Son illərdə kompüter və smartfonlardan istifadənin artması ilə bağlı göz yorğunluğu və qızartısı kimi şikayətlər geniş yayılıb. Bu səbəbdən bir çox vətəndaşlar, xüsusilə də uzun saatlar ekran qarşısında çalışanlar, gözlərdə yaranan narahatlığı aradan qaldırmaq üçün apteklərdən həkim təyinatı olmadan göz damcıları alıb istifadə edirlər. Onlar bu preparatların zərərsiz olduğunu düşünürlər.
Maraqlıdır, göz damcılarından davamlı istifadə infeksiyanın inkişafına səbəb ola bilərmi?
Mövzu ilə bağlı oftalmoloq Kərim Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, müasir texnologiyalarla yanaşı, kompüter və digər ekranlı cihazların yaratdığı mavi işıq insan göz sağlamlığı üçün risk yarada bilər.
“Buna qarşı hal-hazırda mavi işıq filtri olan qoruyucu eynəklər və ekran üzlükləri mövcuddur. Mavi işıq şüalarından qoruyan hər hansı bir göz damcısı hazırda mövcud deyil”.
Oftalmoloq qeyd edib ki, bu vasitələrin özbaşına istifadəsi ciddi fəsadlara yol aça bilər.
“Məsələn, süni göz yaşı preparatlarının mavi işıqdan qorunmaq məqsədilə istifadəsi əks təsir göstərə bilər. Bu preparatlar təbii göz yaşı təbəqəsinin pozulmasına, nəticədə isə quru göz sindromunun yaranmasına səbəb olur. Steroid tərkibli damcıların uzun müddət və nəzarətsiz istifadəsi isə göz daxili təzyiqin artmasına və hətta korluq riskinə gətirib çıxara bilər.”
K.Hüseynov vurğulayıb ki, göz damcıları yalnız gigiyenik qaydalara və tibbi təlimata uyğun istifadə edildikdə infeksiya riski daşımır. Bu səbəbdən istənilən göz preparatının istifadəsi öncəsi mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.
Aynurə İsmayıl
KONKRET.az