“General Makaşovu hərbi hissəyə buraxmadıq…”- Yazıçının əsgərlik xatirəsibackend

"General Makaşovu hərbi hissəyə buraxmadıq..."- Yazıçının əsgərlik xatirəsi

Yazıçı-jurnalist Kərim Kərimli iki gündür ölkə gündəmində müzakirə olunan Keşikçidağ-sərhəd-əsgər olayı ilə bağlı olaraq əz əsgərlik xatirələrindən birini qələmə alıb və sosial şəbəkədə paylaşıb. Konkret.az mövzunun aktual, yazının maraqlı olduğunu nəzərə alaraq, onu öz oxucularına təqdim edir.

***

“…Mən sovet ordusunda hərbi xidməti Gürcüstanda keçirtmişəm. Bir çox şəhər və qəsəbələrini, kəndlərini gəzmişəm. Əsas xidmət yerim isə Tetri-Tskaro rayonunun Manqilisi qəsəbəsi, Axıska türklərinin ana vətəni olan Axalsix və Axalkələk rayonları (Cavaxetiya deyilən yerlər) olub. 1 il 7 ay 16 gün çəkən əsgərliyim zamanı 11 dəfə Azərbaycana məzuniyyətə və ezamiyyətə gəlmişəm. 10 günlük məzuniyyətlərdən birinin səbəbini bu günlərdə Gürcüstanla sərhəddimizdə baş verən hadisə ilə əlaqədar xatırladım.

…Bir dəfə karaul rəisinin köməkçisi idim. Gecə yarıdan sonra darvazanın zəngini basdılar. Karaulun rəisi kapitan Nikitin yatmışdı. Mən darvazaya qaçanda gördüm ki, qapıda dayanan növbətçi əsgər darvazanın o üzündəki adamla mübahisə edir. Gələnin kim olduğunu soruşdum, tanımadığını dedi. Gözlükdən baxanda darvazanın ağzında diviziyanın qərargah rəisi general Makaşovun dayandığını gördüm. Ətrafında da bir neçə nəfər var idi. Mən onu sifətdən tanıyırdım, əvvəllər keçirilən təlim və tədbirlərdə görmüşdüm. Deyirdilər ki, o, milliyyətcə gürcüdür və soyadı da əslində Makaşvilidir. Sadəcə hərbi karyerasının xatirinə Makaşov yazdırıb. Ancaq gələnin kimliyindən asılı olmayaraq biz hərbi nizamnamənin tələbinə əməl etməliydik. Etdik də. Burada təfərrüatı yazıb vaxt almaq istəmirəm. Makaşov elə qəzəblənmişdi ki, az qalırdı dəli kimi başını daşa-divara döysün. Gecə yarıdan keçməsinə baxmayaraq alay komandiri polkovnik Vozjayevi evindən bizim keşik çəkdiyimiz karaul yerinə gətirtmişdi…

Üç gün cəzalanacağımı, qauptvaxta göndəriləcəyimi gözlədim. Üç gündən sonra gecə yoxlaması zamanı komandir Vozjayev məni 1830 əsgərin qarşısında cərgədən çıxardıb “…Vətənə layiqli və nümunəvi xidmətə görə 10 günlük məzuniyyətlə mükafatlandırıldığımı” elan etdi…

…Demək istəyirəm ki, xidmət etdiyi ordu sıralarında Vətənə sədaqət andı içmiş istənilən əsgər istənilən halda, istənilən şərtlər daxilində öz vəzifə borcunu yerinə yetirməlidir. Düzdür, mənim danışdığım dövr, şərait, ölkə və ordu indiki haldan müəyyən mənada fərlənir. Ancaq bununla belə, ölkənin sərhədi müqəddəsdir və bu müqəddəsliyi tapdayan, tapdamağa can atan istənilən şəxs qanuna və hərbi nizamnaməyə uyğun cəzalandırılmalıdır…

Heç kim, xüsusilə də əmrə tabe olan əsgər sonranı fikirləşməməlidir.

Vətən və onun mənafeyi hər şeydən və hamıdan ucada dayanır!!!”

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*