Goranboyun kəndlərində sel fəsadlar törədib.
KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə güclü yağışın ardından yaranan sel suları Goranboyun 3 kəndində fəsadlar törədib.
Rayonun Goranlı, Qazançı, Kürəkçay kəndlərində təbiət hadisəsi zamanı həyətlərə, evlərə, tövlələrə su dolub. Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinin kənarında kiçik göl yardıb. Yağışdan sonra yaranan sel Goranlı kəndində 3 sakinin həyətinə dolub. Adıçəkilən kəndlərə qonşu olan Qazançıda da otlaq sahələrinə həmçinin sakinlərə məxsus həyətlərə, tövləyə su dolub.
Sakinlərin verdiyi məlumata görə, xırdabuynuzlu heyvanlar tələf olub. Güclü yağış kənd yollarını da yararsız hala salıb. Goranboy rayonun 3 kəndində selin yaratdığı fəsadların aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır.
Qeyd edək ki, iyun, iyul aylarının əvvəlində də Goranboyun bir neçə yaşayış məntəqlərində sel suları ciddi fəsadlar törətmişdir.
Ehtiram Muradov,
KONKRET.az