Yaxın saatlarda Yasamal Rayon Məhkəməsi vəkilin tələbi ilə həbsdə olan iş adamı Hafiz Məmmədovun işinə yenidən baxmağa başlayacaq.
KONKRET.az bildirir ki, bu barədə virtualaz.org-a Məmmədovun vəkili İsmayıl Kəngərli məlumat verib.
Onun sözlərinə görə, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.
“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”, – deyə Kəngərli bildirib.
Qeyd edək ki, ötən gün məhkəmənin həbs qətimkan tədbiri seçməsindən sonra Hafiz Məmmədov bir neçə saat Yasamal rayon polis idarəsində saxlanılıb, sonra isə 1 saylı istintaq təcridxanasına aparılıb.
Bu arada, redaksiyamıza daxil olan məlumata görə, həbsdə olan Hafiz Məmmədovun yaxın dostları iş adamının azadlığa buraxılması üçün 300 min manat toplaya biliblər. Vəsaitlər artıq Dövlət Vergi Xidmətinin hesabına köçürülüb.