Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş Nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.
KONKRET.AZ bildirir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.
Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.
Qeyd edək ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.
SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.
Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu vəzifəni 2000-ci ilədək icra edib.