Gürcüstan Rusiyadan gələn avtomobillərin girişini bağlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Gürcüstan hakimiyyəti Kazbegi-Yuxarı Lars gömrük məntəqəsində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan avtomobillərin ölkəyə girişini müvəqqəti məhdudlaşdırıb.
Qeyd olunur ki, bu gün Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsi mayın 5-dən bağlıdır.
“Mayın 5-dən tikinti və reabilitasiya işləri ilə əlaqədar (avtomobillər üçün yeni keçidlərin tikintisi məqsədilə) avtomobillər üçün mövcud keçidlərin işi müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda qeyd olunur.
Nazirlik Gürcüstana avtomobillə getmək istəyən turistlərə yükdaşımaları üçün nəzərdə tutulan yoldan istifadə etməyi tövsiyə edib.
Eyni zamanda, Maliyyə Nazirliyinin mətbuat xidməti məhdudiyyətlərin insanlara şamil olunmadığını vurğulayıb. Onların keçid məntəqəsindən hərəkəti həmişəki kimi baş tutacaq.
Xuraman Etibarlı,
KONKRET.az