“Bakı ilə sülh sazişinin mətni ilə bağlı danışıqlar aparılır”.
KONKRET.az xəbər verir ki, bunu mayın 3-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir və onlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.
Onun sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə nail olmaq, Azərbaycanla münasibətləri tənzimləmək, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin məqsədyönlü şəkildə təmin edilməsini təmin etməkdir.
O, bütün bu mövzuların danışıqlar masasında olmasını güman edir.
“Aydınlaşdırmaya ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Lakin sonda imzalanma mərhələsinə gəldiyi təqdirdə beynəlxalq hüquq sahəsində ekspertlər də mətn üzərində işləməlidirlər. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”, – deyə erməni deputat qeyd edib.
Xandanyan əlavə edib ki, bu mexanizmlər, beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə tərəflər tərəfindən razılaşdırılmalıdır.
O, davam edən danışıqların başa çatmasını gözləməyə çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az