Xəbər verdiyimiz kimi, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Hacı Əli Şərbətovun “Məşədi Dadaş” məscidinə imam təyin edilməsinin doğru olmadığını bildirib.
Deputat qeyd edib ki, Ə.Şərbətov yaxşı ilahiyyatçı və din xadimi olsa da həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunmalı idi.
Mərhum ilahiyyatçı Hacı Şahinin tərəfdarlarının “Məşədi Dadaş” məscidini tərk etməsi barədə fikirlərini bölüşən Ceyhun Məmmədov vurğulayıb ki, insanların məscidlərdən uzaqlaşması onların nəzarətsiz qalmasına səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, “Yeni Sabah” məsələnin təfərrüatlarını araşdırarkən deputatın narahatlığı üçün ciddi əsasların olduğu üzə çıxıb. Məlum olub ki, həqiqətən də yeni təyinat “Məşədi Dadaş” məscidinin dini icmasını məyus edib. Buna səbəb kimi həmin posta dini icmanın öz namizədinin olması göstərilir.
Hacı Şahinin silahdaşlarından biri saytımıza açıqlamasında bu məlumatı təsdiq edib. Onun sözlərinə görə, “Məşədi Dadaş” məscidinə toplaşan insanlar vaxtilə mərhum Hacı Şahin Həsənli ilə yanaşı oturan, ondan müəyyən dini biliklər əxz edən dindarlardan birini imam postunda görmək istəyirmişlər. Onun fikrincə, yeni imamın Hacı Şahinin yetirmələri arasından seçilməsi daha məqsədəuyğun olardı.
Müsahibimiz həmin şəxsin Hacı Şahinin silahdaşlarından olan Hacı Ramil Bədəlov, yaxud yetirməsi Hacı Elbrus Kərimov ola biləcəyini düşündüklərini deyib. Amma yeni təyinat gerçəkləşdirilərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi onların rəyini nəzərə almayıb. Bu isə Hacı Şahinin tərəfdarlarını məyus etdiyi üçün onlar “Məşədi Dadaş”dan üz döndəriblər. Həmsöhbətimiz Hacı Şahinin tərəfdarlarının bundan sonra cümə və bayram namazlarını başqa məkanlarda qılacaqlarını bildirib. O, konkret ünvan göstərməkdən imtina edib.
“Yəqin ki, dindarlar bundan sonra cümə və bayram namazlarını mömin qardaşlarının evlərində və ya digər münasib məkanlarda qılmağa üstünlük verəcəklər”- deyə müsahibimiz fikrini tamamlayıb.
Qeyd edək ki, deputat Ceyhun Məmmədovun həyəcan təbili çalması da bu amillə bağlıdır. Azərbaycanın dini spektrinə yaxından bələd olan parlamentari heç də yekcins olmayan dindar cameənin nəzarətsiz qalmasının fəsadsız ötüşməyəcəyini yaxşı bilir. Onun bu gün ölkə gündəmini zəbt edən açıqlaması da xoşniyyətlidir və diqqəti gələcəkdə yaranacaq problemlərə yönəldir.
Qeyd edək ki, Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilib.
Bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib. Yeni təyinatdan sonra Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidindən ayrılması barədə xəbərlər yayılıb.
Məscidə kimə görəsə getməzlər, Allah xatirinə gedərlər. O adamlar ki hacı Şahindən sonra bu məscidi tərk ediblər onların imanında nöqsan var.
İcma və ya icmaya aid olduğunu iddia edənlərin narazıçılığınln yeri yoxdur. Dövlət kimi təyin edirsə ona tabe olmaq lazımdır.