“Regiondakı hadisələrin dinamikası göstərir ki, Qarabağda reinteqrasiya prosesi yaxın vaxtlarda başlaya bilər. Düzdür, Ermənistanın apardığı siyasət və Qarabağdakı qondarma rejimin proseslərə mane olması hadisələri bir qədər ləngitsə də, reinteqrasiya baş tutacaq. Düşmən ölkənin “humanitar fəlakət” şousu baş tutmayınca ermənilərin ümidləri hər yerdən kəsilir və çıxış yolu axtarırlar. Belə çıxış yollarından biri də qondarma rejimin “prezidenti” Araik Arutyunyanın istefa verməsidir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a açıqlamasında Araik Arutyunyanın istefasının səbəblərindən danışıb.
Bildirib ki, əslində, Araik vəziyyətin onun planlarına uyğun getmədiyini görüb bu addımı atdı:
“Onlar yaxşı başa düşürlər ki, bu cür siyasi gündəmlə o insanların qabağına çıxmaq mümkün deyil. Belə görünür ki, ərzaq çatışmazlığından heç bir əziyyət çəkmirlər. Amma insanlara deyirlər ki, sizin “acından ölməyiniz”lə biz dünyaya sübut etməliyik ki, Azərbaycan bizi soyqırıma məruz qoyub. Bu cür çağırışlarla, siyasi gündəmlə, siyasi planlarla adi insanların qarşısına çıxmaq heç bir nəticə verməyəcək.
Eyni zamanda, tək Araik yox, oradakı digər cinayətkarlar da deyirlər ki, bizim üç taktikamız var. Ya reinteqrasiyaya gedirik, ya silahlı mübarizə aparırıq və nəticədə hamımız məhv oluruq, ya da köçümüzü yığıb Ermənistana gedirik. Araik bildirib ki, real variantlar bunlardır. İndi bəllidir ki, onlar vəziyyəti ən düzgün şəkildə qiymətləndirilməlidir. Araik siyasi məsuliyyəti öz üzərinə götürməmək üçün postunu tərk edib. Qeyd edib ki, mən Azərbaycanla danışıqlar aparmaq üçün münasib insan deyiləm. Bilirsiniz ki, Azərbaycan onu hərbi cinayətlərdə ittiham edir. Mülki əhaliyə qarşı qadağan olunmuş silahlar istifadə etdiyinə görə beynəlxalq axtarışa verilib. Çox güman ki, onlar kimisə Azərbaycanla təmas qurmaq üçün hazırlayıb və danışıqları davam etdirəcəklər. Azərbaycan öz planlarına uyğun olaraq reinteqrasiya prosesini addım-addım irəli aparacaq. Bu hadisələrdən sonra ermənilər anlayıblar ki, heç kim gəlib onların yerinə Qarabağda vuruşan deyil. Ermənilərin BMT TŞ-dən aldığı cavab, satın aldıqları siyasətçilərin onlara kömək edə bilməməsi, Fransanın dəstəyinin yetərli olmaması erməniləri mövqeyini dəyişməyə vadar edib. Hesab edirəm ki, hadisələr Azərbaycanın planlarına uyğun müsbət yöndə inkişaf edəcək”, – deyə politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,
KONKRET.az