Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bir müddət öncə köçüb getdiyi Qax rayonunun Ağçay kəndindən geri – paytaxta qayıdıb.
KONKRET.az xəbər verir ki, Modern.az saytına verilən məlumata görə, sabiq mer dünən Bakıda görünüb.
Saytımızı məlumatlandıran mənbə Hacıbala Abutalıbovun Bakıya daimi deyil, müvəqqəti gəldiyini bildirib. Onu Bakının Qaraçuxur qəsəbəsindəki evinin həndəvərində görüblər. Hacıbala Abutalıbovun paytaxta şəxsi məsələyə görə – sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur.
Əməkdaşımız sabiq merlə əlaqə saxlayaraq, ondan Bakıya gəlişinin səbəbini dəqiqləşdirməyə çalışsa da, Hacıbala Abutalıbov telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayır. Keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.
Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənov bir müddət öncə Modern.az-a açıqlamasında demişdi ki, Hacıbala müəllim kənd arasına çıxmır, vaxtını əsasən Ağçayda yerləşən villasının həyətində keçirir.
Hacıbala Abutalıbovun iki oğlu var və onların ayrı yaşadığı bildirilir.
H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin müavini təyin edilib.
21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib.
2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb.
O, hazırda YAP-ın Veteranlar Şurasının üzvüdür.
