Hazırda Rusiya ilə DOST olmaq Qərbə qarşı POST qurmaqdır – Azərbaycanı nə GÖZLƏYİR?backend

Hazırda Rusiya ilə DOST olmaq Qərbə qarşı POST qurmaqdır - Azərbaycanı nə GÖZLƏYİR?

BMT də Laçın dəhlizi ilə bağlı müzakirələr Azərbaycanda səs-küyə səbəb olmalıydı. Amma yaxşı mənada ajiotaj gözlədiyimiz vaxt ən böyük təşkilatın iri cinayətlərə dəstəkçi ampluası pisimizə gəldi. Laçın yolu açıqdır, lakin Fransa dəhlizin bağlanmasını pislədi, bəziləri problemin sülh yolu ilə həllinə çağırış pozisiyasında qaldı, Çin rus sülhməramlılara tərif yağdırdı və mülki şəxslərin hüquqlarına hörmətlə yanaşmağa çağırdı. ABŞ humanitar yük daxil, daşınmaların dərhal bərpasına səsləndi. Böyük Britaniyanın da oxşar bəyanatı qismən narahatlıq yaradır. Rusiya isə bütün deyilənlərin məcmusu kimi səthi və bənzər çağırış ifadə etdi.

– BMT TŞ 30 ilə yaxın Qarabağla bağlı 4 qətnaməni icrasız qoyub;

– Fransa erməni yalanlarının əsas müdafiəçisidir;

– Sülhə çağırış edənlər İrəvan və Bakı ilə normal münasibətlərin qorunması tərəfdarlarıdır;

– Rusiyadan sonra Qərbin əsas hədəflərindən biri Çindir. Ona görə də Pekin Moskva ilə yaxınlıq xəttinə xələl gətirmir, onların Qarabağdakı fəaliyyətini dəstəkləyir. O ki qaldı insan hüquqlarına hörmətlə yanaşmağa, bir zəhmət, əvvəlcə soyqırıma məruz qoyduqları uyğurların haqlarını tapdamasınlar;

– ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi İrəvandadır. Amerikada erməni lobbisi Fransadakı qədər güclüdür;

– London Vaşinqtonun böyük qardaşıdır və vahid Qərb siyasi xəttinin baş memarıdır. 4 əsrdir ki, eyni çörəyi yeyənlər “Əsrin Müqaviləsi”nə görə lavaşa keçməzlər;

– Rusiyanın da koridordakı hərəkətin bərpasını istəməsi lap gülüncdür. Çünki koridor bu ölkənin sülhməramlı kontingentinin nəzarətindədir və onlar o yolla ürəkləri nə istəsə, keçirirlər.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın paylaşdığı postda BMT müzakirələrinin Bakının xeyrinə olduğu əks olunur:

“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub. Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışlarına əməl etməlidir”.

Bəli, belə nüansları qabardanda BMT müzakirələrini Azərbaycanın xeyrinə yozmaq olar. Amma olardakı “ar-ər” qeyri-qəti gələcək zaman şəkilçisidir. Bizə isə qəti mövqe lazımdır. Situasiyadan konkret anlaşılan odur ki, dünyada qaynar nöqtələrlə yadda qalan soyuq müharibə gedir. İmperializmdə Rusiya, iqtisadiyyatdakı Çin dominantlığını aradan qaldırmaq üçün Qərbin müxtəlif gedişləri nəzərdə tutulub. Buna görə də, icazəsiz formada Moskva ilə Pekinə yaxınlıq edənləri tənbeh edirlər. Cənubi Qafqazda ən çox danlanacaq ölkə isə Ermənistandır:

– Ermənistan Rusiyanın cənub diyarlarından birinin vəziyyətindədir. Ölkədəki əksər strukturların fəaliyyəti Moskvadan idarə olunur;

– Ermənistan Rusiya ağalığında olan Avrasiya İqtisadi İttifaqının üzvüdür;

– Ermənistanın Kremlin tətik çəkdiyi KTMT-yə daxildir.

Lakin bütün bunlara üzvlük Paşinyanın dövründə baş verməyib və müqavilələri pozmaq ani, asan prosedur deyil. Nikol Qərbin adamıdır. Onun missiyası Rusiyanı, ilk növbədə Ermənistandan uzaqlaşdırmaqdır. Rusiyanın ümumən regiondan sürgünü isə Azərbaycandan asılıdır. Putin bunu çox gözəl anlayır və İrəvana təzyiq metodlarından istifadə edir. Şuşa-Xankəndi yolunda azərbaycanlıların ekoterrora qarşı etiraz aksiyası təqdirəlayiqdir. Amma bu yolun bağlanması, Azərbaycan gömrük, yaxud nəzarət postunun orada qurulması mövzusu aylardır ki, aktualdır. İnformasiya axınını, gündəmi idarə edən qüvvələrin olması heç kimə sirr deyil. Bəziləri bunu yuxarıdan gələn tezislə əsaslandırsa da, Azərbaycanda Rusiyanın 5-ci kolonu da var və onlar vaxtaşırı istədikləri mövzunun aktuallığını qabardırlar. Ümumi götürəndə özünüz də fərqinə varırsınız ki, 1 ay Naxçıvandan, 1-2 həftə Şuşadakı etirazdan, bir gün tıxacdan, 1 saat bahalaşan çörəkdən, 1 dəqiqə minimum əmək haqqının azlığından, 1 saniyə qazın limitsiz verilməsindən danışdığınız yerdə mövzular dəyişə, problemlər qalmaqalla əvəzlənə bilir. Amma Laçın və Zəngəzur koridorları məsələsi iki ildir ki, gündəmdən düşmür. Ermənilər Zəngəzur dəhlizinə öz nəzarətlərində olan yol kimi icazə verəcəklərini desələr də, koridor 2024-də açılacaq və 10 noyabr üçtərəfli bəyanatında qeyd olunduğu kimi dəhlizə nəzarət Rusiyanın öhdəliyində olacaq.

İndiki Ermənistan və havadarları isə Rusiyanın bölgəyə bu təsir gücü ilə barışmırlar və Nikolun əli ilə buna mane olmağa çalışırlar. Bəli, Putin də 30 il Bakıya təzyiq göstərdiyi Qarabağ kartı ilə İrəvanı sıxışdırmaq niyyətindədir. Laçın yolunun Bakının nəzarətində olması bütün azərbaycanlılar üçün haqlı arzu olsa da, Kreml üçün bu faktor İrəvana hədə xarakterlidir. Bu ultimatumlarda Bakının Moskvaya dəstək olduğunu düşünən Qərbin bizə qarşı çıxması normaldır. Amma belə fikirdə olmaqları anormaldır.

Düzdür, Rusiya ilə müttəfiqlik bəyannaməmiz var. Amma…

Əvvəla Azərbaycan nə Avrasiya İqtisadi İttifaqı, nə də KTMT üzvüdür. İkincisi, Rusiya ilə Belarus qədər yaxın olmaq sərf eləmir. Çünki ölkəmiz Rusiyanın üzləşdiyi sanksiyalara tab gətirəcək bazaya sahib deyil. Bizim əsas ixrac potensialımız neft-qazdır və bunu Avropaya nəql edirik. Köhnə qitə qaz kəmərləri, neft borularımıza stop qoysa, Odlar Yurdu sönər, burada həyat dayanar. İndiki manatımız o vaxtkı “qız qalası” qədər xırdalanar. Çörək növbələrinin qarşısını almaq üçün isə gizli planlaşdırılan yeni SSRİ-nin üzvlüyünə məcbur qala bilərik. Stalin repressiyalarının Putin təkrarı, üçüncü dünya müharibəsi, 2091-ci ildə müstəqilliyi bərpa etmək, bir sözlə, XX əsrin ssenarisinin XXI yüzillikdə təkrarını yaşamaqdan qorunmaq üçün balanslaşdırılmış xarici siyasət aparılmalıdır. Bunun ən yaxşı yolu ikili standartların tətbiqidir. Bizim kimi xırda dövlətlərin ikili standartları isə həm Qərbin, həm də Şimalın maraqlarına cavab verməkdən ibarətdir.

• Saakaşvilinin indiki vəziyyətini məzhəkəyə qoyanlara Rusiyanın fəxri mükafatları təqdim olunsa, təəccüblənmərəm.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*