Gübrənin qiymətinin artması Azərbaycana necə təsir edəcək? – ÖZƏL AÇIQLAMAbackend

Gübrənin qiymətinin artması Azərbaycana necə təsir edəcək? - ÖZƏL AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi pandemiyadan sonra yenicə dirçəlməyə başlayan qlobal iqtisadiyyata ağır zərbə vurdu. Müharibə dövründə Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar fonunda ölkələr arasında idxal-ixrac əməliyyatları xeyli zəiflədi. İqtisadi əlaqələrin zəifləməsi bir sıra məhsulların qiyməti artırdı. Belə məshullardan biri də ərzaq təhlükəsizliyində xüsusi rol oynayan gübrədir.

Bəs görəsən, qiymət artımlarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Elman Sadıqov cavablandırıb.

O bildirib ki, hazırda gübrənin qiymətləri bütün dünyada artmaqdadır:

“Bəzi ölkələrdə gübrənin qiymətlərində 80, 100 faiz artım müşahidə olunur. Qiymət artımının əsas səbəbi isə maya dəyərinin bahalaşması ilə bağlıdır. Ukrayna müharibəsi istehsal zəncirində qırılmaya səbəb oldu. Məlumdur ki, Rusiya və Ukraynanın gübrə istehsalında önəmli rolu var. Gübrə istehsalı üçün vacib hesab olan üç əsas element azot, fosfor və kaliumdur. Ən çox lazım olan gübrələrdən biri də azotdur. Çünki azot əlavə olaraq yemləmə gübrəsi kimi istifadə olunur. Bu yaxınlarda Azərbaycanın Sumqayıt şəhərində karbamid zavodu açılıb. Azərbaycan hazırda özü karbamid gübrəsi istehsal edir ki, onun tərkibinin 46.3 faizi azotdur. İdxal olunan gübrələrə nisbətən bu gübrənin qiyməti xeyli münasibdir. Yəni, yerli istehsalın olması belə bir məqamda çox vacibdir. Həmçinin, fosfor və kalium tərkibli qarışıq gübrələr ən çox işlənən gübrələrdən biridir. Təəssüf ki, Azərbaycan bu gübrələri yalnız idxal edir”.

Ekspert əlavə edib ki, ölkəmizi gübrə istehsalı ilə təmin etməliyik:

“Gələcəkdə gübrə idxalından asılı olmaq ölkəmizin ərzaq təhlükəsizliyinə birbaşa mənfi təsir edən amillərdən biridir. Çünki ərzaq istehsalında maya dəyərinə ən çox təsir edən məsələlərdən biri də gübrədir. Keyfiyyətli və daha çox məhsul istehsalı üçün gübrə ən vacib elementlərdən biridir və gübrə çatışmazlığı kənd təsərrüfatı sahəsində rentabelliyin aşağı düşməsinə səbəb olur. Qiymətlərin baha olması isə məhsulun maya dəyərini yüksəldir. Bu isə bütün dünyada ərzaq tədarükünə mənfi təsir edir. Bu proses əvvəldən proqnozlaşdırılırdı. Dünyanın ərzaq böhranına doğru getməsi barədə bir neçə il öncə alimlər müxtəlif fikirlər səsləndirilmişdi. Tədarük zəncirlərinin qırılması isə bundan sonra ərzaq böhranını daha da dərinləşdirə bilər”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*