“Gürcüstanda yaşayan azərbaycanlılara münbit şərait yaradılmalıdır” – MÜSAHİBƏbackend

“Gürcüstanda yaşayan azərbaycanlılara münbit şərait yaradılmalıdır” - MÜSAHİBƏ

Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayına öz fəaliyyəti ilə seçilən Gürcüstan azərbaycanlılarının nümayəndələri də qatılmışdı. Qurultay başa çatsa da, onun əks-sədası hələ də müzakirə olunmaqdadır. Fikirlərin müxtəlifliyini nəzərə alıb, bu və digər məsələlər barədə Gürcüstanda yaşayan soydaşımız, Zəfər Qurultayının iştirakçısı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin keçmiş icraçı direktoru Aygül İsayeva ilə söhbət etdik.

Aygül xanımın KONKRET.az-a müsahibəsini təqdim edirik:

Əsrarəngiz Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayında iştirak edən soydaşlarımızdan biri də sizsiniz. Mötəbər tədbirdən hansı təəssüratlarla ayrıldınız?

– Çox möhtəşəm tədbir oldu. Qurultayda 65 ölkədən 400-dən çox azərbaycanlı iştirak edirdi. Gürcüstanı 30-a yaxın iştirakçı ilə böyük heyətlə təmsil edirdik. Mənim Şuşa şəhərinə ikinci səfərim olsa da, Dünya Azərbaycanlılarının Qurultayında ilk dəfə iştirak edirdim. Qurultayın azad Şuşada Zəfər adı altında keçirilməsinin böyük tarixi və siyası mənası var. Bu tarixi günün bir hissəsi olmaq çox həyacanlı və qürurverici idi. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm.

Azərbaycan bütün dünyaya göstərdi ki, Qarabağ Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı çox möhtəşəm və yadda qalan çıxış idi. Cənab Prezidentin də qeyd etdiyi kimi, tarixi Zəfərdən sonra ilk dəfə olaraq dünya azərbaycanlıları bir yerə toplaşıb, azad Qarabağda, azad Şuşada qurultay keçirdi. 44 günlük müharibədə olduğu kimi, Zəfər Qurultayı da dünya azərbaycanlılarının birliyini, həmrəyliyini nümayiş etdirdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, haqq-ədalət mübarizəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ləyaqətlə mübarizə aparıb, parlaq Qələbənin əldə olunmasında müəyyən pay sahibi oldular. İstər müharibə dövründə, istərsə də post-müharibə dövründə dünya azərbaycanlılarının birliyi aparılan mübarizənin qalibiyyətlə başa çatmasında mühüm rol oynayıb və oynamaqdadır.

Dünya Azərbaycanlılarının V qurultayı siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edirdi. Panel iclaslarda vacib müzakirələr aparıldı və yekun olaraq mühüm sənədlər qəbul edildi. Yekun sənədlərin yekdilliklə qəbul edilməsi – qurultayın qətnaməsi, qurultay iştirakçılarının cənab Prezident İlham Əliyevə müraciəti, eləcə də beynəlxalq ictimaiyyətə müraciəti olduqca mühüm əhəmiyyət kəsb edirdi.

Cəmiyyətimizdə qəribə tendensiya var. Yəqin ki, siz də sezmisiniz. Tədbirdən sonra hər məsələdə nöqsan tapmağa çalışırlar. Siz belə hallara necə yanaşırsınız: bu, sağlam tənqiddir, yoxsa qərəzdir? Ümumiyyətlə, səsləndirilən iradlarda haqlı məqamlar vardı?

 İş olan yerdə nöqsan da olmalıdır, bu, təbii haldır. Ancaq bu qurultay o qədər yüksək səviyyədə təşkil edilmişdi ki, mən hansısa nöqsanın olmasını sezmədim. Qurultayın təşkil edilməsinə, demək olar ki, Azərbaycanın bir çox dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər cəlb edilmişdi, bütöv komanda işi görülmüşdü.

Azad Şuşanı hər kəs görmək istəyir. İndi Şuşada abadlıq, quruculuq işləri aparılır, görüləsi hələ də çox işlər var. Yerlər məhdud olduğundan V qurultaya digər qurultaylarla müqayisədə daha az insan cəlb edilmişdi. Bunu anlayışla qarşılamaq lazımdır. Buna görə incimək lazım deyil. Məgər biz gördüyümüz işin müqabilində nəsə ummalıyıqmı? Ümumiyyətlə, söhbət Qarabağdan gedəndə görülən, edilən işlərin müqabilində nəsə mənfəət güdmək, nəsə ummaq düzgün deyil. Əminəm ki, sidqi-ürəkdən, səmimi qəlbdən işlər görənləri heç vaxt belə xırdalıqlar narahat etməz. Qarabağda yenidənqurma, abadlıq işləri aparılır, növbəti qurultaylarda daha çox insanın qatılmasına şərait olacaq.

Qurultayın Şuşada keçirilməsi böyük hadisə idi. Bilirsizmi, 44 günlük müharibədə dünya azərbaycanlıları siyasi baxışından asılı olmayaraq bir yumruq kimi birləşmişdilər. Bu birlik insanda böyük fəxarət hissi yaşadırdı. Biz əslində buyuq, bu birliyi gördükcə insanın ürəyini dağa dönürdü.  Sevinənlərin sayı haqlı/haqsız, qərəzli/qərəzsiz irad bildirənlərdən qat-qat çox idi. Qlobal problemlər olduğu halda cılız işlərə baş qoşmaq vaxt itkisidir. İnformasiya müharibəsinin aparıldığı bir dövrdə çalışmalıyıq ki, fəaliyyətimiz Azərbaycanın maraqlarına ziyan gətirməsin, bunun üçün isə 44 günlük müharibənin gedişində göstərdiyimiz birliyi sona kimi qoruyub saxlamalıyıq.

İndi tez-tez diaspor quruculuğunda yeni mərhələnin başlandığı vurğulanır. Yeni mərhələ dedikdə, hansı proseslər nəzərdə tutulur? Qurultay nümayəndəsi kimi bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

– Azərbaycanlıların yaşadıqları ölkədə yerli cəmiyyətə daha sıx inteqrasiyası, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, siyasi təşkilatlarda, dövlət və hökumət strukturlarında təmsilçilik imkanlarının genişləndirilməsi nəzərdə tutulan proseslərin əsasını təşkil edir. Bu istiqamətdə işlər artıq başlayıb.

Son bir neçə ildə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mütəşşəkil qüvvə kimi təşkilatlanmasında, lobbiçilik fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur. Bunun ən bariz nümunəsini biz İkinci Qarabağ müharibəsində gördük. Haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında dünya azərbaycanlıları, soydaşlarımız misilsiz xidmətlər göstərdilər. Azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi çox önəmlidir. Zəfər Qurultayının keçirilməsi də bu yöndə atılan addımlardan oldu. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarda milli məfkurənin, milli şüurun güclənməsi, azərbaycanlı icmalar arasında mütəşəkkilik, milli-mənəvi dəyərlərə bağlılığın bundan sonra daha da yüksəldilməsi üçün zəmin yaratmışdı.

– Siz vaxtilə Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru vəzifəsində çalışmısınız. Qonşu ölkənin köklü əhalisini təşkil edən soydaşlarımızın ictimai-siyasi proseslərə inteqrasiyasını necə qiymətləndirirsiniz?

– İnteqrasiya təhsildən başlayır. Sevindirici haldır ki, ilbəil Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya edən, gürcü dilini, öz hüquqlarını bilən ali təhsilli gənclərimizin sayı artmaqda davam edir. Azərbaycanın bununla bağlı rolu danılmazdır. 15 il bundan qabaq Gürcüstanın ali təhsil müəssisələrində barmaqla sayılacaq dərəcədə azərbaycanlı təhsil alırdısa, bu gün onların sayı minlərldir. İndi onların sayı 4000-i keçib. SOCAR-ın Gürcüstan nümayəndəliyi təkcə tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək olmur, həm də orta məktəb illərindən ödənişsiz kurslar təşkil etməklə, onların universitetə qəbul olmasına şərait yaradır. Təhsilə qoyulan sərmayə gələcəyə yatırım deməkdir.

Amma, təbii ki, gənclərin özlərindən də çox şey asılıdır. 5 il ərzində universitetdə oxuduqları müddətdə tələbələr də gecə-gündüz çalışmalı, öyrənməli, vaxtlarını səmərəli keçirməli, elmə, biliyə sahib olmalıdırlar. İnteqrasiya birtərəfli olarsa proses çox ləng gedər. İnteqrasiya ikitərəfli olmalıdır, yəni həm azərbaycanlılar arasında istək olmalıdır, həm də dövlət bunun üçün lazımı şəraiti yaratmalıdır.

İndi deyəcəyim fikri Gürcüstanın yerli mediasında dəfələrlə səsləndirmişəm. Bir daha qeyd etmək istərdim ki, Gürcüstan azərbaycanlıları diaspor deyil, biz öz tarixi torpaqlarımızda, öz Vətənimizdə yaşayırıq. Soydaşlarımızın Gürcüstan vətəndaş cəmiyyətinə sıx inteqrasiya olunmasında Azərbaycanın dəstəyini xüsusilə vurğulamaq istərdim. Hələ birinci Qarabağ müharibəsinin gedişində – Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğu çox çətin dövrdə Borçalıda yaşayan soydaşlar diqqətdən kənarda qalmamışdı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı da belə oldu. Gürcüstan vətəndaşları olan azərbaycanlıların təhsil haqlarının ödənilməsində heç bir problem yaşanmadı. Halbuki, Azərbaycanın bu qədər şəhid verməsi ilə əlaqədar olaraq həmin məbləğ “Yaşat” Fonduna keçirilsəydi, bunu hər kəs anlayışla qarşılayacaqdı. Məhz cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2008-ci ildən etibarən SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən Gürcüstanın dövlət ali təhsil müəssisələrində təhsil alan Gürcüstan vətəndaşı olan azərbaycanlı tələbərin təhsil haqları ödənilir.

Cənab Prezidentin göstərişi ilə SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən Gürcüstanda  yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra layihələr – məktəblərin, uşaq bağçalarının, idman komplekslərinin tikintisi və ya əsaslı təmiri, azərbaycanlıların yaşadığı kənd və bölgələrin  qazlaşdırılması, xeyriyyəçilik və sair işlər həyata keçirilir. Bu layihələrin əksəriyyəti daha çox Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə həyata keçirilir.

Soydaşlarımızın ictimai-siyasi proseslərə inteqrasiyası üçün xeyli işlərin görülməsinə ehtiyac duyulur. Düşünürəm ki, ilk növbədə ölkədə demokratik dəyərlər, multikultural dəyərlər inkişaf etdirilməli, təkmilləşdirilməli, Gürcüstanda yaşayan müxtəlif millətlərin nümayəndələrinə öz vətənlərində özlərini bərabərhüquqlu vətəndaş kimi hiss etmələri üçün münbit şərait yaradılmalıdır.

– Vaxtilə Gürcüstan azərbaycanlıları arasından Əlimərdan Topşubaşov, Əhməd Pepinov, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə kimi dövlət xadimləri çıxıb. Niyə müasir dövrümüzdə demokratik quruluşa malik Gürcüstanda belə azərbaycanlı liderlər yetişmir? Məsələn, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatların ictimai rəyə təsirindən danışmaq mümkün deyil.

A.İ.: Adını çəkdiyiniz dövlət xadimlərinin əksəriyyətinin ictimai-siyasi fəaliyyəti Azərbaycanla bağlı olub. İndiki müasir dünyamızda da, əslən Gürcüstandan olan ancaq Azərbaycanın ictimai, siyasi, təhsil, mədəniyyət, hərbi sahəsində mühüm rol oynayan azərbaycanlılar var. Demokratik cəmiyyətdə liderlərin daha sürətlə yetişməsi imkanı var, qeyri-demokratik cəmiyyətdə isə proses daha ləng gedir. Aysberqin görünməyən tərəfləri var. Ancaq, əmin ola bilərsiz, torpaq yetişdirir və bir gün bu liderlər parlayacaq.

– Vaxtilə Gürcüstan parlamentinə gürcü dilində mükəmməl danışa bilməyən həmyerlilərimizin seçilməsindən narazılıq edilirdi. İndi durum necədir? Nəyə görə parlamentə soydaşlarımızın hüquqlarını effektiv şəkildə qorumağı bacaran, mədəni irsimizə sahib çıxan soydaşlarımız seçilmirlər? Yeri gəlmişkən, 2024-cü ildə Gürcüstan parlamentinə seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək. Siyasi partiyalarda və bloklarda təmsil olunan azərbaycanlıların sayı nə qədərdir? Çünki vaxta az qalıb.

– Hazırda Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar gürcü dilini bilirlər. Ancaq təkcə dili bilmək problemləri həll etmək iqtidarında olmaq demək deyil. Mədəni irsimizə sahib çıxmaq üçün ilk növbədə milli-mənəvi dəyərlərə bağlı olmaq, bu dəyərləri yaşatmağın nə qədər önəmli olmasını dərk etmək lazımdır. Bu dəyərləri xalq olaraq yaşatmaq isə hər birimizin mənəvi borcudur.

Gürcüstan azərbaycanlılarının müxtəlif siyasi partiyalarda, iqtidar və müxalifətdə təmsil olunması çox sevindirici haldır. Hələlik siyasi partiyalarda və bloklarda nə qədər azərbaycanlının təmsil olunması ilə bağlı məlumatlar paylaşılmayıb, dəqiqləşən kimi bu məlumatlar ictimaiyyətə açıqlanacaq.

– İctimai rəy məsələsini təsadüfən xatırlatmadım. Dövlət müstəqilliyinin əldə olunması uğrunda aparılan mübarizə, ərazi bütövlüyünün pozulması və sair kimi məsələlərin bənzərliyi Azərbaycanla Gürcüstanı daha da yaxınlaşdırır. Bunu bu yaxınlarda ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin “Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq” fikri də təsdiqləyir. Gürcüstanın müstəqil dövlət kimi inkişafında Azərbaycan amilinin oynadığı misilsiz rol təkcə bizə deyil, beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur. Bundan başqa, artıq tarix sübut edib ki, separatizmə meylli ermənilərdən fərqli olaraq azərbaycanlılar yaşadıqları ölkələrin maraqlarına xəyanət etmirlər. Gürcüstanın köklü vətəndaşları olan azərbaycanlıların fədakarcasına öz ölkələrinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçdiyi, yerli cəmiyyətə sıx inteqrasiya etməyə çalışdıqları göz qabağındadır. Nədən bəzən soydaşlarımızın durumunu ağırlaşdıran xoşagəlməz hadisələr baş verir? Axı bu, Gürcüstanın mültikultural imicinə böyük zərbə vurur. Bunun fəqrində deyillərmi? Yaxşı ki, hər iki dövlətdə və cəmiyyətdə belə insidentlərin böyüməsinin qarşısını alan müdrik ictimai-siyasi və mədəniyyət xadimləri var… 

– Biz, Gürcüstan azərbaycanlıları, yaşadığımiz torpağa, çörəyini yeyib, suyunu içdiyimiz, havasını udduğumuz vətənimiz Gürcüstana bağlı millətik. Gürcüstan azərbaycanlıları Gürcüstanın ərazi bütövlüyü uğrunda gürcülərlə çiyin-çiyin vuruşub, canlarını fəda ediblər. Müəyyən xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Təəssüflər olsun ki, sistemdə müəyyən boşluqlar olduğu üçün belə hadisələrlə zaman-zaman rastlaşırıq. 2020-ci ildə COVID-19-un tüğyan etdiyi bir vaxtda Gürcüstan azərbaycanlıları olmazın təhqirə məruz qaldılar. Hətta dövlət işçiləri arasında da azərbaycanlıların ünvanına təhqiramiz sözlər işlədənlər oldu. Əlyazmalar İnstitutunun rəhbəri Zaza Abaşidze sosial şəbəkədə “hamısını kəndə qapatmalısan və orda məhv olsunlar” deyə bir paylaşım etmişdi və xalqımızın ünvanına təhqir dolu ifadələr işlətmişdi. Gürcüstan o vaxt güclü və sarsılmaz olacaq ki, bu ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri özlərini bu ölkənin tamhüquqlu vətəndaşı hiss edəcək, multikultural dəyərlərin necə vacib və mühüm olmasını dərk edəcəklər. Tolerant, multikultural və demokratik cəmiyyətdə xoşagəlməz hadisələrin, qarşıdurmaların baş verməsi mümkün deyil, bu sahədə yaşanan boşluqlar aradan qaldırılmalıdır, tolerant və multikultural dəyərlərin təbliği ilə bağlı ciddi işlər görülməlidir.

– Bu yaxınlarda bir qrup gürcü sənətkarı ölkəmizin mədəniyyət paytaxtı Şuşaya səfər etdilər. Onların füsünkar Şuşanın müxtəlif məkanlarında Azərbaycan mahnılarını oxumaları olduqca xoş hadisəydi. Bu hadisə Gürcüstanda necə qarşılandı?  

– Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə gürcü mədəniyyət xadimlərinin, müğənnilərin, blogerlərin, jurnalistlərin Qarabağa səfərləri təşkil edilmişdi. “Şuşa ili” çərçivəsində bu kimi səfərlər davamlı olaraq təşkil olunacaq. Qarabağa səfər edənlərin təəssüratlarını dilə gətirmək çətindir. Bir tərəfdə viran edilmiş, dağıdılmış yerlər, digər tərəfdə isə sürətlə aparılan yenidənqurma, bərpa işləri. Gürcülərlə ünsiyyətim zamanı bu səfərin onlarda necə böyük həyacan yaşatdığının şahidi oldum. Bu qədər qəddarlığı, vandalizmi görüb həm ağlayırdılar, həm də bu torpağın əsl sahiblərinin qayıtmasına, Qarabağın dirçəlməsinə sevinirdilər.

Gürcüstan separatizmdən əziyyət çəkir, bizim dövlətimizin ərazisinin 20%-i işğal edilib. Azərbaycanın öz ərazisini işğaldan azad etməsi, yenidənqurma, bərpa işlərinə başlaması Gürcüstanda da insanlar arasında bir ümid yaratdı ki, ədalətin bərpa edilməsi mümkündür. Arzu edirik ki, tezliklə Gürcüstanımız da Azərbaycan kimi öz ərazi bütövlüyünü bərpa etsin.

– Vaxtilə Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bir müddət Tbilisidə yaşayıb-yaradıblar. Onların irsləri necə qorunur? Deyəsən, görkəmli ədib Mirzə Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin təmir olunması məsələsində irəliləyiş var? Bununla bağlı məlumatınız varsa, oxucularımızla bölüşmənizi istərdim.

Tbilsidə Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun və Mirzə Cəlil Məmmədquluzadənin muzeyləri yerləşir. M.F.Axundovun muzeyində mütəmadi tədbirlər həyata keçirilir. Bu yaxınlarda M.F.Axundovun anadan olmasının 210 illiyi ilə əlaqədar olaraq Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Respublika İncəsənət Gimnaziyasının şagirdləri dramaturqun əsərləri əsasında hazırlanmış tamaşalardan parçalar nümayiş etdirdilər.

Nəriman Nərimanova gəldikdə isə, üzləşdiyimiz problemlərlə bağlı düşünürəm ki, ictimaiyyətin kifayət qədər məlumatı var. Mənim şəxsi təşəbbüs və iştirakımla Azərbaycan, eləcə də gürcü dillərində Nərimanovla bağlı bir sıra silsilə layihələr həyata keçirildi. Zaman göstərdi ki, belə layihələrin həyata keçirilməsi vaxtında atılan addım idi.

M.C.Məmmədquluzadənin Tbilisidəki  ev-muzeyi isə 1997-ci il oktyabr ayının 11-də açılıb. Muzeyin yerləşdiyi bina hazırda qəzalı vəziyyətdədir. Binada təkcə M.C.Məmmədquluzadənin ev-muzeyi yerləşmir. Həmin binada 15 ailə də yaşayır. Muzeylə bağlı vəziyyəti Azərbaycanın Gürcüstandakı səfirliyi gündəmdə saxlayır. Bu yaxınlarda cənab səfir Faiq Quliyev binada yaşayan sakinlərin nümayəndəsi və binanın möhkəmləndirilməsi üzrə layihə hazırlayan mütəxəssislərlə görüş keçirib, son vəziyyəti müzakirə edib. Səfirlik bu istiqamətdə Gürcüstanın aidiyyəti dövlət qurumları ilə danışıqlar aparır. Binanın fundament və divarlarının möhkəmləndirilməsi üçün tələb olunan vəsaitin 90 faizini Tbilisi meriyası öz üzərinə götürəcəyini bildirib, yerdə qalan hissəni isə sakinlər ödəməlidirlər. SOCAR-ın Gürcüstan nümayəndəliyi sakinlərin üzərinə düşən məbləği qarşılamağa hazır olduğunu bildirib. İki xalq arasında “mənəvi körpü” rolunu oynayan şəxsiyyətlərin mədəni irsini qoruyub saxlamaq və yaşatmaq mənəvi borcumuzdur.

– Müsahibəyə görə təşəkkürümüzü bildirir və sizə davamlı uğurlar arzulayırıq.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*