən az inkişaf etmiş ölkələrindən gələn miqrantlarla “böyük əvəzlənməsi”. Yeganə mümkün gələcək islamlaşma, afrikalaşma və üçüncü dünya ilə bağlıdır. Bizim gözəl demokratiyamızda “xalqın suverenliyi” məfhumu məsxərə obyektidir. Xalqımız o qədər “suverendir” ki, hətta onu əvəz etmək belə olar. Biz öz ölkəmizdə başqa xalqlarla, başqa suverenliklərin daşıyıcıları ilə sanki yarışırıq! Nə gözəl cəsarət!
Öz ölkənizdə azlıq olmaq qorxusu
Bizim gözəl demokratiyamızda cinsi dəyişmək asandır. Amma ümumi gələcək haqqında öz sözünü demək mümkün deyil. Bu isə demokratiya dediyimiz şeydir. Çünki, sənin bu ölkədə başqa seçimin yoxdur. Qəriblər arasında həmişə yad olaraq qalacağımız bir dünyada yaşamaq məcburiyyətindəyik. Sanki fikri soruşmayan bir memar tərəfindən qurulmuş bir dünyada yaşayırıq. Hisslərimizin hər addımda incidildiyini, uşaqlarımızın mənzərələrini artıq tanımadığımızı və heç bir şeyin, qətiyyən heç nəyin bizə tanış görünməməsini vecinə almayan autistik memar, qlobalistlər məkanı. Bir növ kriminal memar tərəfindən dizayn edilmiş açıq hava həbsxanasıdır burası. Burada yaşamaq üçün qanuna tabe olmaqla yanaşı, məhbus yoldaşlarımızın qadağalarına, dəyərlərinə və ekzotik adətlərinə zidd olmadığımızı sübut etmək üçün daim axtarışda olmalıyıq…
Qərbi Avropanın başqa ölkələrində bu qaydalar gündəmdə deyil. Başqa millətlərə özünü ifadə etməyə icazə verilir. Onların varislik hüququ var. Hətta ən pis Afrika və ya Asiya diktaturaları xalqlara öz tarixlərinə sahib olmaq hüququ verir.
Yeni sərhədlər
Lakin Fransa tariximiz oğurlanıb. Bizə aidiyyatı olmayan problemlərlə məşğul olmaq məcburiyyətində qaldığımız üçün taleyimiz artıq öz əlimizdə deyil. Bir tərəfdən, bunlar inkişaf etməmiş ölkələrin tipik problemləridir: korrupsiya, ədəbsizlik, qohumbazlıq, müştəriçilik, məlumatsızlıq və gələcək üçün plan qura bilməmək. Bu bəlalar Afrika və Şərq ölkələrinə xasdır. Biz isə bu iki sivilizasiyanın davamına çevrildiyimizdən indi bu bizim problemimizə çevrilib. Digər tərəfdən, biz yalançı müxtəlifliyin acı meyvələrinin, yəni bir-birinə deyəcək heç nəyi olmayan sivilizasiyalar arasında uzunmüddətli təmasların nəticələrinin öhdəsindən gəlməliyik. Riyakarlığın kulminasiya nöqtəsi…
Niyə bu gün fransızlar və başqa sivilizasiyaların (islam, afrikalı və s.) nümayəndələri üçün ünsiyyət qurmaq çətindir? Çünki, sivilizasiyalarımız son min ili bir-birinə nifrət etməklə keçirib. Diaqnoz hər kəsə məlumdur, özünüzə ağrı vermək ləzzəti üçün onu açıqlamağa dəyməz. Bugünkü Aİ-də müxtəliflik ananın qaz klapanını işə salıb uşaqlarını alışqanla oynamağa çağırmasına bənzəyir. Mömin müsəlman qonşuları ilə birlikdə yaşayan gey cütlüyün partlayıcı potensialını təsəvvür edin. Bu, çoxları arasında yalnız bir nümunədir: Fransa milyonlarla minalanmış sərhədlər, həyat tərzində və emosiyalarında fərq yaradan dərin uçurumlarla kəsişib.
Bu gün iyirmi yaşına çatmaq, bütün ömrün boyu bu çətinlikləri hiss edəcəyinə və onların öhdəsindən gəlməyə çalışacağına əmin olmaq deməkdir. Bu gün iyirmi yaşda olmaq nəzarətsiz köçü mümkün edən nəsillərin qeyri-ciddi hərəkətlərinin və qorxaqlığının nəticələrini qəbul etmək deməkdir. Bu gün iyirmi yaşda olmaq xidmət etmək istədiyi işlərdə söz sahibi olmamaq deməkdir. Çünki hər addımda gerilik, separatçılıq, irsi vəhşilik məsələsi ortaya çıxacaq. Növbəti bir neçə onillik üçün gündəm qapalıdır. Avropa “quruculuğu” arzusunda olanlarla ya da mediamızın “matrisası”nda özlərini təcrid etmiş və fantaziyalarla yaşamalı olacaqsan.
Ətraf mühiti dəyişdirməkdən imtina
İndiki gənclər yəqin ki, səyahətin sevincini də yaşamayacaqlar. Heç olmasa valideynlərinin əsl Fransız Fransasında və əsl Avropa Avropasında gördükləri kimi yaşaya bilməyəcəklər. Artıq heç bir şey onları öz ekzotikliyi ilə heyran etmir. Çünki onlar bütün il boyu yadların arasında yaşayırlar. Mərakeş indi Fransa şəhərlərində məskunlaşıbsa, rəngarəng Marrakeşə səyahətdən necə zövq almaq olar? Afrika indi Saint-Denis və Çateletdə yaşayırsa, Rio-de-Janeyroda Braziliya qaradərililərinin mədəniyyətini necə qiymətləndirmək olar? Özünüz evdə qonaq kimi yaşayırsınızsa, yad adamların adətlərinə necə təəccüblənə bilərsiniz? Artıq xaricdə uşaqlarımızı heç nə heyrətə gətirməyəcək, yəni yad ləhcələrin və yeni bir şeylə tanışlığın yaratdığı o ləzzətli heyranlığı nəzərdə tuturam.
Nəhayət, ekzotikliyi aradan qaldıracağıq. Səyahətlərimiz bitdi. Biz dünyanın müxtəlifliyinə son verəcəyik.
Bu cinayət Avropa komissarlarının sönmüş bir görünüşlə səssiz razılığı (və alqışları) ilə həyata keçirilir. Bu qəddar paradoksdur: bizə təklif olunan yeganə Avropa anti-Avropadır. Onun taleyi toya bir gün qalmış oğurlanaraq ləkələnib yenidən gələcək ərinin yanına qayıdan təhqir olunmuş qızın taleyinə bənzəyir. O, artıq əvvəlki kimi deyil. Sevdiyi qızdan ancaq xatirələr, peşmanlıqlar qalıb. Avropa arzusu məsumluqdan məhrumdur.
Şikayət etmək yersiz olardı…
Amfiteatrın o biri tərəfində isə “respublikaçılar” şad, sağ-salamat görünür. Onlar böyük əvəzlənməni – 1789-cu ildə başlayan respublika layihəsinin yekun mərhələsi kimi görürlər. Onlar anlamırlar ki, 2000 illik tarixi məhv etmək və yeni bir tarixə başlamaq məqsədi daşıyan yeni Fransız İnqilabı edirlər. Fransa Respublikası azadlıq, bərabərlik və qardaşlıq simvoluna atdığı hər dinamit partlayışı ilə məhv edilir. Onun torpağında yaranan yeni xalqlar nadir hallarda yenidən bölüşdürülmə, ədalət və dünyəvilik prinsiplərinə uyğun idarə olunmağa razılaşmağa imkan verəcək mənəvi və mədəni münasibətlərə sahib olurlar. Çox vaxt “yeni fransızlar” bərabərliyə məhəl qoymayan və həmrəyliyi qan bağları ilə məhdudlaşdıran sivilizasiyanın daşıyıcıları olurlar. Fransa Respublikası öz ölüm əmrini imzaladı. O, getdikcə daha çox heç nə olmamış kimi yeriməyə davam edən başsız bədənə bənzəyir. Çünki sinir sistemi əzələlərə impulslar göndərir. Amma ruh, yəni mahiyyət artıq uçub gedib.
Biz isə adi insanlar avropaçılarla respublikaçılar arasındayıq. Şikayət etməyə haqqımız belə yoxdur. Böyük əvəzetməni pisləyən hər kəsi sosial basqı gözləyir. Onlar ksenofob hesab olunurlar. Yaxşı ki, mənim Mərakeş əcdadlarım bir az ksenofob idilər.Əks halda Mərakeş 1912-ci ildə Fransanın ona tətbiq etdiyi müstəmləkəçiliyi heç vaxt aradan qaldırmazdı!
Yəqin ki,oxucu şoka düşəcək ki, nə yaxşı ki, Fransanın müstəmləkəçiliyinə qarşı mübarizə aparan Əlcəzair Milli Azadlıq Cəbhəsi ksenofob idi. Yoxsa Əlcəzair də fransızlaşacaqdı! Xoşbəxtlikdən, Ho Çi Minh ksenofob idi. Əks halda Vyetnam hələ də bir ovuc maliyyəçinin əlində nəhəng rezin plantasiyası olardı!
Əslində, söhbət ksenofobiyadan deyil, özünü sevməkdən gedir. Bu, başqa insanlara olan sevgini istisna etməyən çox vacib bir sevgidir. Bu gün Fransada və bütövlükdə Qərbi Avropada çatışmayan şey sevgidir. Bu gün sevgi azdır, nifrət də çoxdur. “Almaq hüququ” pərdəsinin altında özünə nifrətin iyrənc siması gizlənir. Aşiqlər böyük əvəzi pisləyir. Nifrət düşərgəsi gizli şəkildə bu əvəzlənməni arzulayır və reallıqdan xəbərdar olan şahidlərə işgəncə verir. Bu apokaliptik dövrdə şər qalib gəlmək üzrədir. Bu, İsa peyğəmbərin zühuru üçün mükəmməl vaxtdır. Bizim sadəcə fanilər göydəki işarələrə baxmalı (inşallah) və sağlam nizam-intizama tabe olmalıdırlar: Romada biz Romalılar kimi yaşayırıq, Mərakeşdə Mərakeşlilər kimi… Bu yaxşıdır(mı)?
Driss Qali, ” Causeur” nəşri, Fransa,
Tərcümə etdi: Lətif.A,
KONKRET.az