Heç nəyi olmayan xalq dünyaya necə hökmran oldu – Tarixdə ikinci belə hal yoxdurbackend

Heç nəyi olmayan xalq dünyaya necə hökmran oldu - Tarixdə ikinci belə hal yoxdur

Əkrəm Həsənov, tanınmıış vəkil

Facebook dostlarımdan biri (savadlı insandır) yazıb ki, ərəbləri gördükcə təəccüb edir: necə olub ki, bizə öz inanclarını yeridiblər, axı onlarda nümunəvi bir şey yoxdur. Əslində, bu fikir İslamın Haqq olduğuna dəlalət edir. Ateist olduğum dövrdə o cümlədən bu cür (məhz bu cür, sırf konkret belə fikir yox!) düşüncələr məni İslama gətirdi. Sonradan isə (xüsusilə həcc edərkən) imanımı gücləndirdi.
Digər dinlərdən fərqli olaraq, İslam bir xalqa deyil, bütün bəşəriyyətə göndərilib. Ərəblər elm, mədəniyyət, hərb və s. sahələrdə geridə qalmış millət idi. Yaşadıqları ərazi də təbii resurslar baxımdan kasıb idi. İslam gələndən sonra isə heç 100 il keçmədi ki, Xilafət dünyanın elm, mədəniyyət, siyasət, iqtisadiyyat, hərb mərkəzi oldu! Tarixdə ikinci belə hal yoxdur! Möcüzədir! Uca Allah bununla dininin möhtəşəmliyini göstərir. Heç nəyi olmayan xalq dünyaya hökmran oldu! Amma hökmranlığı da etnik prinsip üzərində qurmadı. Xilafətdə millətçilik və irqçilik olmayıb! Farslar, türklər və digər xalqlar da bu birliyin tamhüququqlu üzvləri və rəhbərləri oldular. Peyğəmbər (SAS) demişdir ki, ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur, bir cür dərili digər dərilidən üstün deyildir. Müasir Qərb ölkələri bu yanaşmanı məhz Şəriətdən götürüb! Bu nümunə deyilsə, bəs nədir?
Ərəblər dini zorla qəbul etdirməyib. Bunu Qərb tarixçiləri də təsdiq edir. Məsələn, İspaniya fəth ediləndə ərəblərə yerli yəhudilər dəstək vermişdi. Niyə? Çünki, xristianlardan fərqli olaraq, müsəlmanların dini dözümlüyü artıq bəlli idi. Bizim “qılınc müsəlmanı” olmağımız isə sırf Səvəfi dövrünə aiddir. Bu baxımdan “qılınc şiəsi” termini daha düzgündür. Qızılbaşlar bizə şiəliyi zorla qəbul etdirib. Ərəblər İslamı zorla qəbul etdirirdisə, niyə elə həmin İspaniyada xristianlar və yəhudilərin xeyli hissəsi dinində qaldı? Niyə gürcülərin hamısı müsəlman olmadı?..
Müsəlmanlar dinlərinə sıx bağlı olduqları dövrdə ucaldılar, dinlərindən uzaqlaşdıqca alçalmağa başladılar (digər dinlərin nümayəndələrində isə bunun əksini görürük: dindən uzaqlaşdıqca uğurlu oldular!). Bütün sahələrdə, o cümlədən elmdə, mədəniyyətdə və s. liderliyi əldən verdilər. Ötən il Rusiyada futbol üzrə dünya çempionatı zamanı hamı təəccüb edirdi ki, stadionlarda ən təmizkar azarkeşlər Səudiyyə Ərəbistanından olanlar idi (oyunlardan sonra arxalarınca hər şeyi təmizləyib gedirdilər). Görün nə həddə gəlib ki, vaxtilə Səlib yürüşləri zamanı elmi, mədəniyyəti və elementar gigiyena qaydalarını müsəlmanlardan öyrənən Qərb bu gün müsəlmanların mədəniyyətli olmasına təəccüb edir! Təəccüblü deyil ki, bu gün İslamı daha çox məhz Qərbdə qəbul edirlər!
Odur ki, nümunəni hansısa xalqda, o cümlədən ərəbərdə axtarmaq lazım deyil. Nümunə İslamda və müsəlmanlardadır. O müsəlmanlarda ki, dinlərini olduğu kimi yaşayırlar. Belələrinin sayı Allahın izni ilə getdikcə artacaq. O cümlədən tədricən özü-özünə təəccüblü suallar verməyə başlayan insanlar hesabına…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*